Dünyada kitab oxumaq artıq insanların ehtiyac
meyarına çevrilir
Beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak
həm ölkəmizin təbliğinə xidmət edir, həm də bu sahədə
əməkdaşlığa geniş
üfüqlər açır
Düşünmək olar ki, Yer kürəsini ovuc içi qədər kiçildən və yaxınlaşdıran virtual ünsiyyətin, sosial şəbəkələrin bu qədər çox olduğu dünyada nə kitaba, nə kitab sərgilərinə, nə də təbliğatına ehtiyac qalıb. Hamı informasiya almaq, ünsiyyət qurmaq ehtiyacını internet vasitəsilə təmin edir. Bu, təkcə bizdə deyildi, dünya virtual aləmə elə aludə olmuşdu, düşünürdün ki, yaxın onillikdə kitab, dəftər-qələm muzey əşyasına çevriləcək. Bir ara kitaba diqqət də azaldı, nəşriyyatlar bir-bir sıradan çıxır, mətbəələr suyu sovrulmuş dəyirmana çevrilirdi.
Lakin dünyada gedən proseslər insanlara anlatdı ki, kitab təkcə informasiya almaq üçün deyil, hər xalqın ədəbi dilinin, tarixinin, elminin gələcəyə daşıyıcısıdır, mədəniyyətlərə yol göstərən işıqdır, ən sədaqətli dostdur, təkliyin həmsöhbətidir, beynin müalicəsidir, inkişafdır, yaddaşdır. Sosial şəbəkələrin saya gəlməyəcək qədər mənfi təzahürləri varkən kitabdan insanoğluna heç bir zaman ziyan gəlməmiş, gəlməyəcək də! Bəlkə də bu acı təcrübə yaşanmasaydı, kitaba yenidən dönüş başlamazdı. Hansısa bir fikir adamı çox doğru deyib ki, kimsə dünyada kitabın dəyərini ödəməmişdir, yalnız çap xərcini ödəmişdir.
İllər öncə beynəlxalq kitab sərgiləri gec-gec təşkil olunurdu və biz də bu cür sərgilərə nadir hallarda qatılırdıq. Çünki həm yüksək tərtibatda nəşr olunan kitablarımız barmaqla sayılacaq qədər az idi və eyni zamanda bu sahədə beynəlxalq aləmlə əlaqələrimiz yaxşı inkişaf etməmişdi. Lakin çox keçmədən vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi, ölkəmizdə keyfiyyətli kitab nəşrində uğurlu addımlar atıldı. Xüsusilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağ münaqişəsinin tarixinə, orada törədilən terror hadisələrinə, Xocalı soyqırımına, qondarma erməni soyqırımına, o cümlədən mədəniyyətimizə, ədəbiyyatımıza, poeziyamıza, milli irsimizə həsr olunmuş poliqrafik cəhətdən çox keyfiyyətli kitablar nəşr olundu. Kitabçılığın dirçəldilməsi nisbətən oxucu auditoriyasının genişlənməsinə də səbəb oldu. Artıq neçə illərdir ki, Azərbaycan nəşriyyatları ölkəmizin reallıqları, iqtisadi inkişafı, cəmiyyətdə həyata keçirilən sosial siyasət və milli-mənəvi dəyərlərimizi yaşadan yüksək tərtibatlı kitablarla dünyanın ən inkişaf etmiş ölkələrində keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarının əksəriyyətində geniş şəkildə təmsil olunur. Bunlardan Türkiyə, Rusiya, Fransa, Almaniya, İran, Macarıstan, Böyük Britaniya, Misir kimi ölkələrin adlarını çəkə bilərəm.
Dünyanın sürətlə inkişaf etmiş ölkələrindən birinə çevrilən Azərbaycanda da 2006-cı ilin sentyabrından başlayaraq hər iki ildən bir beynəlxalq kitab sərgi-yarmarkası təşkil olunur. İlk dəfə Bakı Əl Oyunları Sarayında fəaliyyətə başlayan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası hər dəfə daha geniş miqyasda əhatə olunur, iştirak edən ölkələrin sayı artır.
Beynəlxalq kitab yarmarkaları təkcə sərgi-satışla məhdudlaşmır. Bu cür tədbirlərdə hər xalq özünün mədəniyyətini, coğrafi mövqeyini, turizm imkanlarını da təbliğ edir, görüşlər, imza günləri keçirir, yəni kompleks təbliğat xarakteri daşıyır. Məsələn, 2013-cü ildə Frankfurt kitab yarmarkasında Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan "Heydər Əliyev” fundamental kitab-albomun təqdimat mərasimi keçirilmişdir. 2015-ci ilin aprelində Londonda keçirilən Beynəlxalq Kitab Sərgisində "Azərbaycan Günü” təşkil olunmuş, I Avropa Oyunlarının təqdimat mərasimi keçirilmişdi. Bunların sayını xeyli artırmaq olar. Bu çərçivədə ziyalıların, alimlərin, xarici səfirlərin, diaspor təşkilatlarının iştirakı ilə müxtəlif kitab təqdimatları, yubiley tədbirləri, poeziya saatları da təşkil olunur. Sərginin keçirildiyi ölkədə yaşayan insanlarla, xüsusilə təhsil alan gənclərlə görüşlər keçirilir, diskussiyalar aparılır. Bir sözlə, hər sərgidə bu cür təqdirəlayiq tədbirlərimiz təşkil olunur. Bu o deməkdir ki, dünyanın nüfuzlu kitab sərgilərində mütəşəkkil iştirak etmək ölkəmizin təbliğatı ilə yanaşı, bu sahədə mühüm təcrübə qazanmağımıza töhfə verir. Bu tədbirlər həm də poliqrafiya işinin keyfiyyətinin daha da yaxşılaşmasına, dünyada kitab biznesinin genişlənməsinə səbəb olur.
