Bitməyən
melodiya
... O gün səhnəyə
son çıxışı idi...
Son dəfə uğrunda canını fəda etdiyi xalqının pişvazına çıxmışdı...
Son dəfə görüşürdü yetişdirdiyi sevimli tələbələri, bəstəkarları, musiqiçiləri, sənət adamları - övladları ilə...
Hər kəs onu son dəfə görmək üçün o səhnəyə doğru axışırdı...
O gün o səhnədə onun həyat tamaşasının son nümayişi idi. Ömür pərdəsi bir daha qalxmamaq şərtilə qapanırdı. Əbədi antrakt başlanırdı...
Hər kəs dahi bəstəkarla vidalaşırdı, onu son mənzilinə yola salırdı. Elə özünün bəstələdiyi musiqi sədaları altında... Bülbül bu dəfə "Sənsiz”i ona ithafən daha da yanğılı oxuyurdu.
Səməd Vurğun ona daim arxa-dayaq olmuş bu böyük şəxsiyyətə həsr etdiyi şeirini ürəyindən qara qanlar axıdaraq deyirdi: "Ölüm sevinməsin qoy, ömrünü vermir bada...”
O gün səhnədə əsl faciə yaşanırdı. Amma Məcnun Leylinin məzarı başında çeşmi-giryan ağlamırdı. Bu dəfə minlərlə insan məhz onun nəşi önündə göz yaşı axıdırdı...
Halbuki hər şey elə "Məcnun Leylinin məzarı üstündə” səhnəciyindən başlamışdı. Düz 50 il əvvəl... O ilk səhnə təcrübəsindən bəri keçən yarım əsrdə nələr etməmişdi ki, nələr sığışdırmamışdı ki qısa insan ömrünə?!
Azərbaycan professional musiqi mədəniyyətinin təməl daşını qoymuş, çoxsaylı ilklərə imza atmış, ölməz əsərləri ilə cahan mülkünü lərzəyə salmış dahi bəstəkar, bütün Şərq aləmində opera və operetta janrının yaradıcısı, dramaturq, publisist, pedaqoq, musiqişünas alim, tərcüməçi, mütəfəkkir, filosof, akademik, ictimai xadim, novator sənətkar, əvəzolunmaz böyük insan Üzeyir bəy Hacıbəylinin ölməz həyat melodiyasına qulaq kəsiləcəyik "Unudulmazlar”da...
***
...Ana kəcavədə körpəsini köksünə sıxıb, payızın sazağından qorumağa çalışsa da, sərin meh yolçuların üzünə isti sığal çəkirdi. Torpaqdan boy atıb böyüyən, indisə ömrünü başa vurduğu üçün yenidən yarandığı yerə tökülən saralıb-solmuş rəngbərəng yarpaqların xışıltısı canlı musiqi kimi qulaqları oxşayırdı. Bu xışıltı ilə dəvənin boynundan asılmış zınqırovun səsi bir-birilə ritm tutur, həzin bir melodiya yaradırdı. Amma hələ heç kimin xəbəri yox idi ki, bu melodiya həm də notlar şəklində bir aylıq körpənin ruhuna hopurdu. Və bəlkə də məhz o melodiyadan başlayırdı gələcəkdə bəstələnəcək bütün musiqilər... Eləcə də onun özünün həyat melodiyasını yazırdı... Sonu olmayan, heç zaman bitməyəcək, ölümsüzlük melodiyasını... Hələliksə dəvə ahəstə-ahəstə ləngər vuraraq yolun ağzını tutub gedirdi. Gələcəyin dahi bəstəkarını "Qarabağın konservatoriyasına” aparırdı...
Həyatın ilk
notları
Həyatı gözlənilməz təsadüflə başlamışdı Üzeyir bəyin. Əsli-kökü, ailəsi büllur kimi saf Şuşadan olsa da, özü Ağcabədi mahalında dünyaya gəlmişdi 1885-ci ilin 18 sentyabrında. Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla bərabər, onun Ağcabədidəki təsərrüfatına başçılıq edirdi. Elə ona görə də ilin müəyyən hissəsini Ağcabədidə keçirirdi. 1885-ci ildə Şirinbəyim xanım Üzeyirə hamilə olarkən ərini yoluxmaq məqsədilə Şuşadan Ağdama gəlir. Fikirləşir ki, buradan Ağcabədiyə gedib Əbdülhüseyni görər, sonra yenə Şuşaya qayıdar. Lakin Şirinbəyimin Ağdamda yaşayan bacıları onu belə tezliklə Ağcabədiyə getməyə qoymurlar. 8 bacının hərəsi onu bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də dördüncü övladını - Üzeyiri elə Ağcabədidə dünyaya gətirir. Bir aydan sonra isə onları dəvənin üstündə xüsusi hazırlanmış kəcavədə Şuşaya gətirirlər.
Ailənin Şuşadakı evi xan qızı Natəvanın imarətinin aşağı səmtində, "Çöl qala” məhəlləsində yerləşirdi. Bu evdə beş uşaq böyüyürdü: Sayad, Abuhəyat, Zülfüqar, Üzeyir və Ceyhun. Oğlanların gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdu. Valideynlərinin ədəbiyyata, musiqiyə olan maraq və sevgisi uşaqlara da siraət etmişdi. Üzeyir elə kiçik yaşlarından xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalır, şeirləri, qəzəlləri əzbər deyirdi.
Üzeyir bəy ilk təhsilini mədəniyyət və sənət beşiyi olan Şuşada alır. Əvvəlcə mədrəsədə oxuyur, ərəb, fars dillərini mükəmməl öyrənir. Sonra təhsilini maarifçi Haşımbəy Vəzirovun açdığı və müdiri olduğu ikiillik rus-tatar məktəbində davam etdirir. Burada rus dilini öyrənir, həm də sevimli müəllimi Mirzə Mehdi Həsənzadənin (Sarcalı) rəhbərliyi altında Şərq, Avropa və rus yazıçı, şairlərinin yaradıcılığı ilə yaxından tanış olur. Onların əsərlərini ya orijinaldan, ya da Mirzə Mehdinin tərcüməsində oxuyur.
