Naxçıvanda ailə təsərrüfatları çoxalır

 

Naxçıvan Muxtar Respublikasında fəaliyyətini genişləndirən ailə təsərrüfatlarının sayı ildən-ilə artır. Belə ki, 2017-ci ildə keçirilən festivallara 201 ailə təsərrüfatı məhsul çıxarırdısa, ötən il onların sayı 319 olub, bu il isə 1000-i keçib.

Bu rəqəmlər "Ailə təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun keçirilməsi və torpaqlardan səmərəli istifadə olunması, meyvə-tərəvəz, bostan məhsullarının qurudulması və qablaşdırılması, eləcə də Naxçıvan qovurması istehsalının genişləndirilməsi və həmin məhsulların nümayişi, ixracının təşviqi və kataloqunun hazırlanmasının əhəmiyyəti” mövzusunda keçirilən seminar-müşavirədə səsləndirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu, Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.

Ordubad rayonunun Sabirkənd yaşayış məntəqəsindəki kənd mərkəzində təşkil edilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Zamiq Babayev bölgədə ailə təsərrüfatlarına göstərilən dövlət dəstəyi barədə danışıb.

Seminar-müşavirədə muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşı Oqtay Məmmədov, İqtisadiyyat Nazirliyinin əməkdaşı İlham Seyidov, Antiinhisarİstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı Əli Şərifov, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Loğman Bayramov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında 2019-cu ilin "Ailə təsərrüfatları ilielan olunması, aqrar sahəyə göstərilən hərtərəfli və davamlı dövlət qayğısı bu sahənin inkişafına stimul verib. Göstərilən qayğının nəticəsidir ki, əkin sahələri genişlənir, intensiv metodlara, mütərəqqi suvarmalara üstünlük verilir. Eyni zamanda, əkinlərin "Əkin atlasları”na uyğun aparılması ilə, növbəli əkin sistemindən yararlanmaqla sahələrdən daha yüksək məhsul əldə etmək olar.

2017-ci ildən başlayaraq muxtar respublikada ailə təsərrüfatlarının sayı artmaqdadır. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, istehsal olunmuş məhsulların satışı üçün əlverişli şəraitin yaradılması və keçirilən festivallar muxtar respublikada bu təsərrüfatların inkişafına hərtərəfli şərait yaradıb. Əldə olunan uğurlu nəticələr ailə təsərrüfatının inkişaf etdirilərək təkmilləşdirilməsinə öz töhfəsini verməkdədir.

 

Azərbaycan.- 2019.- 14 sentyabr.- S. 10.