Şamaxı və
İsmayıllı rayonları sürətli inkişaf
yolundadır
Dövlətin öz vətəndaşına
göstərdiyi qayğının daha bir təzahürü
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
sentyabrın 14-də Şamaxı rayonuna səfərini
başa çatdıraraq İsmayıllı rayonuna gəlib.
Bu
ilin fevralında baş verən zəlzələ
İsmayıllı rayonuna da ziyan vurub. Dövlətimizin
başçısı bu rayonda da zəlzələnin ziyan
vurduğu evlərin bərpası ilə bağlı
tapşırıqlarını vermişdi.
AZƏRTAC
xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva
İsmayıllı rayonuna səfəri çərçivəsində
Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ
nəticəsində qəzalı vəziyyətə
düşmüş evin yerində inşa edilən yeni evə
gəldi, burada yaradılan şəraitlə tanış oldu.
Birinci
vitse-prezident Mehriban Əliyeva: Sizi yeni evinizdə xoş
gördük.
Sədiqə
Orucova: Xoş gəlmisiniz. Çox sağ olun.
Mehriban
Əliyeva: Zəlzələ evinizi tam yararsız vəziyyətə
salmışdı?
Sədiqə
Orucova: Bəli. Çox sağ olun. Nə yaxşı ki, Siz gəldiniz.
Minnətdarıq.
Birinci
vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin
salamlarını çatdıraraq, gələcəkdə
yeni evdə ancaq xoş hadisələrin qeyd olunmasını
arzuladı.
Mehriban Əliyeva dedi:
-Mən
cənab Prezidentin tapşırığı ilə
Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm.
Çox şadam ki, bizim vətəndaşlar belə qısa
bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin
olunmuş evdə yaşayırlar. Bir çox evlər demək
olar ki, yenidən tikilir, 2 minə yaxın evdə bərpa
işləri aparılır. Mən çox şadam ki,
işlərin demək olar yarısı tamamlanıb.
Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə
yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu
da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi
ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün
tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib
istifadəyə verilir, tibb məntəqələrində bərpa
işləri aparılır, eyni zamanda, Şamaxıda
çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa
olunur. Yəni, bu, dövlətin öz vətəndaşına
göstərdiyi qayğının təzahürüdür.
Azərbaycan dövlətinin siyasəti hər zaman
sosialyönümlü olub və bu addımlar davam edəcək.
Həm cənab Prezident, həm də hökumət tərəfindən
atılan addımların əsas məqsədi Azərbaycan
xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın
sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması, onları narahat edən
problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir
ki, bu istiqamətdə ardıcıl işlər
aparılır.
Birinci
vitse-prezident Mehriban Əliyeva ölkədə görülən
işlərdən danışarkən, regionların
sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətini
vurğuladı, bu gün bütün rayonlarımızın
abadlaşdığını, yeni infrastrukturla təmin
edildiyini, yeni iş yerlərinin yaradıldığını
qeyd etdi.
Mehriban
Əliyeva: 2004-cü ildən regionların sosial-iqtisadi
inkişafı proqramı həyata keçirilir. Biz
keçmişə nəzər salsaq görərik ki,
bütün ölkə üzrə, bütün
rayonlarımız, regionlarımız, qəsəbələrimiz,
kəndlərimiz nə qədər abadlaşıb. Yeni
infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni
müasir xəstəxana tikilib, ölkədə mövcud olan
5 min məktəbdən 4 minə yaxını ya bərpa
olunub, ya da yenidən inşa edilib. Yəni, bu, bütün
istiqamətlərdə aparılan işlərdir. Regionlarda həm
sənaye parkları, həm də aqroparklar salınır. Bu,
öz növbəsində, yeni iş yerlərinin
açılmasıdır, əhalinin məşğulluğudur.
Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan
Prezidenti tərəfindən atılan addımlar və
proqramlar davam edəcək. Əlbəttə, bu işlər
Azərbaycanın gələcək inkişafına, Azərbaycan
xalqının yaşayış şəraitinin daha da
yaxşılaşmasına xidmət edəcək.
Zəlzələdən
əvvəl evin sahəsi 70 kvadratmetr idisə, yeni ev 100
kvadratmetrdir. 11 sot həyətyanı sahəsi olan evin
otaqları tam təmir edilib.
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 5.