Bakıda Azərbaycan
ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
səkkizinci iclası keçirilib
Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasa Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti, Türkiyə tərəfdən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın təkbətək görüşü olub.
Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib.
İclasda hər iki tərəfdən Komissiyanın üzvü olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Baş Nazir Novruz Məmmədov iclasda çıxış edərək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının xalqımızın tarixində mühüm bir hadisəyə - Bakının erməni daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 101-ci ildönümünə təsadüf etdiyini vurğuladı. Baş Nazir 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycan milli ordu birləşmələri ilə birgə Bakının erməni daşnak və bolşevik birləşmələrinin işğalından azad etməsinin Türkiyə-Azərbaycan əbədi qardaşlığının təzahürü olduğunu ifadə etdi.
Novruz Məmmədov Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən danışaraq bildirdi ki, dövlətlərimizin başçılarının bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün örnəkdir. Bunun nəticəsidir ki, hər iki dövlətin imza atdığı iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Birgə həyata keçirdiyimiz layihələr bizi daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və eləcə də digər layihələr təkcə ölkələrimiz üçün deyil, bütün regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə də töhfə verir.
Baş Nazir qeyd etdi ki, indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın keçirilən 7 iclasında həllini gözləyən bir sıra məsələlər üzrə qərarlar qəbul edilib, onların icrası təmin olunub. Həmçinin ali və yüksək səviyyəli görüşlərdə bir çox mühüm məsələlər müzakirə edilib və imzalanan sənədlərdə nəzərdə tutulmuş müddəalar bizə daha fəal çalışmaq üçün geniş imkanlar yaradıb. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə ildən-ilə daha da genişlənməsi və möhkəmlənməsi bunun bariz nümunəsidir.
Novruz Məmmədov deyib: "Bildiyiniz kimi, ticarət-iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə daha da dərinləşən münasibətlərimiz iki qardaş ölkənin mənafeyinə və xalqlarının gələcəyinin firavan olmasına xidmət edir”.
Baş Nazir diqqətə çatdırdı ki, qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi bizi məmnun edir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu mənada Petkim neft-kimya kompleksini və Star neft emalı zavodunu xüsusi qeyd etmək istərdim. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın və etibarlı tərəfdaş olsun.
"Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Türkiyə daim bizim yanımızdadır”, - deyən Novruz Məmmədov bildirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İndiyədək bütün sahələrdə göstərilən yardımlara, xüsusən də Azərbaycan üçün çox böyük önəm daşıyan müdafiə, müdafiə sənayesi, tibb və təhsil sahələrində köməyi yüksək qiymətləndiririk. Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına göstərilən daimi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Dost, qardaş Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından uğurlu olacağına əminliyini bildirdi.
"Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir. Biz iki dövlət, bir millətik. Biz Azərbaycan və Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərini iqtisadi-ticari sahədə daha da genişləndirmək niyyətindəyik”,- deyə Vitse-prezident diqqətə çatdırdı.
İclasda hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi əməkdaşlığın davamlılığının təmin olunması ilə bağlı məsələlər müzakirə olundu.
Sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının Protokolu imzalandı. Protokolu Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzaladılar.
Protokolda Komissiyanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. İclasda, həmçinin Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın Protokoluna əlavə kimi tərtib edilmiş 2019-2021-ci illər üzrə Fəaliyyət Planı da qəbul edilib.
Daha sonra Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay mətbuata bəyanatlarla çıxış etdilər.
Baş Nazir Novruz Məmmədov Komissiyanın səkkizinci iclası ilə bağlı məlumat verərək bildirdi ki, komissiya tərəfindən gündəlikdə olan məsələlər ilə bağlı səmərəli iş aparılıb. Ümumilikdə 147 məsələ ətrafında fikir mübadiləsi aparılıb və bütün məsələlərlə bağlı razılıq əldə olunub.
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının həmsədrliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının vacib rolunu vurğulayan Baş Nazir Novruz Məmmədov deyib: "Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Hökumətlərarası Komissiyanın və ümumilikdə hər iki ölkənin dövlət qurumları qarşısında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı konkret vəzifələr müəyyənləşdiriblər. Biz də bu istiqamətdə fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hesab edirəm ki, bizim bugünkü iclasımız ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Novruz Məmmədov iki ölkə arasında viza rejiminin aradan qaldırılmasının əhəmiyyətini və bu mühüm hadisənin iqtisadi, ticarət, sosial, humanitar və digər sahələrdəki əlaqələrin inkişafına daha da müsbət təsir edəcəyini vurğuladı.
Vitse-prezident Fuat Oktay iclasda ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinə dair ətraflı müzakirələrin aparıldığını diqqətə çatdıraraq dedi: "İclasda Türkiyə ilə Azərbaycan arasında yeni əməkdaşlıq imkanları nəzərdən keçirildi. Əminəm ki, Komissiyanın səkkizinci iclası ikitərəfli münasibətlərimizin genişlənməsinə təkan verəcək və əməkdaşlığımız üçün yeni üfüqlər açacaq”.
Fuat Oktay
bildirdi ki, Türkiyə
və Azərbaycan regionda güclü
iqtisadiyyata malik
ölkələrdir. Türkiyə-Azərbaycan əməkdaşlığının
daha da genişləndirilməsi
xalqlarımızın rifah halının
yüksəlməsinə, regionun
inkişafına xidmət edir.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 4.