Azadlıq
savaşının “Azərbaycan”ı
Tarixin çətin, ziddiyyətli və mübahisələrin meydan müharibələrində həll olunduğu Birinci Dünya savaşının sonunda "Azərbaycan” yarandı. Təkcə adının çəkilməsi uğrunda böyük mücadilə aparılan gənc, müstəqil Azərbaycan dövlətinin rəmzlərini səhifələrinə, sütunlarına daşıyan "Azərbaycan” ciddi çətinliklərlə ərsəyə gətiriləndə Qafqaz İslam Ordusu qoşunları, milli orkestr Güzdəkdən Bakıya nümayişə hazırlaşırdı.
Böyük zəfəri və qələbə sevincini sentyabrın 15-də "Azərbaycan” xəbər verdi. Mətbəədə kağız və hürufat çatışmazlığı qələbə müjdəli qəzetin ilk sayının çapını ləngidə bilmədi.
"Azərbaycan”ın bu sayı xalqın azadlıq ruhunu əks etdirən yazılarla, hərbi faktlar və informasiyalarla zəngindir. İlk sayda xeyli təbrik teleqramları dərc olunub ki, bu təbriknamələrdən ən önəmlisi Azərbaycan milli hökumətinin baş naziri Fətəli Xan Xoyskiyə məxsusdur. F.Xoyski Qafqaz İslam Ordusu komandanlığına əsgər və zabitlərə öz səmimi minnətdarlığını bildirirdi.
"Azərbaycan” sentyabrın 19-da dərc olunan ikinci sayında Türkiyədə danışıqlar aparan Milli Şura sədri M.Ə.Rəsulzadənin baş nazir Fətəli Xan Xoyskiyə ünvanladığı təbrik teleqramını xalqa çatdırdı: "Paytaxtımızın istibdadından dolayı təht-idarə alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərinin ixtilası üçün sarsılmaz bir qələyi mətin olması ümidi ilə bütün arkadaşlarımızla öpüşürüz”.
Bakı azad olunduqdan sonra 31 Mart soyqırımına görə nəşrini dayandırmış bir çox qəzetlər fəaliyyətlərini bərpa etdilər, Türkiyə və Gürcüstana media əlaqələri, xəbərləşmə imkanları bərpa olundu. Azərbaycan mətbuatı Türkiyəyə, Türkiyə mətbuatının da Azərbaycan mətbuatına istinadən xəbərlər çap olundu və analitik yazıların, reportajların dərcinə üstünlük verildi.
Anadoluda nəşr olunan "Yeni gün” qəzetinin ilk səhifəsində dərc etdiyi Bakının azad olunması xəbərini "Azərbaycan” qəzeti öz səhifələrində əks etdirərək yazırdı: "Bakıda artıq Azərbaycan bayrağı dalğalanır. Azərbaycan hərbi hissələri Bakını azad etmişlər. Eyni dinə və eyni qana sahib olduğumuz qardaşlarımızı təbrik edirik. Bəlli olduğuna görə, axır vaxtlar Azərbaycanın paytaxtı olan Bakı kiçik bolşevik dəstələrinin, erməni avantüristlərinin əlində idi ki, onu da azərbaycanlıların milli-hərbi qüvvələri sıxışdırıb çıxardı”.
N.Y. imzası ilə Azərbaycan gənclərinə müraciət edən istiqlal savaşının əsas ideoloqlarından biri - "Tərcüman”, "Açıq söz” qəzetlərində yazıları ilə çıxış edən Nəsib bəy Yusifbəyli bu tarixi günə geniş məqalə həsr edərək gəncləri hərbi səfərbərliyə çağırırdı: "Şimdi sizə, ey Azərbaycan dəliqanlıları, sizə müraciət ediyorum. Üzərinizdə nə qədər ağır vəzifə olduğunu biliyorsunuzmu? Artıq meydanda heç bir bəhanə qalmadı. Vətənimiz düşməndən xilas oldu və oluyor. Silah istəyirsiniz, qardaşlarınız sizin üçün tədarük ediyor... Haydı, silah başına. Üç aya qədər səndən 100 min əsgər istərəm və görəcəyəm”. N.Yusifbəyli gərgin hərbi-siyasi dönəmdə müstəqil Azərbaycanın istiqlalının qorunmasında ordu quruculuğunu əsas götürür, gəncləri hərbə çağırır və hər bir vətəndaşı bu yolda səfərbərliyə səsləyirdi.
