Onlar həmişə köməyə tələsirlər

 

İnsan həyatının xilaskarlarının özləri çox vaxt təhlükədən sığortalanmırlar

 

Yardım göstərmək, birinin köməyinə yetmək yalnız savab deyil, həm də həyatın davamı üçün təcili xidmətdir. Bu xidmətin adı nə olursa-olsun, bəzən ölüm-qalım dillemması qarşısında qalanda, insan yaşam uğrunda mübarizə aparanda ona ehtiyac duyur.

Bu ilk yardımlara ehtiyac isə bəşəriyyətin humanist insanlarını düşündürməyə bilməzdi. Ona görə də ilk yardım göstərməyin əhəmiyyəti nəzərə alınmalı idi. 2000-ci ildən etibarən hər il 8 sentyabr tarixi Dünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur. Bu ümumbəşəri əhəmiyyət daşıyan gün Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərə yardım göstərməkdir.

Təbii ki, ilkin tibbi yardımın məqsədi zərərçəkənin həyatını xilas etməklə yanaşı, həm də onun ağrılarını azaltmaqmümkün ağırlaşmalar barədə xəbərdarlıq etməkdir. Əlbəttə, bu sahədə tibb işçiləri yardım göstərirlər, lakin polis əməkdaşları və xilasedicilər də bir çox hallarda, zərurət yarandıqda onlara yardımçı olurlar. Həyat göstərir ki, təcili tibbi yardıma əksər hallarda qəflətən ehtiyac yaranır. Bəzən vaxt qıtlığı üzündən bu yardım tibbi təhsili olmayanlar tərəfindən də yerinə yetirilir.

Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hər il baş verən yol qəzaları, yanıqlar, hündürlükdən düşmələr, boğulma kimi hadisələrin 10 faizi ölüm, 15-i isə əlilliklə nəticələnir. Həmin hadisələr zamanı dünyasını dəyişənlərin əksəriyyəti 15-45 yaş arasında insanlar olur.

Dünyada ilkin tibbi yardım xidməti hələ XIX əsrin sonlarında yaranıb. Azərbaycanda isə dövlət müstəqilliyinin bərpasından sonra ölkədə təcili tibbi yardım xidmətinin inkişafına ciddi diqqət göstərilməyə başlanıb. Xüsusilə son illər təcili tibbi yardım avtomobilləri parkı yenilənir, müasir tibbi avadanlıqlarla təchiz edilir. Bunlarla yanaşı, nəqliyyat vasitələri əhaliyə xidmət üçün növbəyə buraxılır, dərman təchizatı ildən-ilə yaxşılaşdırılır, çeşid genişləndirilir, tibbi heyət müasir uniforma ilə təmin olunur, həkim və orta tibb işçilərinin peşəkarlığı daha da artırılır.

Təcili yardım xidməti hadisə yerinə yetişənə, xilasedicilər gələnə qədər zərərçəkənə ilkin tibbi yardım göstərilməsi həlledici rol oynaya bilər. Onu da bilmək lazımdır ki, heç kəs bədbəxt hadisədən sığortalanmayıb və hər birimiz zərərçəkən ola bilərik.

Bu xidmətin yaradılmasının maraqlı tarixçəsi var: 1881-ci il dekabrın 8-də Vyana şəhərində teatrda güclü yanğın baş verir. Orada ölən və yaralananların sayı çox olduğundan tibbi yardım göstərilməsində problemlər yaranır. Beləcə, ilk dəfə Vyanada müstəqil təcili tibbi yardım xidmətinin yaradılması qərara alınır. Daha sonra BerlinLondonda da təcili tibbi yardım briqadaları müstəqil fəaliyyət göstərməyə başlayır. Azərbaycanda isə ilk təcili yardım xidməti Nobel qardaşlarına məxsus neft buruqlarında işləyən fəhlələr üçün yaradılıb. Həmin briqadalar at arabaları və karetalarla fəaliyyət göstəriblər.

Hazırda Bakı şəhərində əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin günün tələbləri səviyyəsinə cavab verməsi üçün mühüm layihələr həyata keçirilir.

Ölkədə, o cümlədən paytaxtda təcili və təxirəsalınmaz tibbi yardım xidməti yüksək səviyyədə təşkil edilir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası günün 24 saatı ərzində paytaxtın bütün xəstə və zərərçəkən əhalisinə hadisə yerində və müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə fəaliyyət göstərir.

"103” xidmətinə gündəlik, orta hesabla, 2 mindən artıq çağırış daxil olur. Doğrudur, müraciətlərin bəzilərinin bu sahəyə aid olmaması da üzə çıxır. Buna baxmayaraq, onlar çeşidlənərək bölmələrin həkimlərinə ötürülüricra edilir.

Səbəbindən asılı olaraq stansiyaya daxil olan çağırışlar iki qrupa bölünür. Çox təcili çağırışlar qeydiyyata alındıqdan sonra təcili tibbi yardım briqadasına ötürülür. Bu təsnifata fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşayiət olunan səpgilər, yenidoğulmuşlarla əlaqəli çağırışlar və s. aiddir. Təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra təcili tibbi yardım briqadasına göndərilir. Bu çağırışlara arterial təzyiqin nəzərəçarpan dəyişiklikləri, allergiya, başağrısı, bədənin müxtəlif yerlərində ağrı və s. çağırışlar aiddir.

Burada əhaliyə tibbi xidmət səviyyəsinin artırılması məqsədilə bir sıra tədbirlər görülür. Bölmələr müasirdaha çox funksiyası olan yeni planşetlərlə təmin olunur. Daxil olan sorğularla bağlı gedişlərə nəzarət gücləndirilir. Stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Eyni zamanda, xəstələrin stasionarlara səmərəli paylanması məqsədilə stansiyanın əməliyyat və hospital işlərinin təşkili üzrə şöbəsi xəstəxanalarda, doğum evlərində və digər müalicə-profilaktika idarələrində olan boş yerlərə dair sistemli şəkildə, operativ məlumat alaraq müvafiq hesabat aparır.

Xatırladaq ki, 1990-cı ilin qanlı yanvar günlərində Bakının müxtəlif istiqamətlərindən yaralıların tapılıb xəstəxanalara çatdırılmasında bu sahənin xidməti böyük olub. Həmin günlər paytaxtda 164 təcili yardım briqadası çalışıb. Yalnız yaralılara ilk tibbi yardım göstərilməsi, onların xəstəxanalara çatdırılması və şəhidlərin dəfninə qədər hazırlıq prosesindəki xidmət işlərinə yüz həkim briqadası ayrılmışdı.

Qanlı şənbə gecəsi və ondan sonrakı günlərdə xalqımız bəlkə də daha çox şəhid verə bilərdi. Həkimlərimizin, daha doğrusu, səhiyyədə, xüsusən təcili yardım sahəsində çalışan tibb personalının, həmçinin könüllülərin o günlər xalqımıza, o cümlədən 20 Yanvarın yaralılarına göstərdiyi münasibət və qürur duyduğumuz monolit birlik isə əsl vətənpərvərlik nümunəsi idi. Həkimlərin özləri də o dəhşətli günlərdə həm ağır yaralandılar, həm də güclü həyəcanlardan müxtəlif xəstəliklərə düçar oldular...

...Onlar daim köməyə tələsirlər. Çünki insan həyatının xilaskarıdırlar, baxmayaraq ki, öz həyatları belə təhlükələrdən sığortalanmayıb...

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 8 sentyabr.- S.4.