MOK-da Əməkdar məşqçi Vahid Nəzərovun 60 illik yubileyi qeyd olunub

 

Sentyabrın 6-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim Vahid Nəzərovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev, baş katibin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Ağır Atletika Federasiyasının, eləcə də ölkənin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yubiley mərasimindən əvvəl Vahid Nəzərovun idman fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə ölkənin idmanOlimpiya hərəkatında xüsusi xidmətləri olan Vahid Nəzərovu təbrik edərək yubilyara xoş ürək sözlərini çatdırıb. Vurğulayıb ki, o, karyerası ərzində özünü prinsipial, zəhmətkeş, peşəkar mütəxəssis kimi göstərib. Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında xidmətlərinə görə yubilyara təşəkkürünü bildirən MOK-un vitse-prezidenti ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çingiz Hüseynzadə MOK-un hədiyyəsini yubilyara təqdim edib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Vahid Nəzərovu Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi adından təbrik edib. Onunla Olimpiya Oyunlarında, dünyaAvropa çempionatlarında tez-tez görüşdüklərini deyən nazir müavini V.Nəzərovun kifayət qədər prinsipial, vətənpərvər insan, peşəkar mütəxəssis olduğunu vurğulayıb. Məşqçi və hakim kimi gələcək karyerasında ona müvəffəqiyyət arzulayıb.

Sonra çıxış edən MOK-un vitse-prezidenti Xəzər İsayev idmançıları, idman xadimlərini, məşqçiləri, hakimləri heç zaman unutmayan, onları daim diqqətdə saxlayan MOK-un rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, peşəkarlığı, prinsipiallığı ilə diqqət çəkən Vahid Nəzərov ölkəmizdə ağır atletika idman növünün inkişafında müstəsna xidmətlər göstərib.

MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev Azərbaycanda idmanOlimpiya Hərəkatına diqqət və qayğıdan danışaraq deyib ki, idmançılar, eləcə də idman ictimaiyyətinin nümayəndələri insanlar arasında xüsusi nüfuz sahibidir. Onlardan biri də 60 yaşı tamam olan Vahid Nəzərovdur.

Tədbirdə çıxış edən MOK-un İcraiyyə Komitəsinin üzvü Zərifə Salahova, Olimpiya çempionları Zemfira Meftahətdinova və Namiq Abdullayev, Təhsil Nazirliyinin nümayəndəsi Vasif Məmmədov, Əməkdar jurnalist Vasif Səmədov, Xalq artistləri tarzən Zamiq Əliyev və aktyor Rafiq Əzimov yubilyarı təbrik edərək ürək sözlərini çatdırıblar.

Mərasimin sonunda çıxış edən Vahid Nəzərov xoş sözlərə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Vahid Nəzərov 32 yaşında beynəlxalq dərəcəli hakim adını alıb, 17 il Azərbaycan milli komandasında baş məşqçi işləyib, 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birinci vitse-prezidenti vəzifəsində çalışıb. Onun rəhbərliyi ilə Azərbaycan yığması 1996-cı il Atlanta, 2000-ci il Sidney və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib.

 

Azərbaycan.- 2019.-7 sentyabr.- S.5.