Güzdəkdə hadisələrin gedişini izləyən ordu heyəti 16 sentyabrda Bakıya daxil oldu. Türk dünyasının ikinci İstanbulu rolunu oynayan Bakı uğrunda türk və Azərbaycan əsgərlərinin, silahlı dəstələrin çiyin-çiyinə eyni səngərdə döyüşməsi ortaq türk tarixi üçün çox şərəfli bir səhifəyə çevrildi.
Sentyabrın 17-də Bakıya daxil olan Azərbaycan hökuməti yaranan qarşıdurmanın milli qırğın səviyyəsinə qalxmasına imkan vermədi.
Xalqımızın bu bayram əhvali-ruhiyyəsinə toxunan "Azərbaycan” qəzeti yazırdı: "Bizim də həyatda yaşamağa hüququmuz vardı. Heç bir zirehli maşın, hidroplan, aeroplan, məftilli çəpər, mina və sair texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında sükutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır”.
Paytaxtın geri alınmasından sonra mətbəəsi 1918-ci ilin 31 martında dağıdılan "Açıq söz”, "Bəsirət”, "Kaspi” və bir çox qəzetlər öz fəaliyyətini bərpa etdi.
Azərbaycan paytaxtının türk əsgərinin köməyi ilə azad edilməsi Azərbaycan xalqına sonsuz bir sevinc gətirdi. Ordu komandanlığı sentyabrın 16-da bu təntənəli tarixi qeyd etmək üçün əmr verdi, hərbi hissələrin paradını, rəsmi keçidini təşkil etdi.
Qəhrəman əsgərlərin əhatəsində rəsmi keçidin təşkil olunduğu yerə gələn Xəlil və Nuru paşalar, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Nazim bəy Ramazanov xalq tərəfindən böyük sevgi, sonsuz təşəkkür hissləri, həmrəylikdən doğan şüarlarla qarşılandı. Azərbaycan və Osmanlı əsgərləri qəhrəman qazilər sifətiylə qucaqlaşdılar. Azərbaycan türkləri Bakının qurtuluşunu müqəddəs Qurban bayramında qarşıladığından bu gün ikiqat bayrama çevrildi. "Azərbaycan” qəzetinin səhifələrindən görünür ki, sentyabrın 15-də Bakı tarixin ən həyəcanlı və xoşbəxt günlərini yaşayıb.
Sentyabrın 17-də şəhərə daxil olan Azərbaycan hökuməti Gəncədə başlayan dövlət quruculuğu proseslərini davam etdirir, vətəndaşların dinc şəraitdə yaşaması, fəaliyyət göstərmələri üçün ciddi addımlar atır, təhsil-səhiyyə sahəsində milliləşmə proqramları həyata keçirirdi.
Bir tərəfdən Azərbaycanın istiqlalını tanıtmaq üçün diplomatik səy göstərilirdisə, digər tərəfdən ölkədə siyasi vəziyyətin normallaşması, hakimiyyətsizlikdən yaranan anarxiyanın, başıpozuqluğun qarşısının alınması tədbirləri həyata keçirilirdi. Azərbaycan hökumətinin Bakıya köçməsiylə baş nazir Fətəli Xan Xoyski hökumət bəyannaməsini müxtəlif qəzetlərdə, o cümlədən "Azərbaycan”da dərc etdirdi: "Paytaxta, Bakıya köçmüş Azərbaycan hökuməti şəhərdə və ətrafda yaşayan bütün əhaliyə din və millət fərqi qoymadan əmr edir: Azərbaycan hökumətinin tabeliyi altda yaşayan heç bir millətə pis münasibət bəslənməyəcək, caniləri, soyğunçuları, qatilləri və camaatın asayişini pozanları hökumət ağır cəzaya, edama belə düçar edəcəkdir. Əhali bunu bilməlidir ki, cinayətlə, soyğun və qarətlə məşğul olanları harada görsələr, lazımi orqanlara xəbər versinlər. Azərbaycan hökumətinin şan və şərəfinə yaraşmaz ki, onun paytaxtında günahsız adamların haqq və hüququna təcavüz olunsun”.
Qafqaz İslam Ordusu komandanı Nuru Paşa öz xatirəsində gənc Azərbaycan Cümhuriyyətində bir çox məsələlər kimi, mətbuatın vəziyyətinə də toxunaraq yazırdı: "Bakıda "Azərbaycan” namında bir türkcə (rəsmi hökumət qəzetəsi) və bir də rusca qəzet nəşr edilirdi. Bu qəzetlər mövqe komandanlığından bir senzor heyəti tərəfindən müraqiə edilirdi”.
