İlham ƏLİYEV: “Bizim
əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun,
uşaqlar gözəl məktəblərdə
oxusunlar”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, təhsil müəssisəsinin direktoru İradə Xəlilova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcəklər.
Bu təhsil
ocağının binası 1932-ci ildə tikilib.
O zaman
məktəb 400 şagird
yerlik olub. Hazırda isə burada yeni istifadəyə verilən tədris kompleksi ilə birlikdə ümumilikdə
1944 şagird təhsil
alır. Onların təlim-tərbiyəsi
ilə 138 müəllim
heyəti məşğul
olur.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris kompleksinin idman zalında, hərbi otaqda, ekosinifdə, informatika otağında, kimya kabinetində, ayrı-ayrı
sinif otaqlarında və yeməkxanada yaradılan şəraitlə
tanış oldular, müəllimlər və
şagirdlərlə söhbət
etdilər, onlara yeni tədris ilində uğurlar arzuladılar.
Məlumat verildi ki, ötən tədris ilində bu təhsil müəssisəsini
bitirən məzunların
77 faizi ali
məktəblərə qəbul
olub. Ümumilikdə,
hər il
bu məktəbin məzunlarının arasında
600-dan çox bal toplayan
və ölkəmizin
ali təhsil ocaqları ilə yanaşı, xarici dövlətlərin nüfuzlu
universitetlərinə də
qəbul olan məzunlar var. Məktəbin
şagirdləri bir çox bilik, idman yarışlarında,
olimpiadalarda müxtəlif
medallar qazanaraq, təhsil ocağını
layiqincə təmsil ediblər. Yeni təhsil kompleksi
bu uğurların daha da artmasına
imkan verəcək.
Çünki burada şagirdlər
geniş, işıqlı,
hər cür zəruri tədris avadanlığı ilə
təchiz olunan otaqlarda elmin sirlərinə yiyələnə,
müəllimlər isə
müasir şəraitdə
şagirdlərə dərs
deyə biləcəklər.
Hər bir dövlətin inkişafı
və gələcəyi
onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə
qoyulan investisiya gələcəyə yatırılan
sərmayədir. Azərbaycan bu
baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa
müddət ərzində
bu sayda məktəb tikilməyib.
Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri
də olduqca mühümdür. Fondun bu
sahədə həyata
keçirdiyi layihələrin
coğrafiyası və
miqyası ilbəil daha da genişlənir.
Məktəbdə yaradılan şəraitlə
tanışlıqdan sonra
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müəllimlər və
valideynlərlə görüşüb
onları təbrik etdilər.
Birinci sinif şagirdinin nənəsi Fəridə
Hüseynova: Əziz Prezidentimiz, hörmətli
Mehriban xanım, sizi burada görməyimizə
çox şadıq.
Mənim
nəvəm də bu məktəbin birinci sinfinə qəbul olub. Mən öz adımdan, valideynlər adından Sizə təşəkkür
edirəm ki, övladlarımıza bu cür gözəl şərait yaratmısınız.
Allah Sizin canınızı
sağ, ömrünüzü
uzun eləsin.
Prezident
İlham Əliyev: Çox sağ
olun. Mən də çox
şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin
də iş yeridir. Valideynlər də, uşaqlar
da, müəllimlər
də razıdırlar.
Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış
səviyyəsi gündən-günə
qalxsın, uşaqlar gözəl məktəblərdə
oxusunlar.
Son illərdə məktəb
tikintisi istiqamətində
çox böyük işlər görülüb. Təkcə onu
demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm
bütün bölgələrdə
3200-dən çox məktəb
tikilib və ya təmir olunub.
Bu il 80-dən çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə
gələcək illərdə
mütləq təmir
işləri aparılacaq.