13 yaşı olanda ailəsinə maddi kömək məqsədilə kitab buraxmağa başlayır. Əski əlifba ilə nağıllar, hekayələr yazır, onlara illüstrasiyalar çəkir və kitab şəklində cildləyir. İlk qələm məhsullarına "Kitabi-məzhəkə” adı verən Üzeyir hər gün üç belə kitab hazırlayır, dostları isə onları 15 qəpiyə həmyaşıdlarına satırdı. Kitablardan əldə olunan 45 qəpiyi isə gətirib anası Şirinbəyim xanıma verərdi.
Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri, ədəbi, musiqi məclisləri Üzeyirin musiqi tərbiyəsinə müstəsna təsir göstərib. Özü sonralar yazırdı ki, mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada ən yaxşı xanəndə və sazəndələrdən almışam. Demək, onun musiqi istedadı da Qafqazın konservatoriyası adlanan bu qədim şəhərdə püxtələşmişdi. İlk müəllimi isə Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdu. Amma Üzeyir bəyin bəstəkar kimi yetişməsində Şuşada göstərilən "Məcnun Leylinin məzarı üstündə” adlı səhnəciyin xüsusi rolu var. Görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin Füzulinin "Leyli və Məcnun” poeması əsasında hazırladığı tamaşada 13 yaşlı Üzeyir qardaşları ilə birgə xorda oxuyur. Bu, onun ilk səhnə təcrübəsi olur. Və bu səhnəcik, Cabbar Qaryağdıoğlunun Məcnunu onu o qədər həyəcanlandırır ki, illərlə təsirindən çıxa bilmir. O ifa, muğam qanına, canına, ruhuna hopub illərlə içində yaşayır. Nəhayət, "Leyli və Məcnun” operasını yazır. Amma hələ o vaxta 8 il vardı...
Hər gün 20
km yolu məktəbə piyada gedib-gəlirdi
Hələliksə güclü təhsil almaq lazım idi. Odur ki, 14 yaşında ikən, 1899-cu ildə Ü. Hacıbəyli Gürcüstana gedir və imtahanları müvəffəqiyyətlə verib, o zamanlar məşhur olan Qori Müəllimlər Seminariyasına daxil olur. Burada müxtəlif fənlərlə yanaşı, musiqi dərsləri də keçirilirdi. Üzeyir bir il ərzində 3 alətdə - skripka, violonçel və baritonda çalmağı öyrənir, Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyir. Not sistemini və musiqi nəzəriyyəsini öyrənən gənc Üzeyir bəzi xalq mahnılarını nota köçürür. Seminariyada oxuyarkən bədii yaradıcılıqla da məşğul olur. Şeir, povest yazır, tərcümələr edir. Özünün ilk "Dəllək” adlı mənzum felyetonunu da o vaxt yazır və Tiflisdə çıxan "Şərqi-Rus” qəzetində dərc etdirir.
Üzeyir bəy ilk və yeganə sevgisi, həyat yoldaşı Məleykə xanımla da orada tanış olur. O, Məleykə xanımın qardaşı Əli Terequlovla bir sinifdə oxuyurdu. Bazar günləri Əli Üzeyiri də özüylə birgə evlərinə aparar, teatrlara, Tiflisin gəzməli-görməli yerlərinə gedərdilər. Üzeyir bəy gələcək həyat yoldaşını da elə oradaca görüb sevmişdi.
Seminariyanı bitirdikdən sonra, 1904-cü ildə
Ü.Hacıbəylini dərs demək üçün
Qarabağ mahalının Hadrut kəndinə müəllim təyin
edirlər. Burada bir il rus dili, hesab və musiqidən dərs deyir. Lakin 1905-ci ildə erməni-müsəlman
davasının vüsət aldığı vaxtda kəndin
ağsaqqaları ermənilərin Üzeyir bəyə
qarşı qıcanan dişlərini görüb onu gecəylə
gizlincə, at belində, şam işığında kənddən
çıxarıb, Yevlağa yola salırlar. Oradan Bakıya gələn 20 yaşlı müəllim
elə burada yaşayıb işləməyə
başlayır. Əvvəlcə Bibiheybətdəki
fəhlə-gənclər məktəbində (hazırda 51
saylı orta məktəbdir) neft mədənlərində
çalışan fəhlələrin uşaqlarına dərs
deyir. O, millətinin kiçik balalarını maarifləndirmək
üçün bütün çətinliklərə
qatlaşır. Nəqliyyat
olmadığından şəhərin mərkəzindən
Bayıla qədər olan 10 km yolu isti, soyuq, külək,
yağış, qar-boran demədən hər gün piyada
gedib qayıdır.
Bacarıqlı, istedadlı müəllim kimi tanınan
Üzeyir bəyi 1908-ci ildə "Səadət” xeyriyyə cəmiyyətinin
nəzdində açılmış eyniadlı məktəbə
dəvət edirlər. Əli bəy Hüseynzadənin müdir
olduğu məktəbdə Üzeyir bəy 1911-ci ilə kimi
çalışır. Hər iki məktəbdə
ana dili, hesab, coğrafiya, rus dili və musiqidən dərs
deyir. Müəllimliklə bərabər
mühərrirlik edir, "Türk-rus, rus-türk” lüğətini
(1907) və "Hesab məsələləri” dərsliyini
(1908) çap etdirir. 1909-cu ildə görkəmli
rus yazıçısı N.V.Qoqolun "Şinel” əsərini
birinci dəfə ana dilimizə çevirir.
101 yaşlı "Azərbaycan”ın
qurucusu
Ü.Hacıbəyli 1905-ci ildən etibarən mahir bir
publisist kimi fəaliyyətə başlayır. Ömrü boyunca "Həyat”,
"İrşad”, "Tərəqqi”, "Həqiqət”,
"İqbal”, "Yeni İqbal”, "Azərbaycan”,
"Kaspi”, "Molla Nəsrəddin” də daxil 16-dan çox
mətbu orqanda 67 təxəllüs altında özünün
bir-birindən maraqlı məqalə və felyetonları
çıxır, 4 qəzetə redaktorluq edir. Həmin
məqalələr, publisistik yazılar öz mövzu və
ideyası ilə bu gün də aktualdır və zəmanəmizlə
uzlaşır. Üzeyir bəy, həmçinin
duzlu-məzəli ifadələri ilə
düşündürməyi bacaran dramaturq idi. "Koroğlu”dan başqa bütün opera və
operettaların librettosu özünə məxsus idi.
