Azərbaycanın
gənclər təşkilatlarının nümayəndələri
“Türk şəhidliyi” abidəsini ziyarət
ediblər
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası - NAYORA, "Cavan” İctimai Birliyi və digər gənclər təşkilatlarının nümayəndələri Bakının antiazərbaycan diktaturasının və erməni quldur daşnak dəstələrinin hakimiyyətindən azad edilməsinin 101-ci ildönümünü Şəhidlər Xiyabanında, Qafqaz İslam Ordusu sıralarında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin önündə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, gənclər əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.
Mətbuata müsahibəsində YAP Gənclər Birliyinin sədri Seymur Orucov, NAYORA-nın sədri Məryam Məcidova, "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu günün xalqımızın və dövlətimizin tarixindəki yerindən danışıb, Bakının və bütünlükdə Azərbaycanın azadlığı, xalqımızın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini, sovet təbliğatının bütün cəhdlərinə baxmayaraq, onların heç vaxt unudulmadığını diqqətə çatdırıblar. Ulu Öndərimizin "Bir millət, iki dövlət” fikrini xatırladan natiqlər, bu gün qeyd etdiyimiz əlamətdar tarixin bunun ən bariz nümunələrindən biri olduğunu vurğulayıblar.
Gənclər bu gün Azərbaycan gəncinin qüdrətli, firavan və sabit ölkədə yaşadığını bildirib və buna görə Azərbaycan gəncləri adından Prezident İlham Əliyevə təşəkkür ediblər.
Qeyd edək ki, sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib.
Azərbaycan növbəti dəfə
müstəqillik qazandıqdan sonra hər
il sentyabrın 15-də təkcə Bakıda
deyil, Şamaxıda, Göyçayda
və digər rayonlarda ölkəmizin ərazi
bütövlüyü uğrunda
şəhid olan türk
əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər
xiyabanında şəhid türk əsgərlərinin
xatirəsinə ucaldılmış "Türk
şəhidliyi” abidəsi önündə anma
mərasimi keçirilir.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 5.