Lənkəranın
sabahı daha nurlu olacaq
Cənub bölgəsinin mərkəzi sayılan Lənkəranın özgə bir növrağı var. Ulu Tanrı bu qədim diyara hər şey - dağlar, meşələr, bulaqlar, çaylar, daha nələr, nələr bəxş etmişdir. Bol nemətli Lənkəran Xəzərin sahilini özünə əbədi məskən seçmişdir. Respublikamız öz tarixi müstəqilliyinə qovuşduqdan sonra isə bu gözəlliklərə yeni rənglər əlavə olunmuşdur.
Ötən əsrin 90-cı illərinin hadisələri o vaxt Lənkərandan da yan keçməmişdir. Xaricdən idarə olunan milli satqınlar süni şəkildə etnik qarşıdurma yaratmağa səy göstərirdilər. Lakin lənkəranlılar qurtuluş yolunu bu cənub diyarına qayğı ilə yanaşan Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Bu, Tanrının xalqımıza, dövlətimizə ən böyük mükafatı oldu. Ulu Öndərin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində separatçı qüvvələr yerlərində oturduldu, ölkədə sabitlik yarandı. Cəbhədə atəşkəs əldə edildi. Respublikamızın həyatında mühüm rol oynayan "Əsrin müqaviləsi” imzalandı, hər sahədə islahatlar həyata keçirildi. Bütün bunlar isə bu gün Cənubi Qafqazın ən qüdrətli ölkəsinə çevrilən Azərbaycan üçün möhkəm bünövrə, iqtisadi-siyasi təməl yaratdı.
Tənəzzüldən
tərəqqiyə
2004-cü il fevralın 11-də Prezident İlham Əliyev tərəfindən imzalanan regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramına əsasən Lənkəranda da yeni istehsal sahələri yaradıldı, tikinti-quruculuq, abadlıq işləri start götürdü. Yeni-yeni təhsil, səhiyyə, mədəniyyət ocaqları, yaşayış evləri, ictimai binalar inşa edildi, köhnələri əsaslı şəkildə yenidən quruldu, parklar, xiyabanlar, körpülər salındı. Bu işlər günün tələbləri baxımından II-III dövlət proqramları çərçivəsində də davam etdirildi. Əməkhaqlarının, təqaüdlərin, müavinətlərin artırılması əhalinin güzəranını yaxşılaşdırdı. Lənkəran şəhəri böyüdü, kəndləri ilə birlikdə daha da inkişaf etdi, abadlaşdı.
Yenilikləri, tərəqqini gördükdə yaxın keçmişimiz kino lenti kimi bir daha göz önündən gəlib keçir. Gün ərzində şəhərin özünə 6-7 saat elektrik enerjisi verilirdi. Təbii qaz, içməli su, nəqliyyat, ticarət və digər sahələr də ondan geri qalmırdı. İdarə və müəssisələrin çoxu fəaliyyətini dayandırmışdı. Həmin müəssisələrin qiymətli avadanlıqları tarmar edilmişdi. Çay plantasiyaları, tərəvəz sahələri, naringi, portağal, feyxoa bağları otlaq yerlərinə çevrilmişdi və s.
Belə bir deyim var: hər şeyin zamana ehtiyacı var. 2003-cü ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zeynal Nağdəliyevin işgüzarlığı, təşkilatçılıq bacarığı ilə tez bir zamanda rayonda canlanma yarandı. Süstlük və laqeydlik halları aradan qaldırıldı. Ağsaqqallarla, ziyalılarla keçirilən görüşlər problemlərin həllinə kömək göstərdi. Keçmiş SSRİ məkanında yaşayan və işləyən lənkəranlı biznesmenlərə öz doğma rayonlarının iqtisadiyyatına, abadlaşmasına kömək etmək üçün məktubla müraciətlər olundu. "Xəzər - Lənkəran” komandası yaradıldı. Bərbad hala düşmüş şəhər stadionu əsaslı şəkildə yenidən quruldu. Daxili imkanlar hesabına şəhərin Qala xiyabanında yerləşən N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı təmir olunaraq fəaliyyətə başladı. Ucqar dağ kəndlərinin bir neçəsinə yol çəkildi. Bunlar dirçəlişin ilk qaranquşları idi.
