Bakıda Azərbaycan-Türkiyə
iqtisadi əməkdaşlıq üzrə
Birgə Hökumətlərarası Komissiyanın növbəti
iclası keçiriləcək
Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-Prezidenti, Türkiyə tərəfindən komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edəcəklər.
İclasda hər iki tərəfdən komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. Görüşdə hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulub. Hazırda Hökumətlərarası Birgə Komissiyanın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycandakı tərəfdaşları ilə hazırlıq işləri aparırlar.
Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiya 1992-ci il
noyabrın 2-də Ankarada imzalanan
"Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti
arasında ticarət və iqtisadi əməkdaşlıq
Saziş”inə uyğun olaraq
yaradılıb. Bugünədək komissiyanın 7
iclası keçirilib. Avqust
ayının sonlarından başlayaraq
Birgə Hökumətlərarası Komissiyanın ayrıca informasiya resursu - "Twitter” hesabı (@AzTurCom)
fəaliyyət göstərir. Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən
yaradılan bu rəsmi hesabda
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
fəaliyyəti, o cümlədən iki qardaş ölkənin
əlaqələri ilə bağlı məlumatlar
paylaşılır.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 2.