Üzeyir bəyin publisistik
yaradıcılığının ən şərəfli və
məhsuldar dövrlərindən biri 1918-1920-ci illərə -
Azərbaycan müstəqillik əldə ediyi, əsarətdən
qurtulduğu dövrə təsadüf edir. Ölkəmiz
istiqlaliyyətini əldə etdikdən sonra Üzeyir bəy
Hacıbəyli var qüvvəsi ilə müxtəlif istiqamətlərdə
fəaliyyətini davam etdirirdi. Bir tərəfdən
musiqilər yazır, teatr sahəsində çabalar göstərir,
elmi işlər üzərində çalışır, ali musiqi ocağı yaratmaq haqqında
düşünür, digər tərəfdən də
publisistik yaradıcılıqla məşğul olurdu. Gecə-gündüz Azərbaycanın
inkişafı, çiçəklənməsi
üçün yollar axtarırdı. O illərdə
böyük sənətkarın "Milli marş”ı
xüsusi dövlət müsabiqəsindən keçərək,
müstəqil Azərbaycanın İstiqlal marşı
statusunu aldı. Rəsmi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin himni oldu. Bundan əlavə,
Üzeyir bəy "Azərbaycan” marşını,
"Dağıstan” və "Azərbaycan” adlı birpərdəli
baletlər bəstələdi. "Azərbaycan
türklərinin musiqisi haqqında” adlı elmi əsərini
yazıb, cümhuriyyətin birinci ildönümü
günü, 28 may 1919-cu ildə "İstiqlal” məcmuəsində
dərc etdirdi. Bunlarla yanaşı,
Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli
qardaşlarının teatr truppası fəaliyyət göstərirdi.
Bu truppa müxtəlif opera, operetta, dram əsərləri
tamaşaya qoyurdu. Üzeyir bəy
tamaşalarda dirijor kimi çıxış edir, hətta səhnə
əsərlərinin baş rejissoru kimi də fəaliyyət
göstərirdi. Hər vəchlə cavan,
müstəqil dövlətimizin inkişafına
çalışır, hər sahədə öz töhfəsini
verirdi.
Bu töhfələrdən ən mühümü Azərbaycan
Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan”
qəzetindəki fəaliyyəti ilə bağlı idi. Bəstəkarın
kiçik qardaşı Ceyhun Hacıbəylinin redaktorluğu
ilə çıxan bu qəzetdə Üzeyir bəy əvvəlcə
parlament müxbiri olur. Qəzetdəki ilk
yazılarını Azərbaycan parlamentinin
açılış hazırlıqlarına həsr etməklə
bu tarixi hadisəni işıqlandırır. Təəssüf ki, söz ustasının
1918-1920-ci illər kəsiyində yazdığı
bütün məqalələri 1991-ci ilə qədər
yasaq olunub və dəmir seyflərdə saxlanılıb.
Halbuki "Azərbaycan” qəzetində Ü.
Hacıbəylinin yüzlərlə publisistik yazıları dərc
olunub. Bəzən bir nömrədə
müxtəlif imzalarla bir neçə yazısı çap
edilirdi. 1919-cu ilin yanvarında Ceyhun bəy
Hacıbəyli Paris sülh konfransında Azərbaycan
nümayəndə heyətinin tərkibində Fransaya getdiyi
üçün qəzetin redaktorluğu Üzeyir bəyə
tapşırılır. O, təxminən 15 ay müddətində
- cümhuriyyətimizin süqutuna qədər bu mühüm
missiyanı ləyaqətlə yerinə yetirir.
Ü.Hacıbəyli
qəzetin 1920-ci il aprelin 25-də
çıxan nömrəsində "Surna” adlı felyetonla
çıxış edərək düşündüklərini
açıq yazmaqdan çəkinmir: "Keçən səfər
parlamanda ticarət işlərindən bəhs edərkən məbus
əfəndilərimizdən birisi xalı və gəbəyə
xammal dedi. Böyük səhvdir. Ondan
ötrü ki, xalı və gəbə xammal deyildir! Xammal o şeyə deyirlər ki, ondan bir hazır
şey meydana gələ.
... Mən
demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti
arasında təfavüt yoxdur, xeyir! Təfavüt
vardır və o özü də bundan ibarətdir ki,
nikolaylar və generallar hökuməti bizi həmişə
"İsvoloç” deyib atamıza söyərdilər, mujik və
raboçi hökuməti məşhur rus
söyüşü ilə anamıza söyəcəklər.
Pəs bundan demək olmaz ki, xalı və gəbə
xammaldır, hər halda bunu söyləyən böyük səhv
edir”.
"Azərbaycan” qəzetində son felyetonunu yazan cəsarətli
qələm sahibi bununla da son sözünü deyir. Çəkinmədən,
qorxmadan, susmadan xalqımızı gözləyən təhlükəni
bəyan edir. 2 gün sonra isə rus
qoşunları Azərbaycanı işğal edir. Və "Azərbaycan” qəzeti bağlanır,
Üzeyir bəyin də buradakı missiyası sona
çatır. Lakin mübariz, qürurlu, cəsarətli
söz ustası olan Üzeyir bəy Hacıbəyli
ömrünün sonuna kimi Azərbaycan üçün, Azərbaycan
xalqı üçün çalışır. Ölməz əsərləri, irsi ilə ana vətənimizi
dünyaya tanıdır.
