Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb

 

Aşqabadda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın beşinci iclası keçirilib

 

Aşqabadda Türkmənistan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının beşinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Görüşdə tərəflər Azərbaycan və Türkmənistan arasında qardaşlıq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yüksək səviyyəli əməkdaşlığı qeyd ediblər.

Komissiyanın əvvəlki iclasında əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkənin müvafiq nazirlik və idarələri arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, habelə işgüzar dairələrin tərəfdaşlığın inkişafı ilə bağlı təkliflər nəzərdən keçirilib.

Tərəflər ticarətin artırılması və müxtəlif profilli müştərək müəssisələrin yaradılması, Bakıda Türkmənistan Ticarət EvininAşqabadda Azərbaycan Ticarət Evinin açılması imkanlarını, Türkmənistan-Azərbaycan işgüzar şurasının yaradılması məsələsini müzakirə ediblər.

Yüksək texnologiyalar və maşınqayırma sahəsində də daxil olmaqla ən yaxşı təcrübə mübadiləsi üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil edilməsinin zəruriliyi vurğulanıb. Tərəflər iki ölkə arasında avtomobil-bərə və dəmir yolu-bərə xidmətinin yaradılmasında, hava limanları vasitəsilə nəqliyyat əməliyyatlarının aparılması işinin intensivləşdirilməsində də maraqlı olduqlarını bildiriblər.

Görüşdə mədəni və humanitar xarakterli məsələlər də müzakirə edilib. İki ölkə arasında elm, təhsil, idmanturizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyi qeyd olunub.

Tərəflər Hökumətlərarası Komissiyanın növbəti iclasının gələn il Bakıda keçirilməsinə dair razılığa gəliblər.

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 6.