Ceyhun Bayramov: Azərbaycanda
bir milyondan çox şagirdin təlim
şəraiti əhəmiyyətli dərəcədə
yaxşılaşdırılıb
Son 5 ildə ölkəmizdə 600 məktəb binası inşa olunub. On beş ildə tikilən və əsaslı təmir olunan təhsil müəssisələrinin sayı isə 3 min 200-dən çoxdur. Bu da Azərbaycanda, ümumilikdə, bir milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşması deməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov Quba rayonunun Alekseyevka kəndində inşa olunan 960 şagird yerlik məktəb binasının açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Nazir bildirib ki, Azərbaycanda təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, maddi-texniki bazanın müasirləşdirilməsi Prezident İlham Əliyevin daim diqqətində olan əsas məsələlərdəndir.
"Dövlət İnvestisiya
Proqramı və Prezidentin
imzaladığı sərəncamlara əsasən 2019-cu ildə
84 məktəb binasının tikintisi və
ya əsaslı təmiri nəzərdə
tutulmuşdu. Həmin binalardan
43-ü Bilik Günündə istifadəyə
verilir. Digər 41 məktəb
binasının isə dekabr ayınadək
təhvil verilməsi nəzərdə tutulur.
Məktəb quruculuğu, təhsil
müəssisələrinin maddi-texniki
bazanın müasirləşdirilməsindən danışarkən
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi
qayğısını və təşəbbüsləri ilə
həyata keçirilən işləri də qeyd
etməliyəm. Hər il olduğu kimi, bu il də Heydər
Əliyev Fondunun xətti ilə onlarla məktəb binasının
inşası həyata keçirilir. Onlardan bir hissəsi
artıq tədris ilinin əvvəlində
istifadəyə verilib”, - deyə təhsil
naziri Ceyhun Bayramov söyləyib.
Azərbaycan.- 2019.- 17 sentyabr.- S. 6.