72 ildən sonra "doğulduğu”
vətənə qayıdan məşhur mahnı
Üzeyir bəy 1918-ci ildə istiqlal şairimiz Əhməd
Cavadın sözlərinə
"Çırpınırdın Qara dəniz”
mahnısını yazır. Lakin mahnı Azərbaycan
sovet hakimiyyəti qurulduqdan, 1920-ci ildən sonra Azərbaycanda
ifa edilmir. Üzeyirşünas Səadət
Qarabağlı xatırlayır ki, 1990-cı ildə Üzeyir
Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına
təkmilləşdirməyə gələn
İstanbuldakı Türk Musiqisi Dövlət
Konservatoriyasının müəllimi, musiqişünas
Süleyman Şenel dahi bəstəkarımızın
ev-muzeyində olarkən "Çırpınırdın
Qara dəniz” mahnısının uzun illərdir Türkiyədə
səsləndiyini və çox sevildiyini bildirir. O, Üzeyir
bəyin bu mahnısının notlarını və sözlərini
yazıb muzeyə bağışlayır. Beləliklə,
bu mahnı 72 ildən sonra "doğulduğu” vətənə
qayıdır. 1993-cü ildən etibarən
yenidən müstəqil ölkəmizdə səslənməyə
başlayır.
Dahi bəstəkarın 1919-cu ildə Əhməd
Cavadın sözlərinə yazdığı "Azərbaycan”
marşının ilk not yazısı və sözləri
türkiyəli musiqişünas Etem Üngörün
1966-cı ildə Ankarada çıxan "Türk
marşları” kitabında nəşr olunub. Kitabda yazılır ki, Azərbaycan
müstəqilliyini itirməmişdən əvvəl bu
marş hər səhər hərbi məktəblərdə,
dərs başlamazdan öncə oxunardı.
Ölümdən qaçış
Kəsərli qələm ustası məqalə və
felyetonlarında xalqı narahat edən bütün məsələlərə
aydınlıq gətirməklə yanaşı, erməni-Azərbaycan
mövzusuna xüsusi diqqət yetirirdi. Yazılarının
çoxunda bu məsələyə toxunan sənətkar
daşnakların fitnələrindən, həyasızlığından,
onların hətta sadə erməni millətinin başına
gətirdikləri bəlalardan bəhs edir, dəf
yollarını göstərirdi. Ona görə
də ermənilərin onu görməyə gözü yox
idi, hər fürsətdə onu öldürmək istəyirdilər.
1918-ci ilin mart qırğını zamanı erməni
daşnakları Üzeyir bəyin evini gülləbaran edirlər.
Şərqin ilk operasını yazan bəstəkara
qısqanclıqla yanaşan daşnaklar evin divarlarını,
damını güllə yağışına tuturlar. Ancaq xoşbəxtlikdən istəklərini həyata
keçirə bilmirlər. Onu ölümdən
Nəriman Nərimanov xilas edir. "Hadisələr
baş verməmişdən əvvəl Nəriman Nərimanov
bəstəkarı yanına çağırır və ona
teatr truppası ilə birgə İrana qastrol səfərinə
getməyi tapşırır. Əvvəl
Üzeyir bəy razılaşmır, "mən Azərbaycanı
qoyub heç yerə getməyəcəm” deyir. Ancaq Nərimanovun təkidindən, "Siz bizə gələcəkdə
lazımsız” sözündən sonra Üzeyir və
Zülfüqar Hacıbəyov qardaşlarının teatr
truppası İrana yola düşür. Onlar
bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə
tamaşalar göstərirlər. Oktyabrda
isə vətənə qayıdırlar. O zaman
bütün qəzetlər Üzeyir bəyin
qayıdışına görə xalqa göz
aydınlığı verirdi”. Bunu Üzeyir
Hacıbəylinin ev-muzeyinin direktoru, şəxsi katibi
olmuş baldızı oğlu Ramazan Xəlilov öz xatirələrində
qeyd edib. Həmin qəlpələr 1975-ci
ildə bəstəkarın ev-muzeyinin
açılışı ərəfəsində təmizlənib.
Nəriman Nərimanov dahi bəstəkarı ikinci dəfə
də ölümdən xilas edir. 1921-ci ildə
Üzeyir bəyin də adı güllələnmə
hökmü çıxarılan Azərbaycanın
sayılıb-seçilən 59 şəxsiyyəti ilə
birgə NKVD-nin siyahısına salınır. Günlərin bir günü bəstəkarın
qaynı Hənəfi Terequlov təsadüf nəticəsində
idarənin rəisi S.Pankratovun masasının üstündə
həmin siyahını görür. Dərhal
ordan çıxaraq başılovlu Qori Seminariyasından
yaxın dostu olan Nəriman Nərimanovun yanına gedir. O
dövrdə N.Nərimanov Azərbaycana rəhbərlik etməklə
yanaşı, həkimliklə də məşğul idi. H.Terequlov ərklə içəri daxil olur,
görür doktor xəstə müayinə edir. Qayıdır ki, doktor, sən yatmısan? Nərimanov cavab verir ki, Hənəfi, sən nə
danışırsan, görmürsənmi xəstə qəbul
edirəm? Terequlov bir də deyir ki, yox, əzizim,
sən yatmısan. İndicə mən
NKVD-də Üzeyir bəylə birlikdə 59 nəfərin
adı olan siyahını görmüşəm, onların
hamısı güllələnəcək. Nərimanov
deyir, bu, ola bilməz. onda
Hənəfi dostuna deyir ki, adam göndər siyahını sənə
gətirsinlər. Nəriman Nərimanov dərhal adam göndərir, həmin siyahını
Pankratovdan alıb gətizdirir və elə oradaca cırıb
tullayır. Bununla da dahi şəxsiyyəti ikinci dəfə
ölümün caynağından qoparır...
"Leyli və Məcnun”dan
"Koroğlu”yadək...
Üzeyir
bəy sənətə gələndə Azərbaycanda nə
bir məktəb vardı, nə bir müəllim, nə bir
yol... Bu cəfakeş, fədakar insan heç
bir məktəb keçmədən, qeyri-adi, fitri istedadı
və çalışqanlığı sayəsində hər
şeyi özü yaratdı. Özü
yoxdan bir yol qurdu. O yoldakı daşlar ayağını əzsə
də, incitsə də, təmizləyə-təmizləyə
yorulmadan irəlilədi. O yolda bütün
cığırları təkbaşına açdı. İlk operası "Leyli və Məcnun” üzərində
işləyərkən onun cəmi 22 yaşı vardı.
Özü də kirayədə qalırdı.
Əsəri 1908-ci ildə "İslamiyyə”
mehmanxanasında tamamlamışdı.
