ICAPP-ın Gənclər və Qadınlar
qollarının Bakıda keçirilən iclaslarında yekun bəyannamələr qəbul edilib
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Gənclər və Qadınlar qollarının Bakıda keçirilən iclaslarında yekun bəyannamələr qəbul edilib.
Yeni Azərbaycan Partiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakı Bəyannaməsi adlanan bu sənədlər Asiya regionunda və beynəlxalq səviyyədə gənclərin və qadınların ictimai-siyasi həyatda rolunun gücləndirilməsinə, onları narahat edən problemlərin həllinə diqqəti cəlb edir.
Bəyannamədə qeyd olunur ki, hazırda dünyada yaşayan 1,5 milyard gəncin 90 faizi inkişafda olan ölkələrin sakinləridir. Asiya regionunun müxtəlif bölgələrində yaşayan gənclərin önəmli bir hissəsi informasiya texnologiyaları, iş, təhsil, səhiyyə və təlimlərdən faydalanmaqda, inkişaf strategiyaları ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında iştirak imkanlarından istifadə etməkdə maneələrlə üzləşir. Bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə yaşayan gənclərin 20 faizi keyfiyyətli təhsil, təlim və iş şəraitindən məhrumdur. Yetkin insanlar arasındakı işsizlik səviyyəsindən iki dəfə yüksək olan gənclər arasındakı işsizliyi hətta indiki yüksək səviyyədə saxlamaq üçün belə hər ay 5 milyon yeni iş yeri açılmalıdır. O da qeyd edilir ki, əhalinin 65 faizinin yaşı 35-dən aşağı olduğu halda, siyasətdə təmsil olunanların cəmi 6 faizi 35 yaş həddinə daxildir, bu isə gənclərin siyasi fəallığının artırılmasına ehtiyac olduğunu göstərir.
Bakı Bəyannaməsində, həmçinin səmərəli gənclər siyasətinin formalaşdırılmasında mühüm amil olan etibarlı məlumatların toplanması üçün siyasi partiyalar arasında beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanır. Bəyannamədə qadın və qızların da müxtəlif cəmiyyətlərdə üzləşdikləri problemlərə, gender məsələlərinə, qadınlar arasında işsizlik, təhsil problemlərinə diqqət cəlb olunur. Həmçinin gənclərə və qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəyə çağırış edilir.
Qeyd olunur ki, qadınlar və gənclər arasında işsizlik, aclıq, yoxsulluğun azaldılması üçün dövlət qurumlarının və siyasi partiyaların üzərinə müəyyən vəzifələr düşür. Bildirilir ki, qadınların və gənclərin sosial, iqtisadi problemlərinin həlli, onların qərarvermə prosesinə və idarəçiliyə cəlb olunması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dair 2030-cu il Gündəliyinin tələblərinə də uyğundur.
Bakı Bəyannaməsində əksini tapan ən önəmli müddəalardan biri isə gənclərin və qadınların xarici işğal, silahlı münaqişələr və terrorçuluqdan müdafiəsi üçün müvafiq addımların atılmasına edilən çağırışdır. Bundan başqa, Asiya qitəsində hazırda davam edən münaqişələr, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə uyğun həllinə çağırış edilir.
Bəyannamədə,
həmçinin Gənclər Qolunun 5-ci
iclasının və Qadınlar Qolunun
6-cı iclasının uğurlu təşkilinə
görə Yeni Azərbaycan Partiyasına,
qonaqpərvərliyə görə Azərbaycan xalqına və
bu tarixi toplantılara
verdiyi dəstəyə görə Təşkilat
Komitəsinin sədri, Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini–icra katibi Əli Əhmədova
minnətdarlıq ifadə olunur.
Azərbaycan.-
2019.- 10 sentyabr.- S. 2.