Əsasən hərbi məzmunlu yazılarda senzorun qayğısına məruz qalan hissələr, ağ yerlər 1918-ci il sentyabrın 15-dən noyabrın 17-dək çap olunan "Azərbaycan” qəzetinin nüsxələrində açıq-aydın görünür ki, bu da gənc Azərbaycan Cümhuriyyətini yalnız hərbi-ideoloji və siyasi təxribatlardan qorumaq mahiyyəti daşıyırdı.
Gənc Azərbaycan Cümhuriyyətinin öz paytaxtına köçməsini təbrik etmək üçün Almaniya və Gürcüstandan nümayəndə heyətləri çox keçmədi ki, Bakıya gəldi. Onların əsas məqsədi Azərbaycanla iqtisadi-siyasi və təhlükəsizlik müqavilələri imzalamaq idi. Gəncə ilə Bakı arasında fəaliyyəti bərpa olunan dəmir yolu ilə çox rahat şəkildə Bakıya ilk dəfə knyaz Maqalovun rəhbərliyi ilə nümayəndə heyəti gəldi və cümhuriyyət rəhbərləri ilə görüş keçirdi. "Azərbaycan” qəzeti bu səfər barədə müfəssəl məlumat verərək yazırdı: "Srağagün gürcü heyəti mürəxəssəsi knyaz Maqalov təxti-sədarətində Azərbaycan heyəti-vükəlasını ziyarət edib, onu öz paytaxtı olan Bakıya köçməsi münasibətilə təbrik etmişdi”.
Azəbaycan milli hökumətinin paytaxtı Bakıya köçürməsindən sonra Rus Milli Şurası da öz soydaşlarının taleyi ilə maraqlanmağa başladı. Şamaxıdan Bakıya köç edən rusların geri dönməsi, təhlükəsizliyi barədə narahatlıqlarına hökumət səviyyəsində aydınlıq gətirildi. Azərbaycan milli hakimiyyətinin Azərbaycan Cümhuriyyətinin vətəndaşı olan hər kəsin mal və təhlükəsizliyinə tam təminat verildiyi onların diqqətinə çatdırıldı.
Almaniya dövlətinin Qafqaz siyasəti ilə məşğul olmağa məmur edilən nümayəndə heyətinin rəhbəri "Azərbaycan” qəzetinin müxbirinə qısa müsahibə verərək deyirdi: "Almaniya hökuməti Azərbaycan Cümhuriyyəti ilə dostanə bir münasibət üzərində olduğu üçün Bakıya heyət göndərmək lazım görüldü. Azərbaycan Cümhuriyyəti ilə sülh müqaviləsi üçün buraya gəldik”.
F.X.Xoyskinin rəhbərlik etdiyi milli hökumət üzvləri ilə yanaşı, Qafqaz İslam Ordusunun komandanlığı əhali ilə ünsiyyəti artırır, onların problemləri ilə yaxından tanış olur, hətta Nuru Paşanın qəbul saatları ilə bağlı qəzetlərdə elanlar dərc edilirdi: "Bütün hamıya ərz edirəm ki, Azərbaycan ordusunun baş komandanı əlahəzrət cənabları ilə şəxsi görüşün, bütün vətəndaşlar ziyarətə bir gün qalmış baş komandanın baş adyutantına yaxınlaşaraq qəbula yazılsınlar. Ziyarətçilər gün ərzində saat 10:00-dan 12:00-a qədər qəbul oluna bilərlər”.
Bütün bu tədbirlərlə yanaşı, ordu komandanlığı ətraf rayonlara səfər edir, xalqla birbaşa təmas qururdu. Nuru Paşanın növbəti səfərlərindən biri oktyabrın 5-də Qubaya oldu. Səfərlə bağlı reportaj dərc edən "Azərbaycan” qəzeti yazır ki, ruhanilər başda olmaqla bir neçə min əhali paşa cənablarını böyük sevgi və coşqu ilə qarşılayıb. Şəhər xalçalarla bəzənib, damlarda bayraqları küləklər oxşayır. Küçələrə xalçalar, gəbələr döşənib. Salavat səsləri və "min yaşa, paşam” alqışları eşidilir, ta uzaqlara gedir. Avtomobillər irəliləyirlər. İki tərəfdə adamlar dayanıb. Quba qaimməqamı Əmir Xan Xoyski paşaları qarşılayıb ruhanilərlə birlikdə salamlayır”.
