“Ömür boyu
Prezidentimizə, Mehriban xanıma borclu və minnətdar
olacağıq”
İlham
Əliyevin tapşırığı və nəzarəti
altında tikilən onlarla evdə sakinlər yeni həyata
başlayıblar
...7 ay öncə, fevralın 5-dən
6-na keçən gecə Şamaxıda baş verən zəlzələ
nəticəsində xoşbəxtlikdən insan tələfatı
olmamışdı. Amma xeyli sayda sosial-iaşə
obyektinə ciddi ziyan dəymiş, insanlar qorxulu, həyəcanlı
anlar yaşamışdılar.
Həmişə xalqının
ağır günündə ona dəstək verən Prezident
İlham Əliyev bu təbii fəlakət zamanı
şamaxılıların yanında oldu və evləri
yararsız duruma düşən sakinlərə təskinlik verdi, söylədiyi fikirlər əhalidə
ruh yüksəkliyi yaratdı. Prezident vəziyyətlə tanış olub əhalinin müraciətlərinə
diqqətlə baxılması, evlərə, həmçinin
sosial və infrastruktur obyektlərinə dəymiş
ziyanın aradan qaldırılması üçün
müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini
verdi.
Sakinlərlə söhbət
zamanı Prezident dövlətin zəlzələnin nəticələrinin
aradan qaldırılmasını öz üzərinə
götürdüyünü və bütün qəzalı
evlərin qısa müddət ərzində ya bərpa ediləcəyini,
ya da yenidən tikiləcəyini bildirdi: "Təbii ki, belə
hadisə baş verəndə mən mütləq burada,
yanınızda olmalı idim ki, ilk növbədə, sizə
öz dəstəyimi göstərim, digər tərəfdən,
vəziyyətlə tanış olum. Dağıntılar
var, xoşbəxtlikdən insan ölümü olmayıb.
Onu da bildirməliyəm ki, bütün qəzalı
evlər qısa müddət ərzində ya bərpa ediləcək,
ya da yenidən tikiləcək. Komissiya
işləyir, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları
buradadır, yerli icra hakimiyyəti də işləyir. Hələ ki, bu vəziyyətdən əziyyət
çəkən vətəndaşların məskunlaşması
ilə bağlı məşğuldurlar. Eyni
zamanda tezliklə bu evlərin bərpası, yenidən tikilməsi
nəzərdə tutulur. Müvafiq sərəncam
imzalanacaq, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaq”.
Prezidentin bu fikirlərindən
sonra sakinlər bir daha əmin oldular ki, evləri yenidən bərpa
olunacaq və ya yenisi tikiləcək.
Elə həmin gün dövlət
başçısı baş vermiş zəlzələlər
nəticəsində Şamaxı, İsmayıllı və
Ağsu rayonlarında evlərə, sosial və infrastruktur
obyektlərinə dəymiş ziyanın aradan
qaldırılması üçün 2019-cu ilin dövlət
büdcəsində nəzərdə tutulmuş Prezidentin
Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılması haqqında
sərəncam imzaladı.
Zəlzələdən cəmi bir ay
conra, martın 7-də isə Şamaxıya səfər edən
dövlət başçısı İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva yeni inşa edilmiş evlərlə
tanış oldular, sakinlərlə
söhbət etdilər. Prezident İlham Əliyev Ağsu
rayonunda da görülən işlərlə yerində tanış oldu. Həmin gün Şamaxı,
İsmayıllı və Ağsu rayonlarında
yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə
dəymiş ziyanın aradan qaldırılması işlərinin
davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan daha
11 milyon manat vəsait ayrıldı.
İndi Şamaxıda tam
başqa ab-hava var. Şahidi olduğumuz mənzərə həqiqətən
də xoş təəssürat yaradır. Çünki
zəlzələdən ötən müddətdə burada
çox böyük tikinti-quruculuq işləri
aparılıb. Müvəqqəti olaraq
sığınacaqlarda yerləşdirilən ailələrin əksəriyyəti
yeni mənzilinə köçüb. Elə biz də
onların xoş anlarına şahidlik etmək
üçün yeni mənzillərinin qapılarını
döydük...