1907-ci ilin axırlarına yaxın Bakıda "opera”
sözü tez-tez eşidilirdi. Şəhərin
sakinləri teatr, sirk tamaşaları görmüşdülər,
opera isə onlar üçün yeni idi. Nəhayət,
1908-ci il yanvarın 12-də, şənbə
günü böyük səbirsizliklə gözlənilən
o an gəlib çatdı. H.Z.Tağıyevin
teatrında (indiki Musiqili Teatrda) Hüseyn Ərəblinskinin
quruluşunda, Əbdürrəhimbəy Haqverdiyevin
dirijorluğu, Əli bəy Hüseynzadənin rəssamlığı
ilə "Leyli və Məcnun” operasının premyerası
oldu. Üzeyir bəy özü isə
seminariya dostları ilə birgə skripkada
çalırdı. O gün teatr ağzına kimi
doluydu. O gecə binanın dörd tərəfi camaatla dolu idi.
Teatrın qapılarında və foyedə səs-küydən
qulaq tutulurdu. Biletlər saat 4-dən
qurtardığına görə camaat biletsiz içəri
doluşurdu. Azərbaycanın hər yerindən,
hətta Qafqazın bir çox bölgələrindən
operaya baxmağa gəlmişdilər. Beləliklə,
Məhəmməd Füzulinin eyni adlı poeması əsasında
yazılan "Leyli və Məcnun”la nəinki Azərbaycanda,
bütün Şərq aləmində opera janrının əsası
qoyulur.
İlk
operasının müvəffəqiyyətindən ruhlanan
Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan”,
"Rüstəm və Söhrab”, "Şah Abbas və
Xurşidbanu”, "Əsli və Kərəm”
operalarını bəstələyir. O illərdə dahi bəstəkar
"Ər və arvad”, "O olmasın, bu olsun”
operettalarını da yazaraq bütün Şərqdə bu
janrın da bünövrəsini qoyur. Bu əsərlərin
hər biri tamaşaçılar tərəfindən rəğbətlə
qarşılanır və sevilir. Bircə
"Şeyx Sənan”ın premyerasından sonra Üzeyir bəy
onu qabili-səhnə görməyib, əsərin
partiturasını, əlyazmasını məhv etdi. Bu
barədə Ramazan Xəlilov bəstəkara sual verəndə
gülümsəyərək belə cavab vermişdi: "Mən
kağız üzərindəki əsəri cırıb
tulladım. Musiqi isə beynimdə idi. Həmin musiqidən "Koroğlu” operasında
istifadə etdim”.
Ü.Hacıbəylinin 1915-ci ildə tamamladığı
"Harun və Leyla” operası isə ümumiyyətlə, səhnələşdirilməyib.
1912-ci ildə
Üzeyir bəy ali təhsil almaq məqsədilə
əvvəl Moskvaya gedir, filarmonik cəmiyyətin musiqi
kurslarında dərs alır. 1913-cü ildə
isə Sankt-Peterburq Konservatoriyasına daxil olur. O dövr
Üzeyir bəyin həyatında və
yaradıcılığında mühüm rol oynayır.
Özünün bütün dünyada məşhur olan
"Arşın mal alan” operettasını
məhz təhsil aldığı müddətdə bəstələyir.
Lakin I Dünya müharibəsinin
başlanması və maddi çətinlik ucbatından
Ü.Hacıbəyli konservatoriyada təhsilini tamamlaya bilmir.
1914-cü ildə həyat yoldaşı Məleykə
xanımla birlikdə Bakıya qayıdır.
Üzeyir
bəy hələ Sankt-Peterburqda ikən 4 pərdəli
"Arşın mal alan” operettasını
tamamlayaraq partiturasını Bakıya göndərir ki, onu
tamaşaya qoysunlar. Və tamaşa ilk dəfə 1913-cü il 25 oktyabrda Tağıyev teatrında göstərilir.
Bundan sonra operetta ümumdünya şöhrəti
qazanır. 67 xarici dilə tərcümə olunur, 100-dən
çox teatrın səhnəsində, o cümlədən
ABŞ-ın 13 ştatında, Polşanın 16 şəhərində,
Çinin 3 şəhərində, Türkiyədə,
İranda, Yunanıstanda, Fransada, Moskvada, Londonda, Berlində,
Vyanada və onlarla başqa ölkələrdə tamaşaya
qoyulur. 1945-ci ildə ekranlaşdırılmış
"Arşın mal alan” filmi isə
bütün dünyanı dolaşır. Əsər
dörd dəfə ekran həyatı yaşayır. Onlardan üçü Bakıda, biri isə ötən
əsrin 30-cu illərində ABŞ-da çəkilib. Erməni əsilli Amerika kinorejissoru bu əsəri
ekranlaşdıraraq heç yerdə müəllifin
adını göstərmir. Və filmin
Şərq motivləri əsasında çəkildiyi
vurğulanır. Bəs bu operetta ABŞ-a
necə gedib çıxmışdı?
Üzeyirşünas
Səadət Qarabağlı "Üzeyir bəy Hacıbəylinin
publisistikasında musiqi məsələləri” kitabında
yazır ki, 1915-ci ildə Tiflisdə yaşayan Sedrak Maqalyan
adlı erməni Üzeyir bəyin yanına gələrək
"Arşın mal alan”ı erməni
dilinə tərcümə etmək istədiyini deyir. Hətta Üzeyir bəylə müqavilə də
bağlayır. O, operettanı erməni dilinə
çevirib, səhnəyə qoyur. Tamaşa
Gürcüstanda, Bakıda və başqa şəhərlərdə
göstərilir. 1921-ci ildə Gürcüstanda
sovet hakimiyyəti qurulandan sonra S.Maqalyan xaricə mühacirət
edir. Gedərkən "Arşın mal alan”
əsərini də aparır. Əvvəl
Türkiyədə, sonra Yunanıstanda yaşayır və bu
operettanın hesabına dolanır. Daha
sonra ABŞ-a köçür. Orada bu əsəri
tamaşaya qoymaqla külli miqdarda qazanc əldə edir. Hətta
o qədər varlanır ki, çoxmərtəbəli hotel
tikdirir və ona "Arşın mal alan”
adını verir.
