Asiya regionundakı ölkələrin bir
çoxunda iqtisadi inkişaf sürətlə gedir
Sentyabrın 5-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş Nazirin müavini Asiyanın müxtəlif dinlərin və mədəniyyətlərin cəmləşdiyi böyük bir region olduğunu bildirib. Qeyd edib ki, bu regiondakı ölkələrin bir çoxunda iqtisadi inkişaf sürətlə gedir. Bununla paralel olaraq, regionda baş verən münaqişələr nəticəsində yoxsulluqdan əziyyət çəkən ölkələr də var. Bu baxımdan ICAPP-ın üzərinə mühüm məsuliyyət düşür.
Baş Nazirin müavini, həmçinin vurğulayıb ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ICAPP-ın beynəlxalq tədbirlərində iştirak edir və fəaliyyətini dəstəkləyir.
Əli Əhmədov qeyd edib ki, Azərbaycan son illər bir sıra regional və beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edir. O, ümidvar olduğunu bildirib ki, sentyabrın 6-da işə başlayacaq ICAPP Gənclər Birliyinin və Qadınlar Birliyinin Bakı Konfransı bu nüfuzlu beynəlxalq qurumun daha da inkişaf etməsi işinə öz töhfəsini verəcək.
ICAPP-ın Baş
katibi Park Ro-byug və Koreya parlamentinin üzvü Lee Sang Don
təşkilatın Azərbaycan hökuməti ilə əlaqələrindən
bəhs ediblər. Azərbaycanda olmaqdan məmnunluğunu
ifadə edən Park Ro-byug
qonaqpərvərliyə görə minnətdarlığını
ifadə edib. O, eyni zamanda, ICAPP ilə YAP-ın əməkdaşlığından
danışıb. Baş katib
qeyd edib ki, ICAPP-ın daimi komitəsinin
23 üzvü arasında YAP da təmsil olunur. Bu göstərir ki, Azərbaycan
Asiya regionunda önəmli
yerə malik bir
ölkədir.
Azərbaycan.- 2019.-6 sentyabr.- S. 3.