Xəzəri əvəzsiz edən yalnız nefti deyil

 

Təkcə bu il dənizə 130 milyondan çox balıq körpəsi buraxılmışdır

 

Ölkəmizdə xüsusi diqqət ayrılan sahələrdən biri balıqçılıqdır. "Balıqçılıq haqqında” qanun hələ 1998-ci ildə qəbul olunmuşdur. Qanunda ölkədə balıqçılığın təşkili, idarə edilməsi, balıq resurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsasları müəyyən edilmişdir. 2014-cü ildə isə qanuna müəyyən dəyişikliklər olunmuşdur. Bu qanun çərçivəsində Azərbaycanda akvakulturaların yaradılmasına ildən-ilə diqqət artır və dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, qeyd edək ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində akvakulturaların yetişdirilməsi bütün dünyada mühüm əhəmiyyət kəsb edən vacib məsələlərdən sayılır. BMT-nin Ərzaq və Aqrar Təsərrüfatı Təşkilatının hesabatında göstərilir ki, 2014-cü ildə dünya üzrə 164,3 milyon ton balıq istehsal edilmişistehsal olunan balığın 50 faizindən, yəni tən yarısından çoxu akvakultura təsərrüfatlarında yetişdirilmişdir.

Akvakulturaların yaradılmasının dünyada çox qədim tarixi mövcuddur. Çin ərazisində təxminən 4 min il əvvəl balıqların süni yetişdirilməsi üçün nohurlar yaradılmışdır. Roma imperiyasında isə Aralıq dənizinin sahillərində şorsulu laqunlarda balıq yetişdirilirdi. Sakit okeanın çoxsaylı adalarının sahillərində də balıq yetişdirilməsi üçün kiçik körfəzlərdən və buxtalardan istifadə olunmuşdur. Azərbaycanda isə balığın süni yetişdirilməsi üçün ilk təcrübələr XIX əsrin sonlarına aiddir. Artıq 1901-ci ildə rus alimi N.A.Borodin Kürün üstündəki "Borodin” vətəgəsində Kür nərələrinin yetkin kürüsünü əldə etmişdir. O illər nərələrin süni artırılması nəticəsində 2,4 milyondan çox uzunburun nərənin və 560 min Kür nərəsinin körpələri yetişdirilərək dənizə buraxılmışdır.

Onu da qeyd edək ki, 1954-cü ildə nərəkimilərin süni artırılması üçün dünyada ilk nərəbalıqartırma zavodu Azərbaycanda tikilib istifadəyə verilmişdir. Həmin illər qızıl balığın süni artırılması təşkil edilmişdir. Artıq ötən əsrin ortalarında iki belə balıqartırma zavodu qurulmuşdur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ölkədə balıqartırma zavodları istifadəyə verilmişdir. 2000-ci ildə ölkədə belə müəssisələrin sayı 12-yə çatmışdır. Eyni zamanda, özəl sektorun təmsilçiləri kiçik göllər yaradaraq balıq yetişdirməyə başlamışlar.

Sonrakı illərdə də dövlət bu istiqamətdə ciddi addımlar atmış, balıqların artırılmasına və mühafizəsinə çəkilən xərclər nəzərəçarpacaq dərəcədə artmışdır. 2000-ci ildə bu istiqamətdə çəkilən xərclər 124,8 min manat olmuşsa, 2005-ci ildə həmin rəqəm 467 min, 2010-cu ildə 1,782 milyon, 2017-ci ildə 3,1 milyon manata çatmışdır. O cümlədən süni balıq artırılmasına 2000-ci ildə 106,1 min manat xərclənmişsə, 2017-ci ildə həmin məbləğ 2,8 milyon manat olmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycanda vətəgə əhəmiyyətli balıq körpələrinin yetişdirilməsinə xüsusi diqqət yetirilir. Statistik rəqəmlər də bu növ balıqların sayının ildən-ilə artmasını sübut edir. (Məlumat üçün bildirək ki, vətəgə əhəmiyyətli balıq növlərinə nərəkimilər, qızıl balıq, çəkikimilər və bitki ilə qidalanan balıqlar aiddir). Əgər təbii su hövzələrinə və anbarlarına buraxılan bu növ balıqların ümumi sayı 2010-cu ildə 427 milyon idisə, 2017-ci ildə həmin rəqəm 10 milyon ədəd artaraq 437 milyona çatmışdır.

Bu ilin statistik rəqəmlərinə gəldikdə isə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 130,9 milyon balıq körpələrinin 127,8 milyonu bitki ilə qidalanan balıqlar, 2,6 milyonu çəkikimilər, 0,3 milyonu nərəkimilərdir.

2019-cu ilin birinci yarısında vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 907,4 min manat sərf olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, bu vəsaitin 80 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 20 faizi balıqçılıq təsərrüfatı üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənmişdir.

Xəbər verildiyi kimi, bu il avqustun əvvəlində Pirallahı rayonunda "Nərəkənd” balıqyetişdirmə kompleksi layihəsi çərçivəsində yaradılan "NərəMİZ” balıqyetişdirmə zavodunun açılışı olmuşdur. Təməli 2017-ci ildə qoyulan kompleksin ümumi sahəsi 6 hektardır. İllik istehsal gücü ilkin mərhələdə 100 ton nərə, 25 ton çökə əti və 4 ton qara kürüdən ibarət olacaq. "NərəMİZ” balıqyetişdirmə zavodunda müasir texnologiyalarla suyun təkrar dövriyyəsini təmin edən qapalı tipli ferma inşa edilmişdir. Burada yetişdirilən nərə balığı inkubasiya olunmuş yumurta mərhələsindən etibarən təxminən 2 il müddətinə 5 kiloqram əmtəə çəkisinə çatdırılacaq. Ümumi illik istehsalat həcminin 200 ton balığa və 20 ton kürüyə çatdırılması planlaşdırılır.

Bu layihənin icrası ölkədə qeyri-neft sektorunun inkişafı, o cümlədən idxalı əvəzləyəcək məhsulların istehsalı baxımından mühüm əhəmiyyətə malikdir. Akvakulturaların inkişafında yeni yaradılan müəssisələr həm də bu işlə məşğul olan sahibkarlar üçün pilot layihəsi kimi xüsusi əhəmiyyət kəsb edir.

Bütün görülən tədbirlərə, əldə olunan göstəricilərə baxmayaraq, Azərbaycanda balıqçılıq sahəsində daha yüksək nəticələrə nail olmaq mümkündür. Məsələn, Xəzərdə marikulturanın yetişdirilməsi və inkişafı məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var. Bundan əlavə, Xəzərin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaratmaq mümkündür. Mütəxəssislərin hesablamalarına görə, akvakulturamarikultura fəaliyyətinin genişləndirilməsi balıq məhsullarına olan daxili tələbatı tam ödəməkdən başqa, yeni ixrac imkanları da yarada bilər.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 7 sentyabr.- S.1; 3.