Müdafiə naziri “TurAz Qartalı -
2019” təlimlərində iştirak edən
şəxsi heyətlə görüşüb
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali "TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava qüvvələri aviasiya vasitələrinin cəmləşdiyi aerodroma gəliblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
General-polkovnik Zakir Həsənov təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” və türk xalqının öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb. Ölkələrimizin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini yüksək qiymətləndirən Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.
Sonra təlimlərin yekununa dair yüksək səviyyəli qonaqlara brifinq təqdim edilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin konsert proqramından sonra təlim iştirakçılarına hədiyyələr təqdim olunub.
Sonra qonaqlar və təlim iştirakçıları birgə nahar ediblər.
Pakistan İslam
Respublikası Hərbi Hava Qüvvələrinin
nümayəndələri təlimlərdə müşahidəçi
qismində iştirak edib.
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 4.