Rayon sürətli inkişafa, iqtisadi yüksəlişə 2004-cü ildən qədəm qoydu. Respublikamızın regionları üzrə ilk Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi burada tikilib istifadəyə verildi. Əsaslı şəkildə yenidən qurulan Lənkəran Beynəlxalq Hava Limanı Moskva, Sankt-Peterburq və digər yerlərə uçuşlar həyata keçirməyə başladı.
Taleyüklü məsələlər
öz həllini tapdı
Hər bir ölkənin bugünü və sabahı üçün öndə duran təhsildir. Ulu Öndərin təbirincə desək, təhsil millətin gələcəyidir. Buna görə də bu məsələ dövlətin, Prezidentin daim diqqət mərkəzindədir. Dövlət proqramları çərçivəsində 2004-cü ildən indiyədək rayonda dövlət vəsaiti hesabına 39, Heydər Əliyev Fondunun xətti ilə 9 yeni məktəb binası tikilmiş və ya əsaslı şəkildə təmir edilmiş, lazımi avadanlıqlarla təchiz olunmuşdur. Bütün bunlar təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Keçirilən fənn olimpiadalarında, müsabiqələrdə şagirdlərin qazandığı yüksək nəticələr bunu aydın şəkildə göstərir. Bu il rayon üzrə 628 nəfər ali məktəblərə daxil olmuşdur. Onların da 20 nəfəri 600, 87 nəfəri isə 500-dən çox bal toplamışdır. Məzunlardan 1 nəfəri qızıl, 1 nəfəri gümüş medala layiq görülmüş, 6 nəfəri respublika fənn olimpiadalarında I-III yerləri tutmuşlar. Yeni dərs ilində 4 modul tipli və 432 şagird yerlik Şıxakəran tam orta məktəbinin binası tikilib istifadəyə veriləcəkdir. Hazırda Haftoni qəsəbəsində 624, Viləvar kəndində 2 saylı məktəb üçün 360 şagird yerlik məktəb inşa olunur. Eyni zamanda inteqrasiya təlimli gimnaziya əsaslı təmir edilir.
Müalicə Diaqnostika Mərkəzinin açılışı ilə bərabər Uşaq Müalicə Mərkəzi də balacaların ixtiyarına verildi. Rayon mərkəzi xəstəxanası, habelə qəsəbə və kəndlərdəki səhiyyə ocaqları əsaslı şəkildə yenidən quruldu. Uzun illər istifadəsiz qaldığından bərbad hala düşən Lənkəran Şəhər Mədəniyyət Evi öz fəaliyyətini bərpa etdi, indi mədəniyyət mərkəzi statusunu daşıyır. Lənkəran şəhərinin mərkəzində inşa edilən üçmərtəbəli Gənclər Evi ali və orta ixtisas məktəblərində təhsil alan gənclərin sevimli məkanına çevrilib. Onlar vaxtaşırı olaraq bu ünvana toplaşır, ad günlərini qeyd edir, müxtəlif müzakirələr, disputlar, görüşlər təşkil edir, asudə vaxtlarını səmərəli və mənalı keçirirlər.
Həyata keçirilən tədbirlər nəticəsində əhalinin elektrik enerjisi ilə təminatı keyfiyyətli və davamlı şəkildə ödənilir. Bu gün qazlaşdırma rayon üzrə 96 faiz təşkil edir. Xanbulançay su dəryaçasından Lənkəran şəhərinə içməli su xətti çəkilmiş, kanalizasiya xətti yeniləşdirilmiş və bu istiqamətdə işlər davam etdirilir.
