İki sosial paket - iki yeni
rekord
Prezident İlham
Əliyevin davamlı islahatları nəticəsində
dövlətçilik tariximizdə
ilk dəfə olaraq
minimum əməkhaqqı və
pensiya yaşayış
minimumunu üstələyir
Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri
ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında
götürdüyü öhdəliklərə
sadiqliyi ilə müəyyənləşir.
Xalqın böyük etimad göstərərək mandat
verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai milli
maraqları doğrultmaqla,
vətəndaşın mənafeyinə
hesablanan sosial-iqtisadi islahatları həyata keçirməklə böyük
rəğbət qazanır. Azərbaycanda da sosial sahə
üzrə görülən
işlər bir tərəfdən dövlətin
gücünü, digər
tərəfdən həyata
keçirilən siyasətin
effektivliyini, reallaşdırılan
islahatların yüksək
praktiki nəticələr
verdiyini göstərir.
Ölkəmizin Avropa İnkişaf və Əməkdaşlıq
Təşkilatının son hesabatlarına əsasən
sosial sahədə ardıcıl şəkildə
islahat aparan dövlətlər sırasında
qərarlaşması, əlbəttə
ki, uğurlu göstəricidir. Əgər ölkəmizdə sosial sahədə həyata keçirilən tədbirlərə
nəzər yetirsək,
aydın olar ki, ilin əvvəlində
aparılan islahatlar daha çox pensiya, müavinət və təqaüdlərin
artımına yönəldilib
və 4,2 milyon nəfəri əhatə edib. Ümumilikdə isə iki sosial paketin birlikdə əhatə dairəsi əhalinin 40 faizini təşkil edir.
Prezident İlham
Əliyevin iki sosial paketinin maliyyə tutumu isə 5,3 (bu
il üçün
2,3 milyard, gələn
il üçün isə 3 milyard) manat təşkil edir. Artımlara gəldikdə isə
onu deyə bilərik ki, bir ildə ölkədə
maaşlar, pensiyalar, müavinət və təqaüdlər 2 dəfə
artırılıb.
Bu ilin əvvəlində minimum əməkhaqqı
130 manat idi. Birinci islahat
paketi çərçivəsində
həmin məbləğ
180 manata, sentyabrın
1-dən isə 250 manata
çatdırıldı. Bu, minimum əməkhaqqının
orta yaşayış
minimumunu 40 faiz üstələməsi deməkdir.
Əgər birinci islahat
paketi nəticəsində
minimum əməkhaqqı təqribən
600 min nəfəri əhatə
etmişdirsə, ikinci
paket nəticəsində
bu, 950 min nəfərə
çatdı. Onun 600 min nəfəri
dövlət, 350 min nəfəri
özəl sektorda çalışır. Artımların
miqyasını təsəvvür
etmək üçün
bəzi rəqəmləri
xatırlatmağa ehtiyac
var. Birinci islahat paketi nəticəsində
muzdla çalışanların
40 faizinin əməkhaqqında
artım edilmişdisə,
son islahat paketi onların 63 faizini əhatə edəcək.
Ümumilikdə iki paketin icrası ilə Azərbaycanda minimum əməkhaqqı
93 faiz artıb. Əgər
2018-ci ildə ölkəmizdə
orta əməkhaqqı
təxminən 540 manat
idisə, son artım nəticəsində həmin
rəqəm 625 manata yaxın olacaq.
Onu da əlavə edək ki, Azərbaycanda
əməkhaqqı ödənişi
vahid tarif cədvəli və vəzifə maaşları
üzrə aparılır. Vahid tarif
cədvəlinin 19 dərəcəsi
var.
Minimum əməkhaqqının
artırılması bütün
19 dərəcə üzrə
öz təsirini göstərəcək. Bəzi tarif
cədvəlləri üzrə
artımın 70 manat,
bəzi cədvəllərdə
100 manat olacağı
gözlənilir. Əgər
minimum əməkhaqqı 950 min nəfəri əhatə edirsə, xüsusi rütbəlilər və
dövlət qulluğunun
müxtəlif növləri
üzrə çalışanların
400 min nəfər olduğunu
nəzərə alsaq,
onda 1 milyon 350 min nəfərin əməkhaqqı
artımından söhbət
gedir.
Pensiyaların artımına gəldikdə
isə əgər pensiyalar martın 1-dən
160 manata çatdırılmışdırsa,
oktyabrın 1-dən həmin
məbləğ 200 manata
qaldırılacaq. Birinci islahat
paketi təqribən
233 min, ikinci islahat paketi 660 min pensiyaçını
əhatə edəcək.
Bununla yanaşı müavinət və təqaüdləri də
nəzərə alsaq,
onda həyata keçirilən islahatlar
300 min əlili, 500 min qaçqını,
100 min tələbəni əhatə
edəcək.
İkinci sosial paketin tətbiqi özəl sektorda da işçi
qüvvəsinin cəlb
olunması üçün
əlavə stimul yaradır.
Son altı
ayın statistikasına
nəzər yetirəndə
bu sahədə müsbət tendensiyanı
görmək mümkündür. İlk növbədə
əmək müqavilələrinin
sayı təqribən
7 faiz artıb. Digər tərəfdən əməkhaqqı
fondunda 18 faiz artım yaranıb. Bu, özəl sektorda
23 faiz artım deməkdir.
