Müasir düşüncə - gələcəyə doğru atılan ilk
addım
Gəncliyin xidmət şəbəkəsi gündən-günə
genişlənir
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublika gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi ilə yanaşı, könüllülər hərəkatının da ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl işlər aparılır. Ölkə rəhbərinin dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqları uğurla həyata keçirilir.
Artıq bir neçə xidmət sahəsi var ki, orada könüllülərin də fəaliyyətindən səmərəli istifadə hədəf kimi qarşıya qoyulub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir düşüncəli gənc könüllülərin bu ictimai fəaliyyətə cəlb edilməsi, gələcəkdə onların daimi iş yerləri ilə təmin olunması, institusional bacarıqlarının artırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülməkdədir. Könüllülərlə iş birliyinin qurulması, gənclərlə birgə reallaşdırılan tədbir və layihələr əmlak idarəçiliyi sahəsində göstərilən dövlət xidmətlərinin tərkib hissəsinə çevrilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri Qulu Xəlilov bununla bağlı fikirlərini bölüşərkən qeyd etdi ki, komitə qarşısında qoyduğu "Müasir düşüncə - gələcəyə addım” hədəfinə çatmaq üçün əmlak idarəçiliyi sahəsində "Könüllü ol” proqramını reallaşdırmaqdadır: "Bu layihə çərçivəsində artıq 1400-ə yaxın gənc tələbə və məzun təşkil olunan könüllü fəaliyyət proqramında iştirakları üçün müraciət edib. İlk növbədə hər bir namizədlə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Artıq 43 nəfər gənc komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə cəlb edilib. Könülllü proqramında iştirak edən 144 nəfər isə komitənin müxtəlif qurumlarında işlə təmin olunub...”
Mənəvi kamilliyə yüksəlişin
yollarında
Respublikanın ali təhsil ocaqlarının tələbələri və məzunlarının da əmlak idarəçiliyi sahəsində könüllü fəaliyyətə cəlb edilməsi istiqamətində fəal iş aparılır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Mühəndislik Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, ümumilikdə 1000 nəfərədək məzun, tələbə və magistrlərlə də görüşlər keçirilib. Respublikanın regionlarında da "Könüllü ol” proqramında iştirak etmək istəyən gənclərlə sıx ünsiyyət qurulur: Gəncə, Göygöl, Şəmkir, Tovuz, Qazax, Mingəçevir, Lənkəran, Cəlilabad, Biləsuvar, Beyləqan, İmişli, İsmayıllı, Quba, Xaçmaz, Qusar, Şabran, bir sözlə, 40-dək şəhər və rayonda 700-ə yaxın gənc üçün "Əmlak Məsələləri Dövlət Komitəsində könüllü proqramı” mövzusunda seminarlar keçirilib. Bu görüşlərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün müraciətlər də qəbul edilib. Regionlarda belə görüşlərin davamlı keçirilməsi nəzərdə tutulub.
Konullülərlə birgə iş prinsipinin daha rahat və müasir formada qurulması məqsədilə 2017-ci ildən komitənin internet resursunda "Könüllü fəaliyyəti” adlı xüsusi bölmə də var. Burada gənclər "Könüllü ol” bölməsinə daxil olaraq müraciətlərini elektron formada da komitəyə göndərə bilərlər. Onlarla 2-3 ay müddətinə könüllülük müqaviləsi bağlanır və fəaliyyətə başlayırlar. Bu müddət ərzində könüllülər üçün fərdi inkişafa hesablanmış müxtəlif təlimlər, seminarlar təşkil edilir. Onlar burada təcrübə keçir, təlimlərə cəlb olunurlar. Fəaliyyətlərini bitirən könüllülərə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi sertifikatı verilir.