İtirilmiş
şöhrət geri qaytarılır
Prezident İlham Əliyev 2017-ci il sentyabr ayının 3-də Lənkərana səfəri zamanı çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirdi. Dövlət başçısı öz məruzəsində iqtisadi inkşafın yeni hədəflərini müəyyən etdi. Hazırda qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilməkdədir. Lənkəranın keçmiş şöhrəti geri qaytarılır, bunu qazanılan uğurlar da təsdiqləyir.
Sovetlər dövründə, xüsusən
1970-1980-ci illərdə Lənkəran rayonu Moskva şəhərinin
tərəvəz bazası hesab olunurdu. Xüsusi soyuducu
vaqonlarla kələm, pomidor, xiyar, digər kənd təsərrüfatı
məhsulları, habelə sitrus meyvələri Rusiyanın
paytaxtına göndərilirdi.
Çay plantasiyalarında, limon, naringi, portağal, feyxoa yetişdirilməsi ilə məşğul olan təsərrüfatlarda, tərəvəz sahələrində minlərlə adam işləyir, halal zəhməti ilə dolanırdı. SSRİ süqut edəndən sonra iqtisadiyyatımız zəiflədi... Dağıdılmış, altı üstünə çevrilmiş iqtisadiyyatı dirçəltmək, yenidən qurmaq lazım idi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə ardıcıl, sistemli işlər görüldü, islahatlar aparıldı. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ilkin olaraq torpaqların becərilməsi üçün mülkiyyətçilərə subsidiyalar, güzəştli mineral gübrələr verildi. Texniki təminat üçün yaradılan "Aqroservis”lər bir müddət fəaliyyət göstərib, "Aqrolizinq”ə çevrildi, yerlərdə onun filialları təşkil olundu. Müxtəlif adda kənd təsərrüfatı texnikaları güzəştli qaydada sahibkarlara satıldı. Bu günlərdə qəbul edilən qərar - ehtiyat hissələrinin daha sərfəli qiymətlərə satılması mülkiyyətçilərin ürəyincə oldu. Heyvandarlığın inkişafı üçün tədbirlər görüldü. Hər bir rayonda kənd təsərrüfatı idarələri yaradıldı və onlar indi aqrar inkişaf mərkəzləri kimi fəaliyyət göstərir. Bu sahədə Lənkəranda da misli görünməmiş tədbirlər həyata keçirildi, sahibkarlar üçün hər bir şərait yaradıldı.
Sovet dövründə respublikamızda 13,4 min hektar çay sahəsinin 7 mini Lənkəranın payına düşürdü və il ərzində həmin sahələrdən 34,4 min ton yaşıl çay yarpağı yığılırdı. Həmin məhsuldan 4,2 min ton quru çay istehsal olunurdu. Bununla respublika əhalisinin quru çaya olan tələbatının 50 faizini Lənkəran ödəyirdi. İndi Lənkəran çayının əvvəlki şöhrətini qaytarmağın zamanı gəlmişdi. Respublikamızdan kənarda yaşayan lənkəranlı iş adamları rayon iqtisadiyyatının inkişaf etdirilməsi üçün sərmayə qoydular. Onlardan biri də çayçılığı inkişaf etdirməyi qarşısına məqsəd qoymuş Araz Yaqubovdur. O deyir ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində yaşayırdım. Lənkəranda gedən geniş quruculuq işləri haqda eşidib vətənə qayıtmağı qərara aldım. Pay torpaqlarını satan adamlardan sahələr alaraq 2006-cı ildə "Yaşıl cay” adlı təsərrüfat yaratdım. 60 hektarda plantasiyalar salmağa başladım. İstəyim bu idi ki, təsərrüfat daha geniş olsun, daha çox adam işləyib ailəsini dolandırsın. Sonralar rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov bu sahədə mənə böyük kömək etdi.
Hazırda "Yaşıl çay” MMC-nin 150 hektar torpaq
sahəsi var. Bundan 70 hektarı çay, 6 hektarı sitrus meyvələri
və 2 hektarı tut bağlarıdır. Qalan torpaqlarda
isə saxladıqları 300 baş holland cinsli inəklər
üçün yem bitkiləri əkilir.