1925-ci ildə Üzeyir bəy ABŞ-dan Okorokov
soyadlı bir bakılı musiqiçidən məktub
alır. Okorokov vaxtilə Bakıda violonçel çalan
olub, Asəf Zeynallıya dərs deyib. O, məktubunda
Üzeyir bəyə yazır ki, "burada Maqalyan soyadlı
biri Sizin "Arşın mal alan” operettanızı özəlləşdirərək
çoxlu pullar qazanır. Mənə vəkalətnamə
göndərsəniz, halal pullarınızı alıb, Sizə
yollayaram”. Lakin o dövrün təzadları
üzündən Okorokovun məktubu cavabsız qalır.
Ermənilər isə daha da azğınlaşaraq ABŞ-da
tamaşaya qoyduqları "Arşın mal alan”ı
"erməni operettalarının kraliçası”
adlandırırlar.
1942-ci ildə Azərbaycanın tanınmış ədəbiyyat
və incəsənət xadimləri İranda olarkən ermənilər
tərəfindən Amerikada çəkilmiş həmin filmə
baxırlar.
Lakin titrlərdə Üzeyir bəyin adına
rast gəlmirlər. Buna hiddətlənərək
Bakıya dönən kimi bu barədə müəllifə
bildirirlər. Bəstəkar bundan çox
mütəəssir olur və müəllif
hüquqlarının müdafiəsi üçün Azərbaycanın
ozamankı rəhbəri Mir Cəfər Bağırova məktub
yazır. Lakin məlum olur ki, SSRİ
müəllif hüquqlarının müdafiəsi üzrə
Beynəlxalq Konvensiyaya daxil olmadığı
üçün bəstəkarın hüquqlarını
müdafiə etmək imkansızdır.
Aradan iki həftə keçdikdən sonra gecə saat
1-də Üzeyir bəyin evinə Moskvadan zəng gəlir. SSRİ Kinematoqrafiya Komitəsinin
sədri Bolşakov bildirir ki, Stalin sizin məktubunuzdan xəbərdardır
və göstəriş verdi ki, müəllif
hüquqlarınızı müdafiə etmək məqsədilə
təcili olaraq Bakı studiyasında "Arşın mal alan”
filmi çəkilməli və bütün dünya
ekranlarında göstərilməlidir.
Elə də olur. 1943-cü ildə II Dünya müharibəsinin
qızğın çağlarında film üzərində
iş başlayır. 1945-ci ildə Sabit Rəhmanın
ssenarisi əsasında Rza Təhmasibin və
N.Leşşenkonun rejissorluğu ilə eyniadlı film çəkilib
qurtarır və planetin hər guşəsində
böyük müvəffəqiyyətlə göstərilir.
Bununla da "Arşın mal alan”ın əsl
bəstəkarını hamı tanıyır və müəllif
hüquqları bərpa edilir.
Şərq musiqisinin atası adlandırılan Üzeyir
bəy Hacıbəyli yaradıcılığının zirvəsini
isə onun "Koroğlu” operası təşkil edir. Bu əsərdə
bəstəkar böyük ustalıqla Qərb və Şərq
musiqi alətlərinin sintezini yaradır. Əslində,
"Koroğlu” operasını yazmaq barədə Üzeyir bəy
uzun illər düşünüb. 1919-cu
ildə isə onun bu fikri qətiləşib. Həmin ildə 34 yaşlı bəstəkar ailəsilə
bərabər Gürcüstanın Qacar yaylağında istirahət
edərkən orada "Koroğlu” qalasını görür.
O, hər gün bu qalanın yanına gələr, onun əzəmətinə
tamaşa edərdi. Növbəti dəfə bu
qalanın yanında olarkən yaşlı bir
aşığın "Koroğlu” dastanını əzbərdən
söylədiyini eşidir. Ona yaxınlaşır
və diqqətlə qulaq asır. Aşığın
ifası Üzeyir bəyin çox xoşuna gəlir. Elə oradaca "Koroğlu” dastanını musiqi
dili ilə əbədiləşdirməyi qət edir.
Aradan 13 il keçir. Üzeyir
bəy "Koroğlu” operası üzərində işə
başlayır və 4 ildən sonra, 1936-cı ildə əsəri
tamamlayır. 1937-ci il aprelin 30-da
operanın möhtəşəm premyerası baş tutur.
Tamaşa Moskvada o qədər böyük müvəffəqiyyət
qazanır ki, onu Böyük Teatrın səhnəsində
tamaşaya qoymaq haqqında qərar qəbul edilir. Lakin Üzeyir bəy şəxsiyyətinə
və onun ölməz yaradıcılığına hər
zaman qısqanclıqla yanaşan qara qüvvələr özlərini
"səfərbər” edib, "Koroğlu”nun Böyük
Teatrın səhnəsində tamaşaya qoyulmasına mane
olurlar. Bütün bunlara baxmayaraq, 15 mart 1941-ci ildə
"Koroğlu” operası SSRİ-nin ən ali
təltifinə - Stalin mükafatına layiq görülür.
Ü.Hacıbəyli yaradıcılığının
tacı olan "Koroğlu” operası bəstəkara qənirsiz
şöhrət və uğur gətirir. SSRİ-nin rəhbəri
İosif Stalinin də çox sevdiyi bu opera sayəsində
Üzeyir bəy 37-ci il repressiyasından
qurtulur. Ramazan Xəlilov danışarmış
ki, o ağır günlərdə bəstəkar
ayaqqabılarını cütləyib qapının
ağzında hazır saxlayırdı. Özü
isə pəncərinin önündə, gözü yolda
qalırmış ki, indi gəlib məni də aparacaqlar.
Amma xoşbəxtlikdən üçüncü dəfə də
Üzeyir bəy ölümün cəngindən xilas ola bilir.
Mədəniyyətimizin sütunu olan Ü. Hacıbəyli
Azərbaycan musiqi sənətində bir çox ilklərə
imza atıb. Musiqi məktəbləri, musiqi texnikumu, Azərbaycan
Dövlət Konservatoriyasının, Azərbaycan Bəstəkarlar
İttifaqının bünövrəsini qoyub. Xalq çalğı alətləri (notlu) orkestrini,
Dövlət xorunu, simli kvarteti, Simfonik orkestri, Mahnı və
Rəqs Ansamblını, Sazçı qızlar dəstəsini
yaradıb. Azərbaycan Milli Elmlər
Akademiyasını təşkil edənlərdən biri olub və
akademiyanın nəzdində İncəsənət institutu
yaradıb.
