Lyubitsa Maksimçuk: Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır

 

Sentyabrın 9-da Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Xorvatiya Parlamentinin Azərbaycanla dostluq qrupunun nümayəndələri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yaqub Mahmudov belə görüşlərin münasibətlərin dərinləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Qeyd edilib ki, Azərbaycan və Xorvatiya oxşar tarixi keçmişə malikdir. Xalqlarımız azadlıq uğrunda mürəkkəb yol keçiblər. Bu gün ölkələrimiz arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. İqtisadi, sənaye, kənd təsərrüfatı, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişaf etdirilməsində parlamentlər xüsusi rol oynayır. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Qanunverici orqanlar arasında əlaqələrin möhkəmlənməsində deputatların qarşılıqlı səfərləri önəmli yer tutur. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərinin səmərəli əməkdaşlığı vacib məsələlərdəndir.

Diqqətə çatdırılıb ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi var. Biz suverenlik və ərazi bütövlüyümüzün bərpası yolunda mübarizə aparırıq. Bu mübarizədə Xorvatiyanın Azərbaycanı dəstəkləməsi təqdirəlayiqdir.

Xorvatiya Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Lyubitsa Maksimçuk səmimi görüşə görə minnətdarlığını ifadə edib. Qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini söyləyib. Bildirilib ki, ölkələrimiz arasında dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycan Xorvatiya üçün vacib strateji tərəfdaşdır.

Qonaq Azərbaycanda müşahidə etdikləri inkişafı yüksək qiymətləndirib. Bildirib ki, onun ölkəsi Qafqazın bu bölgəsi ilə iqtisadi, mədəni əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir.

Görüşdə Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vahid Əhmədov və Məlahət İbrahimqızı çıxış edərək ikitərəfli əməkdaşlığın inkişafı barədə fikirlərini bildiriblər.

 

Azərbaycan.- 2019.-10 sentyabr.- S.2.