Çay
plantasiyaları adətən 7 ilə bara
düşür. Lakin burada çalışan mütəxəssis
və fəhlələr sahələrə nümunəvi
qulluq etdiklərinə görə 4-cü il
məhsul əldə etmişlər. Sahibkar Araz
Yaqubov çayın becərilməsi üçün xeyli
sayda texnikalar almış, kiçik həcmdə çay
fabriki yaratmışdır. Keçən il
"Yaşıl çay” MMC üzrə 96 ton yaşıl
çay yarpağı yığılmış və həmin
məhsuldan 19 ton keyfiyyətli quru çay emal olunmuşdur.
Xüsusi qutulara qablaşdırılan "Buket
çayı”, "Gül çayı”, "Premium”,
"Feyxoa çayı”, "Narın çay”, "Pürrəngi
çay”, "Qara məxməri çay”, "Ekstra”, "Zəncəfil
çayı”, "Xan çayı”, "Tibet çayı”
kimi məhsullar alıcılar tərəfindən rəğbətlə
qarşılanır. Bu çaylar Rusiya
Federasiyasına, Türkiyə, Gürcüstan və digər
ölkələrə də göndərilir.
Araz Yaqubov dövlət başçısının
baramaçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğu məsələlərin
yerinə yetirilməsi üçün də təşəbbüs
göstərir. Bu məqsədlə 2 hektar tut
bağı salınmışdır. Yaratdığı
yem bazası bu il 800 kiloqramdan çox
barama yetişdirməyə imkan vermişdir. 2016-cı
ildən Lənkəranda baramaçılığın
inkişafına başlanılıb. Mükəmməl
qidalanma bazası yaratmaq məqsədilə 139,7
min tut ağacı tingi əkilmişdir ki, bunun da 89 mini
Çin Xalq Respublikasından gətirilmişdir. Bu il rayonda 8,8 ton yüksəkkeyfiyyətli barama istehsal
edilmişdir.
Lənkəranda
çayçılığın inkişaf etdirilməsinə
çalışan digər sahibkarlar da var. Fərman Quliyev,
İltifat Kərimov, Mühəndis Cahangirov, Firqasim Məmmədov
və digərləri bu sahədə yorulmadan
çalışırlar. Hazırda rayonda 628,5
hektar çay plantasiyası mövcuddur və bunun da 483
hektarı yeni salınmışdır. Plantasiyalarda
məhsul yığımı davam edir.
Qədim əkinçilik mədəniyyətinə malik
olan Lənkəranda keçən əsrin 65-66-cı illərindən
çəltik əkini dayandırılmışdı. Mövcud
şərait, habelə çoxillik təcrübə son illər
çəltikçiliyin inkişafını yenidən
gündəmə gətirmişdir. Artan marağı nəzərə
alaraq "Green East” MMC, "Cənub Aqro” MMC, "Muğan
düyü” MMC çəltik əkini sahələrini ildən-ilə
genişləndirir. Əgər 2015-ci ildə Lənkəranda
108 hektar çəltik sahəsi var idisə, 2019-cu ildə bu
rəqəm 852 hektara çatdırılmışdır.
Cari ildə sahələrdən 40 min tona qədər
məhsul əldə edilməsi gözlənilir. Təsərrüfatlarda,
əsasən, yerli "Həsənli”, "Ənbərbu”,
"Qırmızı ənbərbu”, "Çampo”, "Sədri”,
"Yetimi”, "Apollo” və digər sortlar əkilir. Rayonda 3 çəltik emalı zavodu fəaliyyət
göstərir. Hazırda sahələrdə
çəltik məhsulu yığılır.
Çəltiklə
yanaşı, sitrus meyvələri: limon,
naringi, portağal, feyxoa, kivi bu torpağın başlıca
nemətləridir. Sadaladığımız
meyvələr subtropik iqlim şəraitində yetişir.