"Ağbirçək ana
kimi Prezidentimə, onun xanımı Mehriban Əliyevaya minnətdaram. Çünki
bizi darda qoymadı, harayımıza yetişdi. Köhnə evlərimizin yerində əvvəlkindən
daha yaxşısını tikdirdi. Baxın,
evlərimizin bütün əşyaları da alınıb.
Heydər Əliyev Fondu iki aya bizə təzə ev tikib verdi. Bizə bu gözəl
şəraiti yaratdıqlarına görə ömür boyu
Prezidentə, onun həyat yoldaşına borclu və minnətdar
olacağıq. Vallah, belə Prezident
heç yerdə yoxdur. Mehriban
xanımın insanlara qayğısını, etdiyi
yaxşılıqları Allah balalarının, nəvələrinin
qarşısına çıxarsın. Tanrı
Prezidentimizi qorusun. Nə yaxşı ki,
İlham Əliyev kimi rəhbərimiz var”.
Zəlzələ nəticəsində
yaşadığı mənzili tam qəzalı vəziyyətə
düşən Mehparə Bağırova indi yeni tikilən 4
otaqlı evində xoş günlərini yaşayır. Danışdıqca
sevinc göz yaşlarını da saxlaya bilmir. 38 ildir
Şamaxıdakı 1 saylı orta məktəbdə müəllimə
işləyən Mehparə xanım həyətdə oynayan nəvələri-
Nahid və Nihadı göstərərək deyir: "Nəvələrimin
gələcəyi üçün, onların rahat, xoşbəxt
yaşamaları üçün bizə yardım edən
dövlət başçımıza minnətdaram. Bu ev Prezidentin nəvələrimə, ailəmə
hədiyyəsidir. Allah Mehriban xanıma da yar
olsun. Onun tapşırığı ilə
Heydər Əliyev Fondu bizi evsiz qoymadı. Hər zaman insanların qayğısına qalan, kimsəsizə
əl tutan Mehriban xanımı Allah bu xalqa çox görməsin”.
Zəlzəldən öncə
qızı və iki nəvəsi ilə Təbriz
küçəsində 2 otaqlı mənzildə yaşayan
Mehparə Bağırovanın sözlərinə görə
əvvəlki evləri 1953-cü ildə tikilibmiş. Zəlzələ
nəticəsində köhnə evin əksər divarları
qəzalı duruma düşüb. Zəlzələ
ilə əlaqədar yaradılmış xüsusi
komissiyanın rəyindən sonra Heydər Əliyev Fondunun
"Regional İnkişaf” İctimai Birliyi tərəfindən
Bağırovlar ailəsi üçün yeni 4 otaqlı, tam
təmirli mənzil inşa olunub.
Zəlzələ nəticəsində
evləri tam yararsız hala düşən Süleymanovlar ailəsi
də böyük sevinc içərisindədir. Ev sakini Fəxri
Süleymanov deyir ki, zəlzələ nəticəsində
1923-cü ildə tikilmiş köhnə evləri ciddi zərər
görmüşdü. Ancaq tezliklə, cəmi
2 aya dövlət onlara tam təmirli yeni mənzil tikib.
Fəzri Süleymanovun qızı
Ellada Süleymanova isə bizimlə söhbətində
bildirdi ki, zəlzələ onlara böyük həyəcan
yaşatsa da, Prezidentin Şamaxıya səfəri zamanı
söylədiyi fikirlər hamı kimi onlara da böyük təsəlli
olub: "Cənab Prezident Şamaxıya gəlib insanlarla səmimi
görüş keçirdi və dedi ki, ciddi zərər
görmüş evlər söküləcək. Bizim də evimizə ziyan dəymişdi. Mənzildə yaşamaq qorxulu idi. Mart ayının 7-də Birinci vitse-prezident Mehriban
xanım Əliyeva da dövlət başçısı ilə
Şamaxıya gəlmişdi. Biz də
görüşə getmişdik. Orada
Mehriban xanıma vəziyyətimiz barədə məlumat
verdik. Birinci xanım dedi ki, mütləq ev
söküləcək və daha yaxşısı tikiləcək.
