Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələr yaxşı səviyyədədir

 

Sentyabrın 9-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası parlamentinin Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycanla Xorvatiya arasında siyasi əlaqələr yaxşı səviyyədədir, əməkdaşlığa dair 25-ə yaxın sənəd imzalanıb, xüsusilə 2013-cü ildə imzalanmış strateji tərəfdaşlığa dair sənəd bir çox sahələri əhatə edir.

Birinci vitse-spiker deyib ki, inkişaf etməkdə olan ticari-iqtisadi əlaqələrimizin gücləndirilməsi üçün kifayət qədər potensial var. Gələn il Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olacaq.

Görüşdə Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk təmsil etdiyi parlamentin adından deyib: “Biz bütün sahələrdə Azərbaycanla əlaqələri genişləndirmək arzusundayıq. Parlamentlərarası əməkdaşlığın möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin intensivləşməsini vacib sayırıq”. Xanım Maksimçuk ikitərəfli münasibətlərin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının rolunu xüsusi qeyd edib.

Sonra nümayəndə heyətinin üzvləri fikirlərini bölüşüblər. Qonaqlar Bakının inkişaf tempinə, burada gördükləri tikinti-quruculuq işlərinə heyranlıqlarını bildiriblər.

 

Azərbaycan.- 2019.-10 sentyabr.- S.2.