Belə bir iqlim isə Lənkəran, Astara və
qismən də Masallı rayonlarındadır. Son illər rayonda sitrus meyvə bağları
genişləndirilir və yeni məhsuldar sortlar əkilir.
"Gilan Aqro” MMC tərəfindən 2016-cı
ildən başlayaraq 100 hektar sahədə Cənubi Koreyadan gətirilmiş
hollabong sitrus meyvələri əkilmişdir. Onlar yerli sitrus bağlarından 2 dəfə
çox məhsuldardır. Keçən il
isə rayonun Tükəvilə kəndinin 150 hektar torpaq sahəsində
Türkiyədən gətirilmiş 100 min ədəddən
çox yeni məhsuldar sitrus meyvəsi tingləri əkilmişdir.
Həmin ağacları suvarmaq üçün
müasir suvarma sistemi, habelə qış aylarında yarana
biləcək şaxtanın təsirini sıfra endirə bilən
"Donqoruyucu Pərvanə” qurğusu
quraşdırılmışdır. Keçən il rayonda 1382 hektar sahədən 15 min ton sitrus
meyvələri yığılmışdır. Mütəxəssislər
bu il daha çox məhsul gözləyirlər.
Rayonda meyvə-tərəvəz məhsullarının
istehsalı və emalı ilə məşğul olan "Azərsun
Holdinq”in "Lənkəran Konserv” ASC, habelə "Gilan Lənkəran
Konserv Zavodu” fəaliyyət göstərir.
Qazanılan nailiyyətlərin nəticəsidir ki,
2017-ci ildən etibarən dekabr ayında Lənkəranda
"Çay, çəltik, sitrus” festivalı keçirilir. Zəhmətin
təntənəsi olan nemət dolu bu tədbir əsl el
bayramına, el şənliyinə çevrilir.
Turizm potensialı genişlənir
Lənkəranda gedən sürətli inkişaf turizm
sahəsində də özünü göstərməkdədir. Lənkəran
Turizm İnformasiya Mərkəzi tərəfindən Azərbaycan,
rus və ingilis dillərində rayonun turizm potensialını əks
etdirən bukletlər, flayerlər, təqvimlər müxtəlif
sərgilərdə nümayiş etdirilir, turistlərə
verilir. Yerli sənətkarların
hazırladıqları suvenirlər də turistlər tərəfindən
maraqla qarşılanır.
Rayon ərazisindəki Hirkan Milli Parkı ekoloji turizmin
inkişafına şərait yaratmışdır. Lənkəranın
aqrar rayon olması nəzərə alınaraq bu sahədə
də turizmin inkişafı üçün kompleks tədbirlər
görülür. Belə ki, çay
plantasiyalarına, çay emalı fabriklərinə turlar təşkil
edilir.
Lənkəran müalicəvi termal suları ilə də
məşhurdur. Burada müasir tələblərə
cavab verən ən böyük müalicə-istirahət
kompleksi inşa olunmuşdur.
Həmişə qonaq-qaralıdır
Lənkəran bütün dövrlərdə
qonaq-qaralı olub. Rayon tarix diyarşünaslıq muzeyinin
"Xatirə kitabı”nı vərəqlərkən bunun bir
daha şahidi oluruq. Sovet dövründə - 1970-ci illərdə
respublikamıza təşrif buyuran ən hörmətli,
nüfuzlu qonaqlar Bakıdan sonra Lənkərana gələr,
buranın əsrarəngiz təbiəti, tarixi abidələri
ilə tanış olar, insanları ilə
görüşüb söhbətləşərdilər. Təəssüratlarını "Xatirə
kitabı”na qeyd edərdilər. Rusiyanın
böyük şairi N.Tixonov Lənkəranı "Cənub
mirvarisi” adlandırmışdı. Bu
söz sonralar dillər əzbəri olmuşdur.
