Ən yaxşı arı cinsi və
bal Azərbaycana məxsusdur
Beynəlxalq ekspertlərin fikri belədir
Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Cənubi Qafqazda arıçılıqla məşğul olmuşlar. Azərbaycanda da arıçılıq qədim tarixə malikdir.
X-XII əsrlərdə burada arıçılıq daha da inkişaf etmişdir. Hətta Azərbaycandan xarici ölkələrə arıçılıq məhsulları (bal, mum) ixrac edilmişdir.
Qədim zamanlarda arılar ağac oyuqlarında, kötük təknələrdə, səbətlərdə saxlanılırdı. Belə bir vəziyyətdə arılara qulluq etmək və onları artırmaq çətinlik törədirdi. Tədricən dünyada olduğu kimi, ölkəmizdə də arıçılığın inkişafında mütərəqqi üsullardan istifadə edildi. Arıçılıqla məşğul olduqca bu sahədə zəngin bilik və təcrübə qazanıldı. Beləliklə, balın kəmiyyət və keyfiyyəti də getdikcə artdı. Bu əvəzsiz nemətdən məişətimizdə daha çox istifadə olunmağa başlandı.
Azərbaycanda arıçılığın inkişafına sovetlər dönəmində diqqət daha da artırıldı. Bu məqsədlə həmin dövrdə mövcud xırda dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış iri arıçılıq təsərrüfatlarında birləşdirildi. Hazırda belə təsərrüfatlarda arı ailələri müasir çoxgövdəli və yatıq pətəklərdə saxlanılır. Bu sahə Astara, Şamaxı, Quba, Qusar, Şəki, Zaqatala, Daşkəsən, Lerik, Lənkəran, Kəlbəcər, Laçın rayonlarında və Qarabağ bölgəsində daha geniş yayılmışdır.
Azərbaycanın arı genofondu iki növə bölünür - Bozdağ Qafqaz arısı və Sarı İran arısı. Bozdağ Qafqaz arısının Qabaqtəpə və Şahdağ populyasiyası, Sarı İran arısının isə Lənkəran və Sarı İran populyasiyası mövcuddur.
Bozdağ Qafqaz arı cinsi öz sakitliyinə və xortumunun uzunluğuna görə Sarı Qafqaz arı cinsindən fərqlənir. Ən uzun xortumlu arılardan biri də Qabaqtəpə arı populyasiyası hesab olunur. Bu arı növü ilk dəfə 1906-cı ildə elmi cəhətdən aşkar edilib. Beləliklə, bu növ dünyada məşhurlaşıb. Bu gün dünyada ən çox bal istehsal edən ölkələrdən biri olan ABŞ-dakı arıların əcdadı da Qabaqtəpə arılarından törəmələrdir. Sovetlər dönəmində də Azərbaycanda Qabaqtəpə arılarının yetişdirilməsi üçün qoruq və stansiyalar yaradılmışdı. Burada yetişdirilən ana arılar dünyanın 40-a qədər ölkəsinə damazlıq olaraq göndərilib.
Bu populyasiyalar özləri də müxtəlif yerlərə bölünür. Onların içərisində yerli arı genofondumuzun "qızıl arısı” sayılan Qabaqtəpə arısı xüsusilə fərqlənir. "Qızıl arı” məşhur Bozdağ Qafqaz arısının bütün müsbət xüsusiyyətlərini özündə birləşdirir. Bununla yanaşı, ondan üstün olaraq sürətlə inkişaf etmək, soyuğa dözümlülük, küləkli iqlim şəraitinə uyğunlaşmaq, eləcə də floramiqrasiya göstəricisi ilə seçilir. Həmin növ arılar yüksək məhsuldarlığa da malikdir. Onlar başqa arılardan fərqli olaraq, gün ərzində nektar ardınca uçuşa tez başlayıb gec qayıdır ki, nəticədə topladıqları balın keyfiyyət və kəmiyyətinə görə üstünlük əldə edirlər.