Komitə tərəfindən həyata keçirilən sosial layihələrdə və beynəlxalq tədbirlərdə digər dövlət qurumlarında da fəaliyyət göstərən könüllülərin xidmətlərindən geniş istifadə edilir. Bu da gələcəkdə onların işlə təmin olunması nəticəsində gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda formalaşmasına, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının yetişdirilməsinə öz töhfəsini verir.
Vahid idman könüllüləri
komandası
Könüllülük respublikamızda artıq institusion səviyyədə formalaşma prosesindədir. Əgər vaxtilə könüllülər yalnız ali təhsil müəssisələrində birləşirdilərsə, bu gün artıq bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının da nəzdində onların fəaliyyəti gözə dəyməkdədir. Hətta bir sıra xidmət təşkilatlarında bu məsələ aktuallığı ilə diqqəti cəlb etməkdədir.
Qeyri-hökumət təşkilatları öz fəaliyyətində könüllülərin xidmətindən istifadəni günün tələblərindən biri hesab edir və özlərinin proqram layihələrində bunu nəzərə alırlar.
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin də nəzdində belə qruplar yaradılmaqdadır. Birliyin sədri Miraqil Seyidzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu idman siyasəti, bu sahənin inkişafına göstərilən dövlət dəstəyi nəticəsində əldə edilmiş nailiyyətlərin gündən-günə artmasından söz açarkən qeyd edib ki, könüllülük fəaliyyəti "Könüllü fəaliyyət haqqında” qanuna əsasən tənzimlənir.
O, 2019-cu ildə təsis edilmiş Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin də yaradılmasında əsas məqsədin ölkəmizdə idmanın və bədən tərbiyəsinin davamlı inkişafına dəstək vermək olduğunu deyib: "Bu birliyin yaradılmasında əsas məqsəd bundan sonra idman və bədən tərbiyəsi sahəsində könüllülük fəaliyyətinin əlaqələndirilməsi, gələcəkdə tədbirlərin keçirilməsində vahid idman könüllüləri bazasının formalaşdırılması, həmçinin bu sahədə işlərin daha keyfiyyətli və səmərəli təşkil olunmasıdır. İdman sahəsində təşkil edilən respublika və beynəlxalq yarışlarda könüllülərin xidmətlərindən geniş istifadə edilir. I Avropa, IV İslam Həmrəyliyi oyunlarını, 2014-cü ildən başlayaraq hər il təşkil olunan "Formula-1” Qran-prisini, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarını, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasını və XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı bunun şahidinə çevrildik. Belə mötəbər yarışların təşkilində və keçirilməsində təşkilat komitələrinin fəaliyyətindən tutmuş oyunların keçirildiyi məkanlara qədər könüllülər yaxından iştirak ediblər”.
Könüllülük
gəncləri faydalı əməyə, insansevərliyə
hazırlayır
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurovun da qeyd etdiyi kimi, ölkəmizdə könüllülük fəaliyyətinin formalaşma prosesi sürətlə davam etdirilir. Buna səbəb olan məsələlər isə müxtəlifdir: "Ən əsası isə könülülük fəaliyyətinin məqsədi gəncləri faydalı əməyə, insansevərliyə təşviq etməsidir”.
Milli Olimpiya Komitəsinin İdman şöbəsinin müdiri Həsənağa Rzayev ölkəmizdə son illər keçirilən beynəlxalq tədbir və idman yarışlarında iştirak edən könüllülərin sayı barədə deyib ki, bu ənənə qədimdir, sadəcə bu gün o, müxtəlif formada geniş yayılmaq üzrədir: "Ölkəmizdə keçirilən I Avropa Oyunlarında 7 min, IV İslam Həmrəyliyi Oyunlarında 4 min, XV Avropa Gənclər Yay Olimpiya Festivalında isə 3 min nəfərlik Azərbaycan könüllüsü fəaliyyət göstərib. Prinsip etibarilə bu həm də mənəvi kamilliyə yüksəlişin yollarından biridir...”
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2019.- 12 sentyabr.- S.7.