“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Füzuli və Cəbrayıl rayonlarında olublar

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN xidmət” və “ASAN Könüllüləri” təşkilatının birgə layihəsi olan 2019-cu ilin ikinci “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində növbəti gün gənc vətənpərvərlər Horadiz, Cocuq Mərcanlı, Lələtəpə marşrutu üzrə yarışa çıxıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikamızın ən gənc, müasir şəhərlərindən biri olan Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olunaraq qarşısına çələng qoyulub, Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib.

Abidə qarşısında keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Horadiz şəhərinin tarixinə ekskursiya edərək bildirib ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində erməni işğalından azad edilib. Dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub. Füzulililər doğma yurd yerlərinə qayıdıblar. Nəzərə çatdırılıb ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək, Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu verilməklə, müasir sosial infrastruktur layihələrinin reallaşdırılmasına, “kül altından baş qaldıran şəhər”ə yeni həyat bəxş edib. Dövlət başçısı son illərdə Horadiz şəhərinə altı dəfə səfər edib. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında bir neçə sərəncam imzalayıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində Horadiz müasir, inkişaf etmiş şəhərə çevrilib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev gənc vətənpərvərləri salamlayaraq, Horadiz şəhərinin etibarlı şəkildə qorunduğunu, hər bir Füzuli sakininin əmin-amanlıq içində qurub-yaratdığını, əkib-becərdiyini, firavan yaşadığını və digər torpaqlarımızın da işğaldan azad edilməsi uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb. Alı Alıyev dövlətimizin başçısı İlham Əliyevin “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətlənən Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük” kəlamlarını xatırlamaqla ordu quruculuğunda, ölkənin inkişafında qazanılan uğurlardan söhbət açıb. O, Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini qeyd edib.

General-mayor Mayis Bərxudarov bölgənin müdafiəsinin etibarlı təşkilindən, ordu ilə xalqın bir amal uğrunda birləşməsindən danışıb. Azərbaycan Ordusunun bölgədəki hərbi hissələrinin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəlməsində Füzuli Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin köməyini xüsusi qeyd edib.

Lələtəpə uğrunda döyüşlərdə göstərdiyi şəxsi igidliyə və düşmənə canlı, eyni zamanda, texnika sarıdan xeyli itki verən, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan gizir Tahir Misirxanov, Horadiz qəsəbə sovetinin üzərindən Ermənistanın bayrağını endirərək Azərbaycanın üçrəngli bayrağını atəşlər altında ucaldan müharibə qazisi Şakir Bayramov bu gün də döyüşlərə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müharibə şəraitində yaşayan bir ölkənin hər bir vətəndaşının qələbə əhval-ruhiyyəsi ilə yaşadığını dilə gətirib. Ülvi Mehdiyev bu gün hərbi libas geyinərək gənc vətənpərvərlərlə cəbhəyanı bölgəyə gəldiyini, qəhrəman oğullarla bir sırada dayandığını, onların hünər və rəşadətləri ilə fəxr etdiyini bildirib.

“ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabarova, Qarabağ müharibəsi iştirakçısı Rüxsarə Qurbanovanın qızı, Odlar Yurdu Universitetinin tələbəsi Rəqsanə Qurbanova, iki ilə yaxın erməni əsirliyində hər bir işgəncə və məşəqqətlərə mərdliklə sinə gərən igid kəşfiyyatçı Aqil Əhmədov çıxış edərək, “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin üzvləri ilə bir yerdə olduqlarından qürur hissi keçirdiklərini vurğulayıblar.

Yürüş iştirakçıları “Horadiz alayı” mahnısının sədaları altında Horadiz şəhərinin görməli yerlərinə ekskursiyaya çıxıblar. Yaşıllıqlara və gül-çiçəyə qərq olmuş şəhərin gözəllikləri gənc vətənpərvərlərdə xoş təəssüratlar oyadıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yolda Aprel şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidəsi ziyarət olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Polkovnik Elşad Əbilov tamamilə dağıdılmış Cocuq Mərcanlı kəndinin 2016-cı ilin Aprel döyüşlərindən sonra yenidən qurulduğunu, böyük qayıdışın ilk köçünün məhz bu yaşayış məntəqəsinə olduğunu fəxarətlə bildirib.

Gənc vətənpərvərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ildə inşa edilən, Şuşa məscidinin oxşarı olan Cocuq Mərcanlı kənd məscidini ziyarət ediblər.

Müharibə qazisi, ehtiyatda olan kapitan Elvin Hüseynov Cocuq Mərcanlı kəndi ərazisində qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən ağır yaralandığını və göstərdiyi rəşadətə görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunduğunu yada salıb.

Əslən Cocuq Mərcanlıdan olsa da, Bakı şəhərində dünyaya gələn və bu gün ilk dəfə ata ocağına, doğma Cocuq Mərcanlıya qayıdan tələbə Fidan Hüseynzadənin çıxışı tədbir iştirakçılarında duyğulu anlar yaşadıb.

Düşərgə iştirakçıları qruplar şəklində Lələtəpə zirvəsinə qalxaraq Azərbaycan əsgərinin azad etdiyi strateji zirvədə Lələtəpə fatehləri ilə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, qəhrəmanların xatirələrini dinləyib, düşmən tərəfini müşahidə edib, fəxri döyüş növbəsində dayanıblar.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Emilya Bayramova gənc vətənpərvərlər adından bu möhtəşəm layihənin icraçılarına, təşkilatçılarına minnətdarlıq edib, Lələtəpə zirvəsi fatehlərinin qəhrəmanlıq ənənələrini davam etdirən döyüşçülərin yeni-yeni qələbə müjdələri ilə xalqımızı sevindirəcəklərinə əmin olduğunu bildirib.

Milli Qəhrəman polkovnik Şükür Həmidovun “Hər birimiz qarabağlıyıq, hər birimiz əsgərik” sözlərini təkrarlayan gənc vətənpərvərlər “Səninlə fəxr edirik Azərbaycan əsgəri” deyərək zirvədən ayrılıblar.

Sonra iştirakçılar təlim mərkəzinə yollanıblar. Burada Milli Qəhrəman Şükür Həmidovun rəhbərliyi altında peşəkar zabitlərdən polkovnik Nemət Məmmədov, polkovnik Etibar Əhmədov, polkovnik-leytenant Sədi Musayev, polkovnik-leytenant Rüstəm Bədəlov, leytenantlar Coşqun Xəlilov, Fazil Səfərov və başqaları atışın əsasları, üsul və qaydaları, atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi, əl qumbaralarının məsafəyə və dəqiqliyə atılması üzrə tədris nöqtələrində məşqlər aparıb, bu məşğələlər tam mənimsənildikdən sonra ikinci təlim atış çalışmasının praktiki yerinə yetirilməsi üzrə yarışlar təşkil edilib.

Milli Qəhrəman Şükür Həmidov gənc vətənpərvərlərin normativləri yerinə yetirməsini, gözübağlı silahın sökülüb-yığılmasını, əl qumbaraatanlarının təyin olunmuş məsafəyə dəqiqliklə səngərə salınmasını yüksək dəyərləndirib.

Gənc vətənpərvərlər düşərgənin ikinci gününü fiziki hazırlıq üzrə məqbulların qəbul edilməsi üzrə yarışlarla başa vurublar.

 

Azərbaycan.- 2019.-8 sentyabr.- S.6.