Azərbaycan balı
dünyada ən keyfiyyətli bal hesab olunur. FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmakın
deyir: "Beynəlxalq
ekspertlərin fikrincə,
ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycana
məxsusdur. Biz də
bu məhsulun daha çox istehsal edilib dünya bazarına çıxarılmasına dəstək
verməyə çalışırıq”.
Azərbaycanda arıçılığın
inkişafı yeni dövrə qədəm qoyub. Dövlət tərəfindən həyata
keçirilən aqrar
islahatlarda arıçılığın
inkişafına xüsusi
önəm verilir. Bu sahədə Prezidentin
"Azərbaycan Respublikasında
arıçılığın inkişafının stimullaşdırılması
haqqında” sərəncamı
mühüm rol oynayır. Sərəncamda
qeyd edilir ki, ölkəmizdə bal verən 600-ə qədər
bitki növü mövcuddur. Bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi arıçılığın genişləndirilməsi üçün
daha böyük imkanlar yaradır. Hər bir arı
15 kilometr məsafə
qət edərək şirə yığa bilir.
Ölkədə arıçılığı
inkişaf etdirmək məqsədi ilə son illər bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Kənd
Təsərrüfatı Nazirliyinin
Heyvandarlıq Elmi-Tədqiqat
İnstitutunun nəzdində
Arıçılıq Mərkəzi
yaradılıb, həmçinin
Azərbaycan Arıçılar
Assosiasiyası təsis
edilib. Hazırda damazlıq arıçılıq
təcrübəsinin genişləndirilməsi,
genofond arıxanaların
yaradılması, arıçılıq
məhsullarının keyfiyyətinə
nəzarət sisteminin
təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının
təşkili və
s. istiqamətlərdə məqsədyönlü
tədbirlər görülür.
Bu tədbirlərin nəticəsi
olaraq, arı ailələrinin sayında,
bal və digər arıçılıq məhsullarının
istehsalında, eləcə
də ixracında əhəmiyyətli artım
müşahidə edilir.
Həmin sərəncama
əsasən, arıçılıqla
məşğul olan fiziki və hüquqi şəxslərə
saxladıqları hər
arı ailəsinə
(pətəyə) görə
5 il müddətində
10 manat məbləğində
subsidiya verilir. Bununla yanaşı, dövlət büdcəsindən
yüksək məhsuldar
bal arılarının yetişdirilməsi
və arıçılıq
məhsullarının istehsalının
artırılması üçün
bu sahədə seleksiya və damazlıq işlərinin
yaxşılaşdırılması üçün vəsait
ayrılıb. Arıçılığın
dövlət tərəfindən
stimullaşdırılması bu sahədə məhsul istehsalının
da ildən-ilə artmasına imkan verir. Belə ki, arıçılıq
haqqında qanunun qəbul edilməsindən
ötən 9 il ərzində arı ailələrinin sayı
1,9 dəfə, arıçılıqla
məşğul olan təsərrüfatlarda hər
təsərrüfata düşən
arı ailələrinin
sayı 11,1-dən 12,8-dək çatıb, bal istehsalı
isə 2,2 dəfə
artıb. Bu artım arıçılığın inkişafına verilən
dövlət dəstəyinin
nəticəsidir.
Dünyada 20 mindən
çox arı növü mövcuddur. Antarktidadan başqa dünyanın hər yerində arıya rast gəlmək olar. Dünyanın 150-dək
ölkəsində arıçılıq
təsərrüfatları mövcuddur. Lakin bu ölkələrin hamısında arıçılıq
müəyyən səbəblərə
görə yüksək
səviyyədə inkişaf
etməyib. Bu sahədə
liderlik Hindistan, Çin, Türkiyə, Efiopiya, İran, Rusiya, Argentina, Tanzaniya, Keniya və ABŞ kimi ölkələrə
məxsusdur.