Bu məktəb doğrudan
da göz oxşayır. Bütün lazımi şərait
yaradılıb, avadanlıqlarla
təchiz edilib. Mənə verilən məlumata görə, məktəbin
əvvəlki vəziyyəti
çox acınacaqlı
idi. Yəni, burada müəllimlər
üçün də
böyük çətinliklər
var idi, uşaqlar da təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular.
İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir.
Əlbəttə, əsas məsələ
odur ki, gözəl şəraitlə
bərabər, təhsilin
səviyyəsi yüksək
olsun və burada oxuyan uşaqlar
gələcəkdə həyatda
layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması
bu gün gündəlikdə duran vacib məsələlərdəndir
və bu istiqamətdə də nəticələr var.
Onu da bildirməliyəm ki, son illərdə müəllim
peşəsini seçənlərin
sayı artır. Müəllim Azərbaycanda həmişə
çox hörmətli
peşə olub.
Həmişə müəllimə böyük hörmət olub. Bu gün
isə bu, daha da yüksək
səviyyədədir. Müəllimlərin əməkhaqlarının
artırılması, iş şəraitinin
yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır
ki, müəllim olmaq istəyənlərin
sayı əvvəlki
illərlə müqayisədə
böyük dərəcədə
artıb. Bir daha uşaqları,
valideynləri, müəllimləri
yeni məktəbin tikintisi ilə əlaqədar təbrik edirəm.
Məktəbin kimya müəllimi
Yaqut Mönsümova: Möhtərəm Prezident,
icazə verin, mən də kollektivimiz adından Sizə minnətdarlığımızı
çatdırım. Sözün düzü,
minnətdarlığımızı çatdırmaq üçün
söz tapa bilmirik. Cənab Prezident, yeni məktəblər tikirsiniz,
təmir etdirirsiniz. Bu, təhsilə olan
münasibətdir. Bu, dövlətə olan münasibətdir. Sizin tapşırığınıza
əsasən tikilmiş
bu yeni məktəb
binası "Bilik günü”ndə bizə
ən gözəl hədiyyədir. Biz hər
zaman Sizin qayğınızı hiss edirik.
Belə gözəl, möhtəşəm
məktəb binasının
istifadəyə verilməsi
biz müəllimləri ürəkdən
sevindirir, daha yaxşı işləməyə
həvəsləndirir, məsuliyyətimizi
daha da artırır.
Mən məktəbimizdəki kimya
laboratoriyasını, kabinetləri
gördüm. Düzü əvvəllər
belə laboratoriyaları,
kabinetləri biz ancaq filmlərdə görürdük.
İndi bu, Azərbaycanın reallığıdır.
Bilirik, dünyada
bir çox münaqişələr, problemlər
baş verir. Azərbaycanımızda Sizin sayənizdə sabitlikdir, əmin-amanlıqdır.
Bu, Sizin uzaqgörən siyasətinizin
nəticəsidir. Əldə olunan
uğurlarda əzizimiz,
çox hörmətli
Mehriban xanımın da böyük xidmətləri var. Mehriban
xanım, biz Sizi dünyalar qədər sevirik, sevgimizi çatdırmaq üçün
sözlər acizdir.
Bir daha çox sağ
olun ki, dəyərli vaxtınızı
ayırıb bizimlə
görüşə gəlmisiniz.
Cənab
Prezident, bu gözəl məktəbə,
ümumiyyətlə, gördüyünüz
bütün işlərə
görə Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Allah Sizi, əzizimiz Mehriban xanımı, bütün
ailənizi qorusun.
Prezident
İlham Əliyev: Çox sağ
olun. Xoş sözlərə görə təşəkkür
edirəm. Sizə bir
daha uğurlar arzulayıram, sizi bir daha təbrik
edirəm. Əminəm ki, burada oxuyan
uşaqlar gələcəkdə
həyatda layiqli yer tutacaqlar və dövlətimiz, xalqımız üçün
böyük işlər
görəcəklər, bizim
ümumi inkişafımıza
öz töhfələrini
verəcəklər.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 1;
2.