Qubada yeni inşa olunan 960 şagird yerlik məktəb
binası istifadəyə verilib
Bu il bölgələrdə
84 yeni məktəb binası inşa edilib
Quba rayonunun Alekseyevka kəndində inşa olunan şəhid Rəhman Məmmədov adına 960 şagird yerlik məktəb binası yeni tədris ilinin ilk günündə istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti rəhbərliyinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə Təhsil naziri Ceyhun Bayramov Bilik Günü və məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib.
Açılış mərasimindən əvvəl nazir Ceyhun Bayramov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Məktəbin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı və diqqətdən danışan nazir ölkəmizdə aparılan təhsil islahatları haqqında məlumat verib. O, yeni məktəb binalarının inşasının təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə əhəmiyyətli təsir edəcəyinə əminliyini vurğulayıb.
"Təkcə bu il ölkəmizdə Dövlət İnvestisiya Proqramı və Prezidentin sərəncamları ilə müxtəlif bölgələrdə 84 yeni məktəb binası inşa edilib. Onlardan 43-ü bu gün istifadəyə verilir. Digər 41 məktəb binasının isə dekabr ayınadək təhvil verilməsi nəzərdə tutulur” deyə nazir qeyd edib.
Bildirilib ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir. Ölkədə müəllim peşəsinin nüfuzu xeyli artıb. Son illərdə qəbul imtahanlarında yüksək nəticələr göstərən və müəllim peşəsini seçən abituriyentlərin sayında ciddi artım var.
C.Bayramov ölkəmizdə təhsil sahəsinin dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən olduğunu, son illər respublikamızda çoxlu sayda yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu söyləyib. Nazir deyib ki, regionlarda, xüsusən ucqar rayonlarda yeni məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirildiyinin göstəricisidir.
Sonra nazir yeni məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllimlərlə görüşərək onlarla söhbət edib.
Alekseyevka kəndində yeni təhsil ocağının inşasına Prezident İlham Əliyevin sərəncamına əsasən ötən ilin dekabr ayından başlanılıb. Üçmərtəbəli binada 40 sinif, 6 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana var.
Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikilib.
Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində hazırda 900-ə yaxın şagird təhsil alır. Təhsil ocağında tədris Azərbaycan və rus dillərində aparılır. Dörd min nəfərdən çox sakini olan Alekseyevka Qubanın ən böyük kəndlərindən sayılır.
Onu da qeyd edək ki, dünən
Qubada daha 8 modul tipli məktəb
binası istifadəyə verilib.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 6.