“Şeytan
üçbucağı”nın sirri
Ora dünyanın ən müəmmalı, haqqında qeyri-adi əhvalatlar dolaşan məkanlarından biridir. Sirri indiyə qədər də tam olaraq açılmayıb...
Orada baş verən qəribə hadisələr barədə çoxları eşidib. Müxtəlif gəmi və təyyarələri, hətta insanları udan bu yerlə bağlı rəvayətlər bütün dünyada dolaşıb. Lakin oranın necə bir zona olduğunu çox adam bilmir. "Ölüm üçbucağı”, "Şeytan üçbucağı” adlandırılan sirli Bermud üçbucağından söhbət açacağıq.
Bermud üçbucağı Atlantik okeanının şimalında 3 şərti xətti əhatə edən üçbucaq formasında olan sahədir. Bu zonadan şimalda Bermud adaları, qərbdə Mayami, cənubda Puerto-Riko yerləşir. Təqribən 1,2 milyon kvadratkilometr sahəni tutur. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd olunub.
Bermud adaları ilk dəfə 1505-ci ildə ispan dənizçisi Xuan de Bermudes tərəfindən kəşf olunub. Məhz onun şərəfinə adaya Bermud adı verilib. Atlantik okeanının bu müəmmalı sahəsi də elə Bermud üçbucağı adlandırılıb. Ora həm elmi məqsədlə, ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gedib. Saysız-hesabsız fərziyyələr irəli sürülüb, çoxlu kitablar yazılıb, amma bu üçbucağın sirri hələ də tam açılmayıb.
Bəzi tarixçilər hesab edirlər ki, bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub. Lakin tarixdə ilk dəfə olaraq "Bermud üçbucağı” ifadəsini 1964-cü ildə Vinsent Qaddis adlı amerikalı yazıçı "Arqosy” jurnalında işlədib və onun faktiki sahəsinin Mayami, San Xuan, Puerto-Riko və Bermud adalarının birləşməsi kimi geometrik olaraq göstərib. Lakin digər alimlər onun bu fikirlərini heç də ciddiyə almayıblar.
Bermud üçbucağında baş verən ilk anormal hadisə 1946-cı ildə elə Vinsent Qaddisin ABŞ hərbi donanmasına məxsus "Flight-19” təyyarələrinin müəmmalı şəkildə itməsi haqqında yazdığı məqalənin dərci ilə üzə çıxıb. İçərisində 14 ekipaj üzvü olan beş bombardmançı təyyarə həmin ərazidə məşq uçuşu zamanı radarın ekranından itib. On üç heyət üzvü ilə onların axtarışına yollanan digər təyyarə də yoxa çıxıb.
1950-ci ildə isə "Associated Press” xəbər agentliyinin müxbiri Edvard Van Vinklın Bermud üçbucağındakı digər sirli qeybolmaları xatırlatması və bu ərazini "Şeytan dənizi” adlandırması ilə mövzu yenidən aktuallaşır.
Dilçilik üzrə müəllim Çarlz Berlits 1974-cü ildə "Bermud üçbucağı” adlı kitab dərc edir. Bestsellerə çevrilən kitab sayəsində "Bermud üçbucağı” ifadəsi beynəlxalq populyarlıq qazanır, ora hər kəsin bildiyi və çəkindiyi yer kimi tanınır. Həmin kitabda itmiş şəhər Atlantida haqqında da məlumatlar var.
Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyit və digər əlamətlər aşkarlanmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş verib.
Təbii ki, həmin ərazidən gəmilərin itməsini aydınlaşdırmaq üçün elm adamlarının inkişaf etdirməyə çalışdıqları nəzəriyyələr mövcuddur. Məsələn, dənizin altında yüksək şəkildə mövcud olan metan qazının, ildırım, elektrik qığılcımı və ya şimşəklə qarşılıqlı təsiri nəticəsində böyük bir partlayışla gəmini və ya təyyarələri məhv etdiyini düşünənlər var. Amma metan onsuz da təbii olaraq ətrafımızda mövcuddur və bu günə qədər dünyanın heç bir yerində belə dağıdıcı hadisə, partlama müşahidə olunmayıb, əlavə olaraq Bermud üçbucağında metan olduğu ilə bağlı heç bir məlumat yoxdur.
