Azərbaycan elektrik enerjisinin
idxalçısından ixracatçısına çevrilib
Buna ölkədə həyata keçirilən islahatlar, infrastruktur layihələri nəticəsində nail olunub
Müstəqilliyimizin bərpasından sonra ölkədə müxtəlif sahələr üzrə nəhəng infrastruktur layihələri icra edildi. Enerji təhlükəsizliyinə nail olmaq və əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə bu sektorda da bir çox layihə həyata keçirildi. Məqsədə çatmaq üçün ötən dövr ərzində ölkə üzrə 31 yeni elektrik stansiyası inşa olunub ki, bunun da sayəsində 2500 meqavatlıq yeni güc yaranıb.
İri su elektrik stansiyaları ilə yanaşı, bölgələrdə kiçik çaylar üzərində də elektrik stansiyaları inşa edilib. Həmin obyektlər bölgədə elektrik enerjisinin təminatını yaxşılaşdırmaqla bərabər torpaqların suvarılmasına da töhfə verir. Bir sözlə, belə stansiyalar kənd təsərrüfatında məhsul istehsalını da stimullaşdırır.
Başqa sahələrlə
yanaşı, Azərbaycanda elektrik enerjisinin gücünün
artırılması, dayanıqlığının təmin olunaraq ölkəmizin hər bir
guşəsinə çatdırılması üçün
mükəmməl infrastruktur
yaradılıb. Bunun nəticəsidir ki, indi biz
özümüzü elektrik
enerjisi ilə tam təmin
etməklə bərabər onu həm də
böyük həcmdə ixrac
edirik. Təkcə ötən il enerji
ixracından 10 milyon
dollar vəsait əldə
olunub.
Prezident
İlham Əliyev bu il sentyabrın
5-də Bakıda "Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi mərasimində iştirak
edib.
Tədbirdə dövlət başçısına
məlumat verilib ki, ötən əsrin 50-ci illərində
iki mərhələdə
istifadəyə verilən
"Şimal” Elektrik Stansiyasının 1988-ci ildə
birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan
çıxarılmışdır. Buna görə
də Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq "Şimal-1” Elektrik
Stansiyasının tikintisi
üçün ölkəmizə
investisiyanın cəlb
edilməsinə nail oldu.
Həmin
investisiya sayəsində
2000-ci ildə əsası
qoyulan 400 meqavatlıq
"Şimal-1” stansiyası 2002-ci ildə istifadəyə verildi.
"Şimal-2” Elektrik Stansiyasının təməli
2011-ci ildə Prezident
İlham Əliyev tərəfindən qoyuldu.
Ərazisi 104,9 hektar, gücü 400 meqavat olan stansiyanın
fəaliyyəti ölkəmizin
enerji imkanlarını
daha da artıracaq.
Bu stansiyada Yaponiyanın
"Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə
elektrik generatoru və onların köməkçi sistemləri
quraşdırılıb.
Prezident
İlham Əliyev stansiyanın açılış
mərasimində demişdir:
"Hazırda ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-1” və "Şimal-2” elektrik
stansiyaları birlikdə
respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini,
Bakı və Abşeron yarımadası
üzrə 40-45 faizini
təşkil edəcək.
"Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin
yaxşılaşdırılmasına təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə
və regionlardan Bakı şəhərinə
verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində
elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan
199 milyon KVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq”.
Yeni elektrik stansiyası 57,4 faiz faydalı
iş əmsalına malikdir. Bu, Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Həmin elektrik stansiyası il ərzində 32,2 milyard KVts elektrik
enerjisi istehsal edəcək. Bu isə bir KVts elektrik
enerjisinin buraxılışına
214,3 qram şərti yanacaq sərf edilməsinə imkan yaradacaq. Açıqlanan rəqəm enerjisistemin
ümumi göstəricisindən
65 qram azdır.
İstismar edilən və
istismara yeni verilən "Şimal-1” və
"Şimal-2” elektrik stansiyalarının
bir üstünlüyü
də ətraf mühitə mənfi təsir göstərməməsidir.
Belə ki, ətraf mühitin mühafizəsi
məqsədilə stansiyada
xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının
və çirkab suların təmizlənməsi,
digər qurğular inşa edilib.
Ölkədə yeni müəssisələrin
yaradılması, iqtisadiyyatın
inkişafı enerjiyə
tələbatı ildən-ilə
artırır. Artan tələbatın ödənilməsi üçün
köhnə elektrik stansiyalarının modernləşdirilərək
onların gücünün
artırılması və
yeni stansiyaların inşa edilməsi tələb olunur. "Şimal-2” stansiyasının
da tikilməsində məqsəd ölkənin
elektrik enerjisində yaranan tələbatın ödənilməsinə nail olmaqdır.
Bu, iqtisadi cəhətdən
istehsal proseslərinin
səmərəliliyinin yüksəlməsinə,
elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə
azalmasına, ixrac potensialının artmasına
imkan yaradacaq. Bütün bunlar isə ümumilikdə ölkəmizin
iqtisadi potensialının
möhkəmləndirilməsi istiqamətində dövlət
tərəfindən atılan
addımların ardıcıl
və məqsədyönlü
şəkildə davam
etdiyini göstərir.
Rüstəm KAMAL
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 1;10.