Bu ilin sentyabr ayının 4-dən 8-dək Moskvada keçirilən 32-ci ənənəvi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz yenə də ən yüksək səviyyədə təmsil olundu. Mədəniyyət Nazirliyi ilə yanaşı, sərgi-yarmarkada "Azərnəşr” və "Şərq-Qərb” nəşriyyatları, "Azərkitab” kitab ticarəti mərkəzi, Gözdən əllilər kitabxanası da təmsil olunurdu. 36 kvadratmetr sahədə, xüsusi dizaynda qurulmuş pavilyonumuz sərgi-yarmarkanın iştirakçı və qonaqları tərəfindən diqqət və maraqla qarşılandı, stendimizdə bir sıra görüşlər keçirildi. Bu sərgi həm ziyarətçilərin çoxluğu, həm də onların sırasında uşaqların və gənclərin əksəriyyət təşkil etməsi ilə fərqlənirdi. Nümayəndə heyətimizin hər bir üzvü - Elbəy Əli, Rafiq Kazımov, Leyla Abbasi, Təranə Qəmbərova, Cəmilə Ələkbərova, Şəhla Vəliyeva yüksək mədəniyyətlə, səmimiyyətlə pavilyonumuza gələn hər kəslə təmas qurur, ölkəmiz, Qarabağ həqiqətləri haqqında geniş bilgi verirdilər. Bir məqamı da vurğulayım ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi, demək olar ki, hər gün nümayəndə heyətimizlə əlaqə saxlayırdı. Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov hər gün bir neçə dəfə zəng edərək sərginin fəaliyyəti haqqında məlumat alırdı. Bu, nazirliyin sərgiyə olan yüksək münasibətinin göstəricisidir.
Apardığımız kitabların hər biri Azərbaycan həqiqətlərini, mədəniyyətini, tarixini təbliğ edirdi. Eləcə də ölkəmizin siyasi xadimlərinin həyat və fəaliyyətlərini, Qarabağ həqiqətlərini əks etdirən, dövlət və dövlətçiliyimizə aid kitablar, Azərbaycan turizmi ilə bağlı broşürlər və suvenirlər nümayiş olunurdu. Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks edirən yüksək keyfiyyətli kitablar ziyarətçilərin diqqətini xüsusilə cəlb edirdi. Turistlərə ölkəmizin tarixini, qədim mədəniyyətini, təbiətini, mətbəxini, bir sözlə, görməli yerlərini anladan broşürlər və suvenirlər təqdim edir, stendimizə gələn ziyarətçiləri şəkərbura, paxlava və milli mətbəximizin digər nemətlərindən dadmağa dəvət edirdik. Yaşlılara və yeniyetmələrə kitab və broşürlər hədiyyə edirdik.
Rusiya Federasiyasının Mətbuat və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentliyinin Kitab sərgiləri və mütaliənin təbliği şöbəsinin müdiri Aleksandr Voropayev stendimizi ziyarətə gəlmişdi. A.Voropayevlə söhbət zamanı qarşılıqlı olaraq Bakı və Moskva kitab sərgilərində ölkələrimizin daha geniş şəkildə iştirak imkanları müzakirə olundu. Sərgi-yarmarkanın fəxri qonaq ölkəsi olan Belarus Respublikasının İnformasiya naziri A.Karlyukeviç də stendimizə gəldi. Sərgilənən kitablarımıza maraqla baxan nazir Karlyukeviç ölkəmizdə kitab sənətinin yüksək səviyyədə olduğunu bildirdi. Nümayəndə heyətimiz iki ölkə arasında mümkün nəşr layihələri, qarşılıqlı olaraq Bakı və Minsk kitab sərgilərində iştirakın genişləndirilməsi və s. barədə fikir mübadiləsi apardı. Qonağa bu il MDB-nin "Kitab sənəti” beynəlxalq müsabiqəsinin ən yüksək mükafatını - "Qran-pri”ni qazanmış nəşr - Nizami Gəncəvinin "Xosrov və Şirin” kitabı və digər nəşrlər hədiyyə edildi.