Bəzi alimlər qabarma-çəkilmə prosesini bu hadisələrin
əsas səbəbi kimi göstərir. Və
ya pilotların istiqamətlərini
tapmalarına mane olan geomaqnit pozuntuları da səbəb
ola bilər. Buradakı maqnit
sahəsi gəmilərdəki elektrik
siqnallarına zərər verdiyinə və ya
kompasları xarab etdiyinə görə
onları səhv istiqamətə yönəldir. Ancaq pilotlar elektron naviqator olmadan da təyyarəni idarə edə bilirlər. Həm də bu fərziyyə gəmilərin
yox olmağını
açıqlamır. Üstəlik, bölgədə aparılan araşdırmalar
hər hansı bir maqnit olduğunu
göstərmir.
Bəs həqiqətən
də ortada açıqlanması lazım
olan bir sirr varmı? Larry Kusche adlı jurnalist bu sualı
ortaya qoyduqda təəccüblü bir
cavabla qarşılaşıb.
O, bölgədə baş
verən hadisələri
təkrar-təkrar araşdırıb
və sonunda onların ya səhv danışıldığını,
ya da uydurma
olduğunu ortaya çıxarıb. Hər şeyi
açıqlayan "The Bermuda Triangle
Mystery Solved” ("Bermud üçbucağının
sirri açıldı”)
kitabında Kusche yazır ki, çox az sayda
yazıçı bu haqda yazmazdan əvvəl araşdırma
aparıb, bəzi yazıçılar isə
məlumatları əvvəlki
məqalələrdən, kitablardan
götürüb eynilə
öz yazılarına
əlavə edib:
"Təəssüf ki,
Berlits də bu səhvi edib.
Bəzən "yox olduğu
iddia olunan” gəmilər və təyyarələr haqqında
heç bir məlumat tapılmır.
Yəni bunların hamısı həmin yazıçıların
xəyalından başqa
heç bir yerdə mövcud olmayıb. Bəzi hadisələrdə Berlits və digərləri gəmilərin
şiddətli fırtınalar
nəticəsində batdığını
qeyd etməyiblər.
Elə hadisələr də olub ki, gəmi
və təyyarələr
əslində Bermud üçbucağından kənarda
batıb”.
Larry onu da qeyd edib ki,
Bermud üçbucağının
olduğu bölgə
sərnişin və yük gəmilərinin tez-tez keçdiyi bölgədir. Avropa və Şimali Amerika arasında hərəkət edən gəmilər buradan keçdiyindən belə
hadisələr tez-tez
yaşana bilər, ancaq son zamanlar heç bir hadisə yaşanmayıb:
"Bermud üçbucağı
yalanının onillərdir
ortaya çıxarıldığına
baxmayaraq, hələ də yeni kitablarda
"açılmamış sirr” olaraq təqdim
olunur. Əlbəttə ki, bunu edənlər əksərən
gerçəklərdən çox sensasiyalı hadisələrə üstünlük
verən yazıçılardır.
Nəticə olaraq zaman qapılarına, Atlantidaya,
yadplanetlilərin bazalarına,
geomaqnit pozuntularına,
qabarma-çəkilmə dalğalarına
və başqa şeylərə müraciət
etmək lazım deyil. Bermud üçbucağının tək sirri var - o da başdansovdu
araşdırmalar və
yalançı məlumatlardır”.
Böyük Britaniya alimləri
isə ötən il Bermud
üçbucağının sirrini tapdıqlarını
açıqlayıblar. Alimlərin qənaətinə
görə, həmin ərazidə gəmilərin
yox olmasının səbəbi hündürlüyü
30 metrə qədər
çatan "qatil dalğalar” ola bilər.
