Yeni Azərbaycan
Partiyasının təşəbbüsü
ilə növbəti qanvermə aksiyası təşkil olunub
Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü
ilə növbəti qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər
verir ki, partiyanın İcra Katibliyində təşkil
olunan aksiyada Azərbaycan Respublikası
Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri,
deputatlar, YAP-ın Bakı şəhəri və Abşeron rayon təşkilatlarının üzvləri
iştirak ediblər.
YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri
Siyavuş Novruzov bildirib ki, bu
aksiya partiya üzvlərinin vətənpərvərliyindən,
onların ölkəmizdə
həyata keçirilən
bütün xeyirxah işlərdə fəallıq
göstərməkdə maraqlı
olmasından xəbər
verir. Bu aksiyanın məhərrəm ayına
təsadüf etdiyini deyən S.Novruzov qeyd edib ki,
dini mərasimlər dövründə dindən
kənar hərəkət
etmək olmaz: "Kimsə Aşura günü zəncir vurur, başını yarır, amma bunların heç biri olmaz, çünki
Quran qadağan edir. Allah da buyurub
ki, heç kəs öz bədəninə ziyan vura bilməz. Ona görə də ən düzgün yol qan verməkdir.
Aşura
günü insanlar məscidlərə gedib qan versinlər”.
Bu təşəbbüsün əhəmiyyətini
vurğulayan S.Novruzov deyib ki, aksiya
irsi qan xəstəliklərindən əziyyət
çəkən insanlara,
o cümlədən uşaqlara
böyük yardım
edəcək. Partiyamızın üzvlərinin aksiyada
fəal iştirak etdiyini deyən S.Novruzov söyləyib ki, YAP bu cür
təşəbbüslərlə mütəmadi olaraq çıxış edir və belə aksiyalar gələcəkdə
də davam edəcək.
Qanvermə aksiyasının humanist xarakterli
tədbir olduğunu deyən YAP icra katibinin müavini bildirib ki, partiyanın
üzvləri bu təşəbbüsləri ilə
həm də nümunə göstərirlər. Müxalifət
nümayəndələrini də bu aksiyaya
dəvət edən S.Novruzovun sözlərinə
görə, onlar indiyə qədər nə qanvermə, nə ağacəkmə, nə də digər xeyirxah tədbirlər keçirməyib,
əksinə, görülən
müsbət işlərə
kölgə salmağa
çalışıblar, öz
fəaliyyətlərini, söyüş,
təhqir, böhtan üzərində qurublar.
Aksiyada iştirak
edən B.Eyvazov adına Elmi-Tədqiqat
Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova da Yeni
Azərbaycan Partiyasının
bu təşəbbüsünü
yüksək dəyərləndirib.
O vurğulayıb ki, partiyanın hər il belə
aksiya təşkil etməsi çox humanist addımdır. Yığılan qanlar talassemiya,
hemofiliya, digər qan xəstəliklərindən
əziyyət çəkən
insanlara veriləcək.
Bu qanlar əvvəlcə
laboratoriyalarda yoxlanılacaq.
Yaşı 18-65 olan sağlam
insanlar qan verə bilərlər.
Burada insanlar qan verməmişdən
əvvəl həkim müayinəsindən keçirlər.
İnfeksion xəstəliklər keçirmiş, şəkərli
diabet, zob, ürək çatışmazlığı
olan, əməliyyat keçirmiş insanlar qan verə bilməz.
Qanvermənin müsbət cəhətləri
də var. Belə ki, təzyiq yüksəkdirsə qan verdikdən sonra bu normallaşır, qan yaradan orqanların
fəaliyyəti yüksəlir,
ürək fəaliyyətinə
müsbət təsir
edir. Ən əsası, insanlar
özlərini xoşbəxt
hiss edirlər ki, qan verməklə qana ehtiyacı olan insanlar üçün
yardım göstərirlər.
Qeyd edək ki, qanvermə
aksiyasında ümumilikdə
300 nəfər iştirak
edib.
Azərbaycan.- 2019.- 7 sentyabr.- S.2.