Baş Nazirin müavini Əli Həsənov Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb

 

Nazirlər Kabineti mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 9-da Baş Nazirin müavini Əli Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

Səfir, Baş Nazirin müavininə Rusiya Federasiyası Baş Nazirinin müavinin məktubunu çatdıraraq 2020-ci ildə Rusiyada keçiriləcək ekoloji məsələləri özündə əks etdirən növbəti maarifləndirmə və humanitar layihədə Azərbaycan tərəfinin də iştirakının məqsədəuyğun olacağını bildirib.

Baş Nazirin müavini Əli Həsənov görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atdıqları qətiyyətlı addımlar barədə qonağa geniş məlumat vermiş, həmçinin Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkə olduğunu səfirin diqqətinə çatdırmışdır.

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Azərbaycan.- 2019.-10 sentyabr.- S.2.