Fədakar həkim
...Hələ tələbəlik illərində dayanmadan çalışırdı. Əla oxumaqla yanaşı, tələbə elmi cəmiyyətində və institutun ictimai işlərində də fəal iştirak edirdi. Yuxarı kurslarda Semaşko adına xəstəxanada (hazırkı Kliniki Tibbi Mərkəzdə) gecə növbələrində tibb qardaşı kimi də işləyirdi. Bunun nəticəsi idi ki, onu partiya üzvlüyünə qəbul etdilər və hətta sonralar yeganə tələbə olaraq partiya bürosunun üzvü seçildi. Təbii ki, belə bir mövqedə olan, 1972-ci ildə institutu əla qiymətlərlə bitirən tələbəyə nəzəri kafedralardan birində qalması təklif olunsa da, o öz doğma rayonu Ağdama həkim təyinatı almağa üstünlük verdi...
Taryel Əli oğlu Eyvazov 1949-cu ildə ziyalı ailəsində anadan olub. 1966-cı ildə Ağdam şəhər 5 nömrəli orta məktəbi bitirib, elə həmin ildə də Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (hazırkı Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə qəbul olunub.
Daima öz üzərində işləmək Taryelin gənc yaşlarında ən müsbət xüsusiyyətlərindən biri idi. Elə bu səbəbdən də qısa müddət ərzində bir həkim kimi məşhurlaşmasının şahidi olduq. Təkcə onu demək kifayətdir ki, "rayon həkimi” olmasına baxmayaraq, respublikanın iki ən nüfuzlu - "Azərbaycan Tibb Jurnalı” və "Sağlamlıq” jurnallarının redaksiya şuralarının üzvü olub. Rayonda işlədiyi müddətdə də fəal idi. Komsomolun XXX və XXXI qurultaylarına nümayəndə, şəhər sovetinə deputat seçilib.
Taryel Eyvazov 1977-ci ildə daxili xəstəliklər ixtisası üzrə Azərbaycan Tibb İnstitutunun qiyabi aspiranturasına daxil olur. Apardığı elmi-tədqiqat işi çox maraqlı olmaqla yanaşı, praktik əhəmiyyət kəsb edirdi. O, kənd əhalisi arasında ən çox rast gəlinən daxili xəstəlikləri müəyyən etməklə yanaşı, həm də onların qarşısının vaxtında alınması məqsədilə görülməli olan lazımi profilaktik tədbirlər barədə metodik işləmələr də dərc etdirirdi.
Dissertasiya işi ilə bağlı 2-ci Moskva Tibb İnstitutundan müsbət rəy alan Taryel həkim 1987-ci ildə müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi alır.
1988-ci ildən isə həyatında çətin bir dönəm başlayır. Onun üçün bütün işlər, o cümlədən elmi işin davamı, doktorluq işi arxa plana keçir. Ön planda yalnız Qarabağ müharibəsi idi. 1990-1999-cu illərdə Ağdamda baş həkim işləyən Taryel Eyvazovun rəhbərliyi ilə rayonun tibb işçiləri əsl fədakarlıq, qəhrəmanlıq göstəriblər. Əsrin faciəsi sayılan Xocalı soyqırımının dəhşətlərini ilkin olaraq yaşayan məhz onlar olmuşlar. O vaxt mərkəzdən verilən rəsmi məlumatda Xocalıda yalnız 2 nəfərin öldürüldüyü bildirildiyi halda, Ağdam şəhər xəstəxanası həmin gecə Xocalıdan 368 yaralı qəbul etdiyini, kütləvi ölüm hallarının olduğunu dünyaya yayımlamışdı.
Taryel Eyvazov tibbi xidmət baş leytenantı rütbəsində hərbi formada fəaliyyət göstərirdi. Müharibənin miqyasının sürətlə genişləndiyini görən təcrübəli baş həkimin əlaqədar təşkilatlarla birlikdə Ağdam rayon səhiyyəsinin nəzdində olan Mahrızlı kənd xəstəxanasında respublikanın ilk hərbi səhra hospitalının yaradılmasında da böyük xidmətləri olub. Dəfələrlə rayon icra hakimiyyətinin, Səhiyyə Nazirliyinin və hərbi hissə komandanlığının təşəkkürlərini alan həkim çadır şəhərciklərində tibbi xidmətin təşkilində yüksək təşkilatçılıq nümunəsi göstərib. Bütün bu keşməkeşli illərdə dəfələrlə məcburən yerdəyişmələrə məruz qalsalar da, Ağdam səhiyyəsi öz fəaliyyətini bir gün də olsun dayandırmayıb.
2000-ci ildən Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində baş elmi işçi kimi fəaliyyət göstərən T.Eyvazov bu sahədə də yeni uğurlara imza atıb. Xaricdə və ölkəmizdə dərc olunmuş 61 elmi işin, 2 metodik vəsaitin müəllifidir.
Taryel həkim 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi "Məqsədli qrand” layihələri müsabiqəsinin qaliblərindən biridir. 2017-ci ildə Sankt-Peterburqda çap olunmuş "Patobioximiçeskie izmeneniə v tkanəx pri işemii” monoqrafiyasının həmmüəllifidir. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Taryel Eyvazova daxili xəstəliklər ixtisası üzrə dosent elmi adı verilib.
Hazırda fəal və səmərəli fəaliyyət göstərən həkim ATU-nun İctimai səhiyyə fakültəsinin elmi şurasının Elmi-Tədqiqat Mərkəzinin metodik şurasının üzvüdür. Ali dərəcəli Səhiyyə təşkilatçısı və Səhiyyə əlaçısıdır.
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən ictimai şuranın üzvü və katibi olan Taryel Əli oğlu Eyvazov 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar həkim fəxri adına layiq görülüb və bu dəyərli adı doğrultmaq üçün daim yorulmadan çalışır.
Qalib QARAYEV,
ATU-nun Elmi-Tədqiqat Mərkəzinin
direktoru,
Əməkdar elm xadimi,
tibb elmləri doktoru, professor
Azərbaycan.- 2019.- 8 sentyabr.- S.4.