Azərbaycanın istiqlala qovuşması üçün böyük fədakarlıqlar göstərən, Bakı azad olduqdan sonra Baku ləqəbini götürmüş Mürsəl Paşa, qəzetlərin verdiyi məlumata görə, şəhər xəstəxanalarına gedib yaralı əsgərlərə baş çəkib, onlara tütün, təsbeh paylayıb, vəziyyəti ilə maraqlanıb. Bütün bu addımlar insanlarda orduya inam, sevgi yaradır, insanlar rahat dolanır, asudə fəaliyyət göstərirdilər.
Türk əsgəri ilə Azərbaycan oğullarının çiyin-çiyinə verib Azərbaycanın istiqlalını qorumağını, müstəqil milli ordumuzun formalaşmağını istəməyən qüvvələr isə şayiələr yayır, Türkiyə ordusunun tezliklə geri çəkiləcəyi barədə danışırdılar. Bu cür məlumatların yayılmasının qarşısını almaq üçün Nuru Paşa qəzetlərdə çıxış etməyə məcbur oldu: "Mənə çatan məlumatlara görə, bədniyyətli insanlar Azərbaycandakı Osmanlı hökumətinin qoşunlarının geriyə - Türkiyəyə qaytarılmasına dair şayiələr yayırlar. Osmanlı dövlətinin hazırda Azərbaycan ərazisində olan bir qrup əsgərə ehtiyacı yoxdur. Hərbi hissələrin yeniləri ilə əvəzlənməsi, xidmət yerlərinin dəyişdirilməsi heç də qoşunların geri çəkilməsi demək deyil. Tanrıya şükür ki, Azərbaycan hər cür düşmən niyyətlərinə duruş gətirmək üçün kifayət qədər güclüdür və gələcəkdə də bu cür olacaqdır”.
Məqsədli şəkildə yayılan bu cür şayiələrə baxmayaraq, Bakı öz rahat həyatını yaşayır, şəhərdə milli ab-hava hökm sürürdü.
Gəncədə milli zabit məktəbinin açılışına xüsusi diqqət yönəldən "Azərbaycan” qəzeti milli hərbi kadrların hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayır, tədbirdən irihəcmli reportaj çap edərək bu buraxılış mərasiminin tariximiz və millətimiz üçün nə qədər böyük əhəmiyyət daşıdığını qeyd edərək yazırdı: "Üzünü gənc hərbçilərə tutan Nəsib bəy bütün zamanlar üçün səslənəcək fikirlər səsləndirərək deyirdi: "Turan balaları! Həyat üçün pul, bir dəxi pul lazımdır”. Bu sözləri Napoleon demişdir. Mən isə deyirəm: "Həyati-milliyyə və namus üçün süngü və bir də süngü lazımdır. Allah ömür versin xəlifeyi-zəmanəmizə. Bizə nicat onların zabitləridir”. Məktəbin ilk buraxılış mərasimində şəhər bələdiyyəsi adından Ələsgər bəy Xasməmmədov, sonra Şeyxülislam Molla Məhəmməd Pişnamazzadə danışıb, Qurandan ayələr oxuyub.
Azərbaycanın müstəqilliyinin təmini üçün ordu quruculuğuna önəm verən milli mətbuat orqanlarında əsgərliyin hər bir insan üçün xüsusi əhəmiyyət daşıdığı, islamın da vacib şərtlərindən olduğu qeyd olunur, bu yöndə təbliğata önəm verilirdi.
1918-ci il 31 mart - 2 aprel soyqırımı zamanı Bakını tərk edən əhali, onların sırasında olan ziyalılar da İrandan geri dönürdülər. Bu barədə "Azərbaycan” qəzeti 25 oktyabr 1918-ci il tarixli sayında yazırdı: "Üç gün əvvəl Ənzəlidən bir minik paraxodu varid oldu. Bunlar mart hadisələrində İrana qaçmış müsəlmanlar idi. Bunlar Bakının alınması xəbərini eşitdikdən sonra Bakıya gəlmək istəsələr də, ingilislər maneə törətmişlər”.