Oxucuların diqqətini bir məqama da yönəltmək istəyirəm. Son illər iştirak etdiyim beynəlxalq kitab sərgilərinin bir neçəsində Ermənistandan olan təmsilçilərlə, bizim sərgilədiyimiz kitablarla bağlı münaqişələr yaranıb. Və dəfələrlə bu münaqişənin iştirakçısı olmuşam. Hətta bu münaqişə davaya qədər irəliləyib. Çünki ermənilik heç bir zaman şəklini dəyişməmiş və anlaşılan heç bir zaman da dəyişməyəcək: saxtakar, davakar, yalan-palan, şər-böhtan və ana məsləkləri olan oğurluq. Moskvadakı sərgidə bizim pavilyonla müqayisədə ermənilərin pavilyonu çox kiçik, kitabları 20-30 dəfə bizimkindən az idi. Azərbaycan stendinə və kitablarımıza göstərilən diqqət, alıcı marağı ermənilərlə müqayisə olunmazdı. Bu fərq erməniləri qəzəbləndirmişdi.
Biz sərgiyə tarixçi E.Fayqlın "Armənskaə Mifomaniə”, ukraynalı professor Aleksandr Merejkonun "Problema Naqornoqo Karabaxa i Mejdunarodnoe pravo” və akademik Ramiz Mehdiyevin rus dilində nəşr olunan "Naqornıy Karabax - istoriə, proçitannaə po istoçnikam”, "Naüionalğnaə ideə Azerbaydjana v gpoxu qlobalğnıx transformaüiy” və "O polğze poznaniə istorii v formirovanii naüionalğnoy idei” kitablarını da aparmışdıq. Bu kitablar gərgin zəhmətin, elmi axtarışların məhsuludur, Dağlıq Qarabağ problemi, ermənilərin genetik xisləti, xalqımıza qarşı təcavüz siyasəti elə təkzibolunmaz tarixi mənbələrlə, tutarlı faktlarla yazılıb ərsəyə gətirilmişdir ki, onların əlində bunu yalanlayacaq heç bir bəhanə, fakt-sübutu yoxdur. Bu kitablar erməni yalanlarının ifşasına xidmət edən sanballı elmi araşdırma kimi diqqəti xüsusilə cəlb edirdi.
Hörmətli akademik Ramiz Mehdiyev açıq şəkildə qeyd edir ki, beynəlxalq problemlər ayrı-ayrı fövqəldövlətlərin maraqları baxımından deyil, beynəlxalq hüququn normaları və ölkənin milli maraqları çərçivəsində həll olunmalıdır. Kitablarda Qafqazda ermənilər tərəfindən yaradılmış münaqişələrin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verilir. Ermənilərin tarix boyu müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasəti elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən gətirilən faktlarla sübuta yetirilir. Akademik vurğulayır ki, münaqişə ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.
Kitab Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivləri barədə aydın və bitkin təsəvvür yaradır. Kitablarda ermənilərin Qarabağda və digər tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə məlumat verilir, həmçinin erməni-daşnak ideoloqlarının rəhbərliyi altında azərbaycanlılara və türklərə qarşı amansızlıqla həyata keçirilən soyqırımı, terror və deportasiya siyasətindən bəhs olunur. Problemin mahiyyətini ictimaiyyətə, xüsusən rusdilli oxuculara çatdırmaq baxımından böyük əhəmiyyətə malik olan bu əsərlər sərginin ən qiymətli kitablarından idi. Belə ki, mövzu ilə tanış olan ziyarətçilər, xüsusilə ziyalılar, araşdırmaçılar, tədqiqatçılar kitablardakı faktlarla bağlı bizimlə söhbət edir, bəzən bu söhbətlər diskussiyaya çevrilirdi. Biz də onlara ətraflı məlumat verir, bilgiləndirirdik. Bu marağı həzm etməyən ermənilər bir neçə dəfə akademik Ramiz Mehdiyevin, E.Fayqlın və A.Merejkonun kitablarını sərgidən çıxarmaq üçün oğurlamağa cəhd etdilər. Biz bunun qarşısını alsaq da, sonunda genetik xüsusiyyətləri olan oğurluq əməllərini qismən də olsa gerçəkləşdirdilər - stendimizdən oğurluq elədilər. Düzdür, bununla heç nəyə nail olmadılar, əksinə, kitabın təbliğinə xidmət etdilər və ətrafında daha ciddi müzakirələrin yaranmasına səbəb oldular. Ancaq onların heç dəyişməyən xislətləri hər dəfə keçirilən kitab sərgilərində özünü göstərir.
Sərgidə çoxsaylı kitabsevərlərlə yanaşı, Polşa, Macarıstan, Belarus, Rusiya, Serbiya və başqa ölkələrin naşirləri ilə tanış olduq, onlarla gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Hesab edirəm ki, bir neçə gündən sonra Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgi-Yarmarkası Moskvadakı sərgi-yarmarkadan heç də geri qalmayacaq. Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılıq qabiliyyəti bunu təxmin etməyə əsas verir. Bu cür əlaqələr beynəlxalq əməkdaşlığa da geniş üfüqlər açır, inteqrasiyanı gücləndirir. Belə sərgilərdə həm nəşriyyatlar, həm oxucular, həm də dostluq qazanır.
Əlövsət
AĞALAROV,
"Azərnəşr”in
baş redaktoru
Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 8.