"Ayaqqabısını
çıxarıb tələbəsinə verir, özü isə...”
Üzeyir bəyin misilsiz xidmətləri ilə
yanaşı, onun insanpərvərliyi də dillər əzbəri
olub. Tələbələri, dostları,
tanışları, müəllimləri, hətta
tanımadığı adamlar belə Üzeyir bəyin onlara
göstərdiyi qayğıdan, yaxşılıqlardan,
ehtiyacı olanlara şəxsi pulundan verdiyi təqaüddən
danışırlar. Bu böyük insan
Şuşada ona dərs demiş sevimli müəllimi Mirzə
Mehdiyə ehtiram əlaməti olaraq, öz şəxsi
qazancından hər ay 300 manat təqaüd göndərirdi.
Xanəndə İslam Abdullayevə, Keçəçi
oğlu Məhəmmədə, tələbələrinə
şəxsi pulundan kəsdiyi təqaüd, etdiyi yardımlar hələ
də unudulmur. O, saysız-hesabsız insanlara əl tutub.
Bəzilərinə pulla kömək edib, bəzilərinə
musiqi aləti alıb bağışlayıb, bəzilərini
işlə təmin edib, bəzilərinə geyim verib, bəzilərinin
təhsil almasına yardım göstərib. Tələbələrinə maddi və mənəvi
dəstək göstərməklə yanaşı, əyninin
paltosunu, ayağının ayaqqabısını da
çıxarıb onlara verib. Məmməd
Cavadov xatirələrində yazırdı ki, "Üzeyir bəy
Hacıbəyli qeyri-adi insan, qayğıkeş, əvəzsiz
müəllim idi. Bir gün Aydın adlı bir tələbə
yoldaşımızın ayaqqabısının nimdaş
olduğunu görən böyük ustadımız
ayağının ayaqqabısını çıxarıb
ona verdi. Özü isə evə
zəng çalaraq ayaqqabı göndərilməsini xahiş
etdi”.
1946-cı ildə Üzeyir bəy Hacıbəyli deputat
kimi Naxçıvana seçiciləri ilə görüşə
gedir. "Qonaq evi”nə əsgər paltarında cavan bir
oğlan gəlir. Böyük Vətən
müharibəsindən yenicə qayıtmış bu gənc
oğlan yazdığı şeirləri Üzeyir bəyə
göstərir. Sərraf söz ustası
şeirləri oxuyur və bəyənir. Gənc
oğlana Bakıya gəlməyi tövsiyə edir.
Bildirir ki, o, mütləq ali təhsilə
yiyələnməlidir. Lakin oğlan Bakıya
getmək üçün maddi durumunun
olmadığını söyləyir. Bunu eşidən
Üzeyir bəy gənc oğlana zərfin içində pul
verərək onu Bakıda gözləyəcəyini deyir... Bir neçə gün sonra gənc oğlan
Bakıya, birbaşa Üzeyir bəyin yanına gedir. Üzeyir bəy dərhal Azərbaycan Dövlət
Universitetinin rektoru Abdulla Qarayevə telefon açaraq bu
istedadlı gəncin universitetə qəbul olunmasını
xahiş edir. Qəbul imtahanlarının
vaxtından çox keçməsinə baxmayaraq, A.Qarayev bəstəkarın
sözünü yerə salmır. Beləliklə,
gənc şair universitetə imtahansız qəbul olunur.
Təqaüdünü isə hər ay
Üzeyir bəy verir. Bu gənc gələcəyin
xalq şairi İslam Səfərli idi.
Qəzəlxan şairimiz Əliağa Vahidə mənzil
verdirən də bu dahi insan olub. Ramazan Xəlilov xatirələrində
yazır ki, "bir gün Üzeyir bəylə birgə
köhnə məhəllələrin birindən keçərək
evə gedirdik. Bir də gördük,
Əliağa Vahid kiçik bir daxmanın yanında
küçədə oturub. Ona
yaxınlaşdıq. Üzeyir bəyi
görən kimi şair cəld ayağa qalxdı. Üzeyir bəy soruşdu ki, Vahid, burada nə edirsən,
niyə burda oturmusan? Vahid zirzəmini göstərərək
dedi ki, Üzeyir bəy, mən burada yaşayıram. İçəri çox isti və rütubətlidir,
nəfəs almaq olmur deyə, çıxıb havada otururam.
Üzeyir bəy evə gələn kimi dərhal
lazımi yerlərə zəng etdi. Əliağa Vahidin
ev şəraitinin ağır olduğunu söylədi və
şairə yeni tikililərdə ev verilməsinə nail oldu”.
Xalqı və milləti üçün bu qədər
işlər görən Üzeyir bəy Hacıbəylinin həyat
yolu heç də asan və hamar olmayıb. Hər vəchlə
ona mane olmağa çalışır, rahat işləməyə
qoymurdular. Bir tərəfdən
"sapı özümüzdən olan baltalar”, digər tərəfdən
əzəli və əbədi düşmənimiz olan ermənilər
Üzeyir bəyə qənim kəsilmişdilər. Azərbaycanın çörəyini yeyən, bu
millətdən hər zaman yaxşılıq görən ermənilər
bütün sayılıb-seçilən
ziyalılarımız kimi Ü. Hacıbəylini də məhv
etməyə çalışırdılar. 1937-ci ildə Üzeyir bəyin SSRİ Ali Sovetinə
deputatlığa namizədliyi irəli sürülərkən
ermənilər dinc durmur, ondan NKVD-yə Müsavat
partiyasının üzvü olması, "vətən xainlərinin”
övladlarını işə götürməsi,
qardaşının xaricdə yaşaması barədə
donoslar yazırdılar. Ermənilər hətta
Üzeyir bəyin "Azərbaycan” qəzetində dərc
olunan 28 may 1919-cu il tarixli "Bir yaş” məqaləsini rus
dilinə çevirərək təşkilata təqdim
etmişdilər. NKVD-nin erməni rəhbəri
Sumbatov bütün bunlar barədə Mir Cəfər
Bağırova məruzə edirdi. Bağırov
ermənilərin məkrli niyyətlərini yaxşı
anlayır və bəstəkarı onlardan qorumağa
çalışırdı. Ermənilərin
donoslarına cavab olaraq M.C.Bağırov 1937-ci ildə
keçirilən büro iclasında rəsmi surətdə
göstəriş verir: "Hacıbəyov nəhəng bəstəkar
kimi nüfuz sahibidir və yeni "Koroğlu”
operasının, Azərbaycan kəndlilərinin feodallara,
türk sultanlarına qarşı mübarizəsini əks
etdirən, ən uğurla və istedadla yazılmış
musiqi əsərlərindən birinin müəllifi olduğu
üçün Hacıbəyovun namizədliyi hələlik
çıxarılmasın”. Ermənilərin
bütün səylərinə baxmayaraq, 1937-ci ildə
Üzeyir bəy SSRİ Ali Sovetinə deputat seçilir.
