Xaricdə magistr təhsilinə dair müsabiqənin qalibləri Azərbaycanın xarici siyasətinin uğurları barədə məlumatlandırılıb

 

"Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qaliblərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşü olub. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Gənclər Fondundan məlumat verilib.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun da iştirak etdiyi görüşdə Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev gənclərin ölkəmizin xarici siyasəti, eləcə də turizm, nəqliyyat, ticarət sahələrində gördüyü işlər barədə suallarını cavablandırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dövlət quruculuğunun bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıb. Azərbaycan Respublikası, sözün əsl mənasında, müstəqil xarici siyasət yürüdən ölkədir. Bu müstəqil siyasətin əsasını Azərbaycanın milli maraqları və ölkə vətəndaşlarının mənafeyinin qorunması təşkil edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu strategiya tarixi təcrübəni, geosiyasi reallıqları nəzərə alaraq çoxistiqamətli və tarazlaşdırılmış əsasda praqmatikrealist prinsiplərlə həyata keçirilir. Gərgin və nizamsız beynəlxalq münasibətlər şəraitində ölkəmiz beynəlxalq hüququn norma və prinsipləri əsasında xarici siyasət yürüdərək heç bir dövlətin daxili işlərinə qarışmır və özünündaxili işlərinə qarışmağa heç bir dairəyə imkan vermir.

 

Azərbaycan.- 2019.- 7 sentyabr.- S.2.