Minimum əməkhaqqının
artırılması haqqında
sərəncam 260 minə
yaxın təhsil işçisini əhatə
edəcək. İqtisadi fəaliyyət növünün
təsnifatına görə
muzdla işləyənlərin
23 faizini təhsil işçiləri təşkil
edir. Təhsil işçilərinin ödəniş
sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən
keçən və vahid tarif cədvəli
ilə əməkhaqqı
alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər,
100 min nəfərini vahid
tarif cədvəli ilə əməkhaqqı
alanlar təşkil edir. Birinci qrup üzrə
orta aylıq əməkhaqqı 20, ikinci
qrup üzrə 40 faiz artırılıb.
Əməkhaqqı artımları təhsil
işçilərinin sosial
müdafiəsini gücləndirməklə
yanaşı, eyni zamanda təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək. Bu,
Azərbaycanda müəllimlərə,
təhsil işçilərinə
hər zaman göstərilən yüksək
qayğı və diqqətin bariz nümunələrindən biridir.
Əlbəttə ki, bütün bunlar ölkəmizin iqtisadi inkişafının
uğurlarının bariz
nəticəsi və Prezidentin sosial islahatların ardıcıl,
davamlı aparılmasına
ayırdığı diqqətin,
eləcə də vətəndaşların rifah
halına göstərdiyi
qayğının danılmaz
ifadəsidir.
Atılan addımlar dövlət başçısının çoxşaxəli
sosial siyasətinin təzahür formalarının
yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması
üçün dövlət
başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq. Hər islahatın uğur
meyarlarından biri təbii ki, onun ardıcıl şəkildə aparılmasıdır.
Məhz cənab İlham Əliyevin ardıcıl şəkildə həyata
keçirdiyi sosial islahatlar xalqın rifah halının daha da yaxşılaşmasına
xidmət edir.
Əgər diqqət etsək görərik ki, Prezidentin fərman və sərəncamları
ilə ilin əvvəlindən başlanan
sosial islahatlardan əhalinin bütün kateqoriyaları yararlanıb. Son 9 ayda elə bir
sahə yoxdur ki, maaşlarda, sosial müavinətlərdə,
təqaüdlərdə artımlar
edilməsin.
Məsələn, Prezidentin müvafiq fərmanına əsasən
12268 şəhid ailəsinə
dövlət tərəfindən
11 min manat birdəfəlik
ödəniş edilir. Bugünədək artıq 11 507 şəhidin
17 111 vərəsəsinin birdəfəlik
ödəmə ilə
təminatına dair qərar qəbul edilib. Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə
ilə təminatı
proqramı artıq 94
faiz icra olunub.
Bundan başqa, Prezidentin sərəncamına əsasən
şəhid ailələrinə
verilən Prezident təqaüdü 242 manatdan
300 manata qaldırılıb. "Milli Qəhrəman” adı verilmiş hər bir şəxs
üçün Prezident
təqaüdünün aylıq
məbləği 1000 manatdan
1300 manata yüksəlib.
Əfqanıstan müharibəsində həlak
olan, itkin düşən və məhkəmə qaydasında
ölmüş elan edilən hərbi qulluqçuların ailəsi
üçün Prezident
təqaüdünün aylıq
məbləği 220 manatdan
300 manata qalxıb.
Məcburi köçkünlərə verilən
aylıq müavinətlər
50 faiz qaldırılıb. Sərəncama
qədər məcburi
köçkünlərdən 81 min 476 nəfəri 22 manat, 415
min 81 nəfəri 40 manat
məbləğində vahid
aylıq müavinət
alırdı. Aprelin 1-dən isə həmin məbləğlər, müvafiq
olaraq, 33 və 60 manat təşkil edir.
Eyni zamanda ümumi xəstəlik, hərbi xidmət dövründə
xəstələnmə, əmək
zədəsi və peşə xəstəliyi,
Çernobl qəzasının
ləğvi ilə əlaqədar əlilliyi olanlar üçün (əmək pensiyası hüququ olmayan) ayrılan vəsaitdə və digər sosial müavinətlərdə
də artımlar edilib.
Bir sözlə, birinci sosial paketə əsasən 14 kateqoriyaya aid şəxslər
üzrə sosial müavinətlər 100 faiz,
9 kateqoriya üzrə
Prezidentin aylıq təqaüdü orta hesabla 100 faiz, ikinci sosial paketə
əsasən isə 1
milyon 350 min işçinin
əməkhaqqı artdı.
Oktyabrın 1-dən isə 750 min pensiyaçıya verilən
vəsait yüksələcək.
Ümumiyyətlə isə
2003-cü ilə nisbətən
ölkə üzrə
minimum əməkhaqqı 27,7 dəfə artırılaraq
250 manata, orta aylıq əməkhaqqı
isə 7,5 dəfə
artaraq 77,4 manatdan 581,2
manata çatıb.
Onu da əlavə edək ki, Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faiz üstələyib. Digər tərəfdən, ölkəmizdə minimum pensiya məbləği də pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələyəcək.
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunmasını, işçilərin maddi və sosial təminatının genişləndirilməsini və onlara layiqli həyat şəraitinin yaradılmasını ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu öz çıxışlarında dəfələrlə qeyd edib. Ötən dövrdə həyata keçirilən tədbirlər sistemli və məqsədyönlü xarakter daşıyır. Əgər minimum əməkhaqqının artım dinamikasına diqqət yetirsək, heç bir vaxt builki qədər artım müşahidə edilmədiyini görərik.
Minimum əməkhaqqının, pensiya və təqaüdlərin artırılması ölkədə həyata keçirilən sosialyönümlü islahatların mərkəzində insan amilinin dayandığını bir daha sübut edir. Ölkədəki sabitliyin və iqtisadi inkişafın təzahürü olan sosial siyasətin xalqın daha uğurlu sabahına, daha yaxşı yaşamasına yönəldiyini təsdiqləyir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 12 sentyabr.- S.1; 4.