Yabanı bitkilərə
yabanı münasibət
Bu, meşələrimizi məhv edə
bilər
Azərbaycanın təbiəti zəngindir. Təkcə meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Yabanı meyvələrdən adi qoz, alma, armud, zoğal, alça, əzgil, fındıq, xurma, yemişan, şabalıd və s. min tonlarla məhsul verir. Onu da qeyd etmək lazımdır ki, bu meyvələrdən 30 faizi istismar əhəmiyyətli məhsullardır. Bir qismi isə dövlət tərəfindən tədarük edilir.
Ölkəmizin təbii coğrafi xüsusiyyətləri müxtəlif olduğuna görə ayrı-ayrı regionlarda müxtəlif tip yabanı bitkilərə rast gəlinir. Ümumiyyətlə, ərazimiz zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli bitki növü yayılmışdır. Bitki növlərinin sayına görə Azərbaycanın florası Cənubi Qafqazda fərqlənir. Regionda bitən bitki növlərinin 66 faizi ölkəmizdə mövcuddur.
Təbiətimizin zənginliyini və müxtəlifliyini qorumaq üçün Ekologiya və Təbii Sərvətlər Nazırliyi tərəfindən ciddi addımlar atılır. Meşələrin İnkişafı Xidmətinin tabeliyində fəaliyyət göstərən mərkəzlər 2001-2018-ci illərdə tinglik sahəsinin yaradılması məqsədilə 2947 ton toxum tədarük etmişdir. Bunun nəticəsində ötən il yarım milyarddan artıq (521 milyon ədəd) ting yetişdirmək mümkün olmuşdur. Yalnız ötən bir il ərzində 175009 ha ərazidə meşəbərpa tədbirləri həyata keçirilmişdir. Aqrobağların salınması məqsədilə 58585 ha sahədə 108 milyon 146,86 min ədəd müxtəlif meşə və meyvə cinslərindən ibarət ağaclar əkilmişdir. Eyni zamanda ölkədə baramaçılığın inkişafı sayəsində 2016-2018-ci illərdə 1,6 milyon ədəddən çox tut tingləri yetişdirilmişdir.
Amma bu müsbət rəqəmlərin fonunda mənfi bir tendensiya da özünü büruzə verir. Meşələrdən güzəranlarına ruzi qatanlar var. Əgər onların meşəyə münasibəti qəbul edilən və bir qədər də mərhəmətli olsaydı, bu barədə danışmağa dəyməzdi. Lakin dövlətin meşələrin bərpası ilə bağlı gördüyü böyük işlərin əvəzində onların təbiətə sərt münasibəti bağışlanılmazdır.
Artıq bu aydan meşədə yabanı meyvələr yetişməyə başlayır. Bir azdan elə də böyük pul qazanmayan, amma güzəranlarına qəpik-quruş əlavə edən bir bölük adam düşəcəklər meşələrin canına və başlayacaqlar yemişanı, çaytikanını dərib satışa çıxarmağa. Həmişə meşə meyvələrini yığıb satanlar olub, amma indi bunu əvvəlki kim etmirlər. Yeni qaydalar "kəşf” ediblər: yemişan, çaytikanı ağacının budaqlarını qırıb, ya da elə kökündən baltalayıb meyvəsini dərirlər. Bütün meşəətrafı kəndlərin hərəsində 4-5 belə adam var ki, bir ayaqları meşədə, çay kənarlarında, o birisi də bazardadır. Qoy qazansınlar, buna kimsə yox demir. Amma ağacların kökünü kəsmək təbiətə qəsd etmək deyilmi?
55 il əvvəl oxuduğum kənd məktəbində Qubat adlı müəllimimiz var idi. Bizə biologiya dərsini hərdən məktəbin bağında, ağacların dibində keçərdi, qələm vurmağı, təbiəti sevməyi öyrədərdi. Qubat müəllim neçə ildir ki, dünyasını dəyişib. Ancaq dedikləri sırğa kimi bu gün də qulaqlarımızdan asılıb: "Bir budaq qıranda sanın ki, qolunuzu sındırdınız!”
Biz də müəllimin dediyindən ibrət alardıq, kəndimizin arxları boyu qovaq qələmləri əkərdik, bağımızda qələm vurardıq və sevinərdik ki, təbiəti qoruyuruq. Sonralar bu qovaqları kəsib ev tikdilər, dam bağladılar. Meşənin də başı ağrımadı balta səsindən. Amma indi belə deyil. Şəhərlər böyüdükcə insanlar nədənsə torpaqdan, təbiətdən aralı düşür, kənddən yadlaşırlar.
