Bakıda
Ukraynanın Müstəqillik Günü
münasibətilə rəsmi qəbul təşkil edilib
Sentyabrın
12-də Bakıda Ukraynanın dövlət müstəqilliyinin
28-ci ildönümü münasibətilə rəsmi qəbul
təşkil edilib.
AZƏRTAC
xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi
tərəfindən təşkil olunan rəsmi qəbulda əvvəlcə
hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra çıxış edən səfir Vladislav Kanevski 28 il ərzində Ukraynanın keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, bu nailiyyətlər heç də asan başa gəlməyib.
Diplomat bildirib ki, bu gün Azərbaycan və Ukrayna birgə çoxsaylı layihələr həyata keçirir. O, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib. Səfir, həmçinin ölkəsinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyinə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Rəsmi qəbulda çıxış edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Hökuməti adından Ukrayna xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir müavini bildirib ki, iki ölkə arasında münasibətlər inkişaf edir. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Ukrayna Azərbaycanın etibarlı iqtisadi tərəfdaşıdır. Bir çox sahələrdə olduğu kimi, enerji sahəsində də sıx əlaqələr var. Ölkələrimiz arasında strateji tərəfdaşlıq qarşılıqlı səylər nəticəsində daha da möhkəmlənir.
Tədbirdə dövlət və hökumət
rəsmiləri, Milli Məclisin
deputatları, xarici ölkələrin Azərbaycandakı
səfirləri, media nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 3.