Dünyada il ərzində təxminən
1.5 milyon ton bal istehsal
olunur ki, bunun da 1.260 milyon tonu 20 ölkənin payına düşür. Həmin
20 ölkə arasında
5 ölkə - Çin,
Türkiyə, Argentina, Ukrayna
və ABŞ daha çox məhsul istehsal edir. Adıçəkilən ölkələr
dünya üzrə ümumi bal istehsalının
730 min tonuna sahibdirlər
ki, bu da
dünya istehsalının
50 faizinə yaxındır.
Hasil edilən balın 600 min tona yaxını beynəlxalq bazarlar vasitəsilə ixrac edilir. Ümumilikdə
150 ölkədən bal ixrac
edilir ki, bu işlə 460 şirkət məşğul
olur.
Çin hazırda
arıçılıq sektorunun
inkişafı sahəsində
lider mövqeyini qoruyur. Həmin ölkədə 9 milyona yaxın arı ailəsi hesabına 450 min
ton bal, 4 min ton arı südü,
350 ton propolis istehsal edilir. Çində
2011-2016-cı illər üzrə
arıçılığın inkişafı üzrə
Dövlət Proqramı
qəbul edilib. Məqsəd arı ailələrinin sayını
10 milyona (hazırki
8,6 milyondan), bal istehsalını
500 min tona (hazırki
450 min tondan) çatdırmaqdır.
Arıçılıq Çinin
iqtisadiyyatına 40 milyard
dollardan çox fayda gətirir. Dünyada istehsal edilən arı südünün isə
95 faizinə qədəri
Çinin payına düşür.
Türkiyə bal istehsalının
həcminə görə
Çindən sonra ikinci yerdə qərarlaşıb. İllik
bal istehsalının həcmi
95 min tona çatır.
Bundan təxminən
10 min tonu ixrac edilir. Ölkə üzrə arı ailələrinin sayı
6,6 milyon ətrafındadır.
Arı ailələrinin
orta balverimi 15-16 kiloqram təşkil edir. Ölkədə təxminən 80 min nəfər
arıçılıqla məşğul
olur. Bu ölkədə
arıçılıq sektoruna
dövlət dəstəyi
mexanizmləri mövcuddur.
Belə ki, ana arı yetişdirən
arıçılıq təsərrüfatları
hər biri üçün 4 lirə
dəstək alırlar.
2013-cü ildən başlayaraq
hər bir arı ailəsi üçün arıçılara
8 lirə, orqanik arıçılıqla məşğul
olanlara isə əlavə olaraq 5 lirə subsidiya verilməsinə başlanıb.
Arıçılığın inkişafı
həm də ümumilikdə kənd təsərrüfatının inkişafı
deməkdir. Aparılan
elmi tədqiqatlar göstərir ki, kənd təsərrüfatı
bitkilərinin 75 faizinin
inkişafı birbaşa
tozlanma ilə bağlıdır. Arıçılıq
vasitəsilə tozlanma
dünya miqyasında intensiv yolla ərzaq istehsalının
dəyərini 250 milyard
dollara yaxın artırır. Həmçinin
arıçılığın inkişafı bitkiçiliyin,
bir sözlə, pozulan ekologiyanın bərpasında da mühüm rol oynayır.
Dünyada qəbul
olunmuş normaya görə, adambaşına
düşən bal istehlakı
0,45 kiloqramdır. Adambaşına
düşən illik təbii bal istehlakı Almaniya, Türkiyə, Yeni Zelandiya, Avstriya kimi ölkələrdə
1-1,5, ABŞ, Fransa, Danimarka,
Kanada, Böyük Britaniya kimi ölkələrdə 0,5-0,6 kiloqram
arasında dəyişir.
Pakistan, Hindistan, Misir,
Malayziya və Braziliya kimi ölkələrdə istehlakın
həcmi 0,01-0,12 kiloqram
təşkil edir. Təəssüf ki, Azərbaycanda istehlakın
həcmi barədə
dəqiq statistik məlumat yoxdur.
Rüstəm KAMAL
Azərbaycan.-
2019.- 12 sentyabr.-
S.1; 6.