İrandan Bakıya dönənlərdən biri də məşhur Azərbaycan aktyoru Mirzağa Əliyev idi ki, bu xəbəri "Azərbaycan” qəzeti elə həmin sayda öz səhifələrinə köçürüb: "Mart hadisələrində davada yaralanandan sonra Rəştə gedib Küçük xanla bərabər ingilislərlə dava edən məşhur artistimiz Mirzağa Əliyev 4 gündür ki, Təbriz təriqiylə Bakıya gəlmişdir”.
Bolşevik-daşnak birləşmələrinin martın 31-dən aprelin 2-dək Bakıda törətdikləri soyqırımı zamanı yerli müsəlman əhalinin evləri də qarət olunmuşdu. Bakı işğaldan azad olunandan sonra Azərbaycan milli hökumətinin və Qafqaz İslam Ordusu komandanlığının səyi ilə qarət olunan əşyalar bir yerə toplanıldı və əhalinin özünə qaytarıldı: "Mart hadisatı zamanı əhalidən yəğma edilmiş və əhalidən alınıb Birjovı və Krasnovodski caddələrinin küncündəki Bünyadovun evində saxlanılan malları təyin edən heyət mützədarlara elan edir ki, əşya sahibləri caharşənbə, cümə günləri saat 10-dan axşam 10-a kimi kəndi əşyalarını tanıyıb alsınlar”.
Azərbaycanın öz paytaxtına qovuşması müstəqil dövlətçilik tarixinin bərpasının yeni bir mərhələsinin başlanğıcı oldu. İstiqlalın qorunması və ərazi bütövlüyünün təmini milli mətbuatın, xüsusən iki dildə nəşr olunan "Azərbaycan” qəzetinin əsas istiqaməti idi. "Azərbaycan” qəzeti ilə yanaşı, "Açıq söz”, "Bəsirət”, "Kaspi” qəzetləri, yenicə nəşrə başlayan "Şeypur” jurnalı müstəqilliyin əleyhinə təbliğat aparanlara sərt cavablar verir, dövlətçiliyin möhkəmlənməsinə öz töhfələrini bəxş edirdilər.
Birmənalı qeyd etmək olar ki, üç il ərzində 443 nömrəsi işıq üzü görən, cümhuriyyətin şərəfli tarixini özündə yaşadan "Azərbaycan”ın fəaliyyət istiqamətləri Qərb mətbuatının əsas prinsipləri üzərində qurulub. Müstəqil dövlətçiliyə ideoloji-siyasi dəstək, elm və təhsilin, sosial durumunun gerçək mənzərəsi, obyektiv xəbərçilik siyasəti bu qəzetin əsas yaradıcılıq prinsipləri olub. Dövrün dəyişən siyasi ab-havasında, dünyanın siyasi xəritəsinin yenidən cızıldığı bir dövrdə, təbii ki, Azərbaycanın müstəqilliyinin qorunması qəzetin əsas qayəsi idi və bu dəyişiklik bu mətbu orqanın səhifələrində də sezilir. Fikrimizcə, "Azərbaycan”ın üç illik fəaliyyətində yaradıcılıq yeniləşməsinin üç mərhələsi mövcuddur. İlk mərhələ 1918-ci il sentyabrın 15-dən noyabrın 17-dək olan dövrdür. Əsasən ordu quruculuğuna, hərbi xidmət və səfərbərliyə, milli ovqatın yüksəldilməsinə yönələn qəzetin bu dövrdəki fəaliyyətini, bir növ, romantik qəzetçilik dövrü adlandırmaq olar. İkinci dövr Qafqaz İslam Ordusunun geri çəkilməsi, qalib qismində müttəfiq ordular komandanı Tomsonun Bakıya daxil olması ilə başlayır və bundan sonra "Azərbaycan”ın əsas diqqəti parlament, hüquq, ədliyyə və təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmağa yönəlir. Ərazi bütövlüyünün təmini, bolşevizmə qarşı mübarizə və milli ordu quruculuğu da bu dövrdən başlayaraq 1920-ci ilin yanvarınadək qəzet səhifələrində davam etdirilib.
1920-ci il yanvarın 14-dən sonra Azərbaycan Cümhuriyyəti müstəqilliyinin Avropada təsdiqindən sonrakı dönəmlər "Azərbaycan” üçün yeni şanslar yaratdı. Amma təəssüf ki, bu dövr qısa oldu və 1920-ci il aprelin 28-i müstəqil Azərbaycan Sovet Rusiyası tərəfindən işğal altına alındı.
Akif AŞIRLI
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 1;
8.