Lənkəran ABŞ-ın Kaliforniya ştatının
Monterey şəhəri ilə
qardaşlaşmışdır. 2010-cu ildən
başlayaraq Montereyin nümayəndələri Lənkərana,
cənub şəhərinin nümayəndələri isə
oraya gedib-gəlirlər. Bu il may
ayının 28-də Azərbaycan Respublikası Günü ilə
əlaqədar Lənkəranın nümayəndə heyəti
Monterey şəhərinə dəvət olunmuşdular. Tədbir iştirakçıları müstəqil
Azərbaycanın tarixi, bugünü, Qarabağ həqiqətləri,
Xocalı faciəsi, ermənilərin xalqımızın
başına gətirdiyi faciələr haqqında
danışaraq amerikalıları məlumatlandırmışlar.
Monterey şəhərinin rəhbərliyi
Respublika Günü münasibətilə ziyafət
vermişdir. Hər iki şəhər
arasında təhsil, səhiyyə, mədəniyyət və
sosial məsələlərlə əlaqədar təcrübə
mübadiləsi uğurla davam etdirilir.
Ağsaqqal sözü
Lənkəranda yaşlı nəslin nümayəndələri
təqaüdə çıxsalar da, rayonun ictimai-siyasi həyatında
yaxından iştirak edirlər. Onlardan biri də Sərhad
Məmmədovdur. Keçən əsrin
70-80-ci illərində Lənkəran Rayon Xalq Deputatları
Soveti İcraiyyə Komitəsinin sədri, Yardımlı Rayon
Partiya Komitəsinin birinci katibi vəzifələrində
çalışıb. Təqaüddə
olmasına baxmayaraq, fəal həyat mövqeyini davam etdirir.
Rayon Ağsaqqallar Şurası sədrinin
müavini kimi ictimai-siyasi işlərdə, xüsusilə gənclərin
vətənpərvərlik ruhunda tərbiyə edilməsində
bilik və təcrübəsini əsirgəmir. S.Məmmədov
söhbət zamanı dedi: "İndiki gənclərimiz
gözəl zəmanədə yaşayırlar. Bütün qapılar onların üzünə
açıqdır. İstədikləri
arzularına çatmaq üçün onlara hər cür
şərait yaradılıb. Bunların əsasını
Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu
Öndər müstəqilliyimizin möhkəmlənməsi
üçün düşünülmüş siyasət
yürütdü. Prezident İlham
Əliyev, respublikanın birinci xanımı Mehriban Əliyeva
bu siyasəti uğurla davam etdirirlər. Azərbaycan
dünyanın sürətlə inkişaf edən ölkələri
sırasındadır. Əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılması ilə əlaqədar tədbirlər
davam etdirilir. Sentyabrın 1-dən əməkhaqları,
təqaüdlər, müavinətlər 20-40 faiz arasında
artmış, minimum əməkhaqqı 250 manata
çatdırılmışdır. İndi
ölkəmiz tərəqqi edir. Bunu bizim Lənkəranda
daha aydın görmək olar. Prezidentin qarşıya
qoyduğu məsələlərin icrası üçün
rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov
bacarıqlı təşkilatçı, təcrübəli
işçi kimi məqsədyönlü iş aparır. Tikinti-quruculuq, abadlıq, habelə aqrar sahədə
məsələlər rayonda ardıcıllıqla öz həllini
tapır”.
P.S. Lənkəran
aydan-aya, ildən-ilə inkişaf edir, daha abad və gözəl
olur. Bunlar bu torpağın hər bir
övladını, oğlunu, qızını,
qocasını, cavanını sevindirir, doğma yurda
bağlılığını, sevgi və məhəbbətini
artırır. Onların hər biri bu cənub
şəhərinin sakini olması, burada yaşaması,
çalışması ilə fəxr edir, qürur hissi
keçirir, Lənkəranın şan-şöhrətini
qorumağa, daha yüksəklərə qaldırmağa səy
göstərir. Bu isə deməyə əsas
verir ki, cənub şəhərinin sabahı daha nurlu və
firavan olacaq.
Seyran CAVADOV
Azərbaycan.- 2019.- 13 sentyabr.- S. 6.