Türk Şurasının Bakı Zirvə
görüşünə hazırlıq məsələləri
müzakirə olunub
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib. Nazir ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edib, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.
Bağdad Amreyev, öz növbəsində, Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini vurğulayıb.
Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı Zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıblar.
Sonda Xarici
İşlər naziri Elmar
Məmmədyarov Türk
Şurasının Baş katibi
Bağdad Amreyevə, habelə onun müavinləri Qismət Gözəlova və
Ömer Kocamana “Azərbaycan
diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley
medallarını təqdim edib.
Azərbaycan.-
2019.-5 sentyabr.- S.2.