Birini qoyub, o birini deyək. Bu yay Bakıdan bir neçə bələdsiz
adam gəlib
kəndimizin meşələrini
alt-üst ediblər. Danışırlar ki, bir kisə səhləb yığıb aparıblar.
Min bir dərdin
dərmanıdır. Bu
səhləbin adı
Qarabağda xarı bülbüldür. Çox növləri
var, özü də yalnız Şuşada bitmir, Qubanın dağları da onun məskənidir.
Xarı bülbülə orxideya da deyirlər. Hansı ölkədə bitirsə,
o ölkədə çiçəyin
adı ilə bağlı əfsanələr
ayaq açıb yeriyir. Hətta monqol-tatarlar hərbi
yürüşlərdə arxadan azuqə gəlməyəndə gündəlik
20 qram üyüdülmüş
səhləb ununun hesabına bir gün döyüş qabiliyyətini saxlaya biliblər.
İnternet zəmanəsidir, hamı oxuyur. İndi canının qədrini
bilənlərin də,
meşə meyvələrinin
nə olduğunu anlayanların da sayı artıb. Ölkənin şimalında bazarlara
gələn şəhərlilər
yemişanı, çaytikanını,
səhləbi əlim
yandıda axtarırlar.
Vaxt vardı ki, yemişanı heç 50 qəpiyə da alan olmurdu. Amma indi
bazara çıxarsan
və ola
bilər manat yarıma da, hətta iki manata da tapa
bilməzsən. Çaytikanının qiyməti isə ceyran belindədir. Hər ikisinin tərkibində
50-yə yaxın mikroelement
var. Bədənin immun
qabiliyyətini gücləndirir,
vitamin təchizatını qaydaya salır. Süfrəyə qoyulan çayı
insana bayram ovqatı bəxş edir.
Amma iş burasındadır ki, bazarda tələbat
artdıqca meşəyə
cumanların sayı çoxalır. Əvvəl bir qədər
mərhəmətli idilər,
budaq qırmağa kiminsə əli gəlməzdi. İndi nədənsə
zəmanə dəyişib,
insanlar daha sərt olub. Gedirlər meşəyə, çaytikanının
budağını kəsib
qoyurlar qabaqlarına, sonra da qayçı
ilə xırda salxımları kəsib yığırlar. Yemişanı dərmək bir qədər çətindir.
Çünki ağacın hündürlüyü
6-7 metrdən yuxarı
olur və ona nərdivanla çıxmaq çətindir.
Bir də kimdir meşəyə dalınca
nərdivan sürüyən.
Çəmini tapıblar - ya
iri budaqları aşağıdan baltalayıb
atırlar, ya da kökündən ağacı vururlar.
O baxır kimin insafı hara qədərdir.
Payızda meşəyə cır
alma, armud dalınca gedənlər də az deyil.
Bağçılıq sürətlə inkişaf edir, artıq fermerlər yaxşı bilirlər ki, kənardan ölkəyə gətirilən
qələmlərdən fatıya
tuman olmayacaq. Gətirilən qələmlərdən meşə cırlarına
vurulan peyvəndlər
daha dözümlü,
uzunömürlü, həm
də məhsuldar olur. Ona gərə də meşədən cır alma, armud gətirənlər
kifayət qədərdir.
Ümumiyyətlə, meşələrdən indi ağlasığmaz məqsədlər üçün
istifadə edilir.
Kövşənlərdən ot çalınır,
pətəklər və
arıxanalar yerləşdirilir,
yabanı meyvələr,
göbələk, eləcə
də palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi,
qarğı, qamış
yığılır.
Amma göründüyü
kimi, bütün bu sərvətləri qorumaq üçün cərimələr, sərt
qaydalar təsir etmir. Həm də Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
hər yemişan və çaytikanı kolluğuna meşəbəyi
təyin etmək gücündə deyil.
Odur ki, başqa tədbirlər görmək,
xüsusən maarifləndirmə
işini gücləndirmək
lazımdır. Bunun üçünsə
KİV-in imkanları səfərbər
edilməli, orta məktəblərdə ekoloji
təbliğata diqqət
artırılmalıdır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 15 sentyabr.- S. 10.