Azərbaycandan da bu sirli
obyektə elmi tədqiqat üçün
iki geoloq alim gedib - Rüstəm
Babayev və Xəlil Əliyulla. 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Okeanologiya
İnstitutu elmi tədqiqat aparmaq məqsədilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edir. Səfərə digər ölkələrlə
yanaşı, Azərbaycandan
da iki alim
dəvət olunur.
O zaman Geologiya İnstitutunda geologiya-mineralogiya
elmləri namizədi kimi böyük elmi işçi vəzifəsində çalışan
Rüstəm Babayev sağ olarkən media orqanlarının birində
özünün Bermud
səfəri barədə
bunları deyib:
"...Orada tədqiqatlar
aparmaq üçün
bizə bir gün kifayət edirdi. Lakin möcüzəli üçbucaq "oyanaraq”
qonaqlarını elə
ilk gündə öz
xarakterinə uyğun
qarşıladı. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng
"Vityaz”ı yellətdi.
Masaların üzərindəki yüngül əşyalar
- çəngəl, qaşıq,
qələm, stəkan,
kiçik ləvazimatlarımız
sürüşməsin deyə
yaş parçalardan
süfrə kimi istifadə etdik. Bir az sonra tayı-bərabəri
olmayan, dəhşətli
fırtınanın yaxınlaşdığı
məlum oldu. Bu məqamda hər
kəs öz əşyalarını yerbəyer
etməyə başladı.
Gəminin içərisində qab-qaşıqların, kiçik
ləvazimatların formasına
uyğun xüsusi yerlər var idi. Əşyaları dağılmamaq üçün
həmin yerlərə
qoyduq. Laboratoriya aparatları və
cihazlarını isə
içəridə iplə
sarıdıq. Qapıları bağlayıb hamımız
yatağa uzandıq.
Hər birimizdə qoruyucu qurşaq var idi. Elə bu an gəminin
dörd tərəfinə
dəyən zərbələrin
bizi vahiməyə salan səsini eşitdik. Gəmi suyun üzərində
kibrit qutusu kimi yırğalanmağa başladı. Sunaminin ardınca
baş verən fırtına okeanın dalğalarını sərtləşdirmişdi.
Gəmi hər dörd tərəfdən qalxıb-enirdi.
Göyərtə suyun səviyyəsinə
qədər əyilib-qalxırdı.
Bayırda duman-çəndən başqa heç nə görünmürdü.
"Vityaz” böyük
və güclü burulğanın içərisində
idi. Bizdə qorxudan peşmanlıq
hissi yaranmışdı.
Amma gəmini idarə edənlərin yüksək
məharəti onu batmağa qoymurdu. Onlar yaxşı bilirdilər ki, gəmini hara və necə
döndərmək lazımdır.
Kiçik səhv nəticəsində
burulğan "Vityaz”ı
sürətlə 5 kilometr
dərinliyi olan okeanın dibinə apara bilərdi. Bu vəziyyət üç
gün davam etdi. Həmin müddətdə nə xörək bişirə, nə də tədqiqatlar apara bildik. Konservlər və meyvələrlə
qidalanırdıq. O qədər
yırğalanırdıq ki,
ürəkbulanmadan söhbət
də edə bilmirdik, sakit uzanıb fırtınadan nə zaman qurtulacağımızı
düşünürdük. Zərbələrin vahiməli
səsləri ara vermirdi. Peyk vasitəsilə daim hava haqqında proqnozu izləyirdik. Kapitan xəbər verəndə
ki, təhlükədən
sovuşduq, hamı biri-birini təbrik etdi. Okean sakit, dümdüz,
göyün üzü
tam aydın idi. Günəş sevincimizə şərik
idi. Ertəsi gün tədqiqatlar
apardıqdan sonra cənub-şərq istiqaməti
ilə Cəbəllütarik
boğazına qayıdıb
geri dönəndə
anladıq ki, doğrudan da, Bermud üçbucağından
sağ qayıtmaq mümkün imiş”.
Xəyalə MURADLI
Azərbaycan.- 2019.- 15 sentyabr.- S.
12.