Bir müddətdən sonra Heydər Əliyev
Fondunun "Regionların İnkişafı” İctimai
Birliyinin nümayəndələri evə baxış
keçirdi və köhnə mənzilimiz sökülərək
yerində əvvəlkindən daha möhtəşəm ev tikildi”.
Ellada Süleymanovanın sözlərinə
görə, artıq neçə müddətdir ki, yeni tam təmirli
3 otaqlı mənzillərində xoşbəxt həyat
sürürlər və onları bu acınacaqlı durumdan
xilas edən ölkə Prezidentinə, Mehriban xanım
Əliyevaya hər zaman duaçıdırlar: "Bunu
bütün Azərbaycan xalqı bilir ki,
ölkə Prezidenti hər zaman xalqın yanındadır. Heç bir problem Prezidentin diqqətindən
yayınmır və daim xalq üçün böyük
işlər görür. Onu da deyim ki,
bizim də harayımıza ilk yetişən Prezidentimiz oldu.
Mehriban xanım da bizi çarəsiz durumda
qoymadı. Şamaxı sakini olaraq ailəmiz
adından dövlət başçımıza, Mehriban
xanım Əliyevaya dərin təşəkkürümü
bildirirəm. Hər zaman insanların
qayğısına qalırlar, kimsəsizlərə, xəstələrə
yardım edirlər”.
Yaradılmış xüsusi
komissiyaya Ağsu, Şamaxı və İsmayıllı
rayonları üzrə 10 min 649 müraciət daxil olub,
onlardan 10 min 608-nə baxılıb. Qəzalı
vəziyyətdə olan fərdi yaşayış evlərinin
yenidən tikilməsi üçün layihə
institutlarında smetalar hazırlanıb, bu gün də
işlər davam edir. Artıq bərpaya
ehtiyacı olan evlərlə bağlı komissiyaların rəyi
təsdiqlənib.
Tikilən evlərin keyfiyyəti
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai
Birliyinin daim diqqətindədir. Tikilən və bərpa
edilən evlərin keyfiyyəti ilə bağlı texniki
qruplar mütəmadi olaraq hər 3 rayonda inşaat işlərinə
nəzarət edir. Bu günə kimi təhvil
verilən evlərin keyfiyyəti ilə bağlı vətəndaşlardan
şikayət daxil olmayıb.
Birinci vitse-prezident Mehriban
Əliyevanın tapşırığı əsasında
"Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri
və könüllüləri Ağsu, İsmayıllı və
Şamaxı rayonlarında zəlzələdən zərər
çəkmiş evlərin sakinləri ilə
görüşərək, onların problemlərinin həlli
istiqamətində dövlət qurumları ilə birlikdə
sıx işləyib, insanlara mənəvi dəstək göstəriblər. Həmçinin
"Regional İnkişaf” İctimai Birliyi tərəfindən
rayonda bir sıra sosial obyektlərin tikintisi nəzərdə
tutulub.
Həsən Qasımzadənin
sözlərinə görə, qəzalı evlərin
sayı 847-dir. Ümumilikdə 547 ev tikiləcək.
İndiyədək 251 ev tikilib, 257-si isə
tikiləcək. Şamaxı şəhəri ərazisində
müxtəlif səbəblərdən yerində tikintisi
mümkün olmayan fərdi yaşayış evlərinin
sakinləri üçün dördmərtəbəli 44 mənzilli,
beşmərtəbəli 20 mənzilli və beşmərtəbəli
110 mənzilli yaşayış binalarının tikintisinə
başlanıb.
Göründüyü kimi,
bu gün Şamaxıda zəlzələdən ziyan çəkən
sakinlər üçün həm fərdi, həm də
çoxmərtəbəli yaşayış binalarının
tikintisi davam etdirilir. Dövlət
başçısının tapşırığına
uyğun olaraq tezliklə, yəni qış ayları
başlamamış mənzillər sakinlərə təhvil verilməlidir.
Biz isə yeni evlərinə
köçən sakinlərlə görüşlərimizi və
tikilməkdə olan hündürmərtəbəli binalarda
görülən işlərlə
tanışlığımızı davam etdiririk.
(Ardı var)
Rəşad
BAXŞƏLİYEV,
Elçin
CƏFƏROV
Azərbaycan.- 2019 .- 7 sentyabr .- S. 1; 3.