Ölüm sevinməsin qoy...
1938-ci ilin aprelində Moskvada keçirilən Azərbaycan
İncəsənəti ongünlüyü "Koroğlu”
operası ilə açılır. Stalin öz xahişi
ilə "Koroğlu”ya iki dəfə tamaşa edir, onu "ən
gözəl sovet operası” adlandırır.
"Arşın mal alan” da proqrama Stalinin
göstərişi ilə salınır. Dekadadan sonra
Üzeyir bəy bütün sovet bəstəkarları
içərisində birinci olaraq SSRİ Xalq artisti adına layiq görülür, Lenin ordeni ilə
təltif edilir. Ongünlük bitdikdən sonra
bütün iştirakçılar Kremldə qəbul olunur və
onlara Stalinin adından böyük ziyafət verilir. Banketdə Üzeyir bəyin bir tərəfində
Stalin, digər tərəfində Molotov və Voroşilov əyləşirlər.
Stalin orada "Arşın mal alan”
operettasından parçalar oxuyur. "Koroğlu”
operasını çox bəyəndiyini söyləyir,
Üzeyir bəyi novator bəstəkar adlandırır,
"siz dörd belə opera yazmalısınız” deyir. Sonra bəstəkara xalq çalğı alətlərində
ifaçıların Ümumittifaq müsabiqəsini
keçirməyi və həmin yarışmada komissiyanın
sədri olmağı təklif edir. Üzeyir
bəy məmnuniyyətlə təklifi qəbul edir.
Stalin oradaca müsabiqənin keçirilmə tarixini təyin
edir - 1939-cu il, oktyabr...
15
günlük müsabiqənin gedişi zamanı respublika səviyyəsindəki
yarışlardan keçməyən beş erməni əsilli
Azərbaycan vətəndaşı SSRİ xarici işlər
naziri Molotovun adına teleqram göndərir, orada Üzeyir bəyin
münsiflər heyətinin sədri seçilməsinə
etiraz edir, onu millətçilikdə
günahlandırırlar. Molotov da teleqramı bəstəkarın
özünə ünvanlayır. Üzeyir
bəy bu xəbis, məkrli ermənilərin əməllərindən
əsəb sarsıntısı keçirir. Bununla diabet xəstəliyinin təməli qoyulur.
Elə o vaxtdan sonra xəstəlik ildən-ilə
şiddətlənir. 1947-ci ildə isə
daha da kəskinləşir. Həmin ilin
sentyabrında Mir Cəfər Bağırov səhiyyə
naziri və digər məsul şəxslərə Üzeyir bəyə
yüksək dərəcədə
ixtisaslaşdırılmış konsilium təşkil etməyi
tapşırır. Konsiliumun nəticəsinə
görə, xəstənin şəkər diabeti, hipertoniya və
ürək astmasından əziyyət çəkdiyi müəyyənləşir.
Bundan sonra Üzeyir bəyi
"Leçkomissiya”ya yerləşdirirlər. Konsiliumun həkimlərinin tərkibində olan
Osipyan soyadlı erməni bəstəkarı müalicə etməyə
başlayır. Bununla da ermənilərin
çoxdan axtardıqları fürsət əllərinə
düşür. Əlverişli məqamı
fövtə verməyən Osipyan təcili olaraq Üzeyir bəyə
insulin iynəsi təyin edir və xəstəni çox ciddi
pəhrizdə saxlayır. Bunun nəticəsində
Ü. Hacıbəyli bir ay ərzində 18 kq arıqlayır,
orqanizmi zəifləyir və ürək tutmaları
başlayır. Beləliklə də,
Osipyanın məkrli niyyəti çox ağır nəticələrə
səbəb olur. Üzeyir bəyi
Yessentukiyə aparmağı məsləhət görürlər.
Orada vəziyyəti daha da
ağırlaşır. Bu barədə
M.C.Bağırov Stalinə məlumat verir. SSRİ-nin başçısı bəstəkarı
təcili olaraq Moskvaya gətirməyi məsləhət
görür. 1947-ci ilin dekabrında Ü.
Hacıbəylini Moskvaya aparırlar və məlum olur ki,
Bakıda onu düzgün müalicə etməyiblər.
Xəstəxanada bir az müalicə
olunduqdan sonra dahi bəstəkarı Borvixada yerləşən
yüksək səviyyəli hökumət sanatoriyasına
keçirirlər. Oradakı həkimlər də
Üzeyir bəyin müalicəsində çox səhvlər
olduğunu təsdiqləyirlər. 1948-ci
ilin avqustunda həyat yoldaşı Məleykə xanım,
Ramazan Xəlilov və sanatoriyadan təyin edilmiş Kirefova
familiyalı tibb bacısı böyük sənətkarı
Bakıya gətirirlər. Ona Mərdəkandakı
2 saylı istirahət evində ayrıca, bir ailəlik imarət
ayırırlar. Professor Yeqorov və həkim
İsmayıl Veysov Üzeyir bəyi müalicə edirlər.
Lakin bütün səylərə baxmayaraq, bəstəkarın
vəziyyəti yaxşılaşmır. Oktyabrın
ikinci yarısında Üzeyir bəyi öz evinə gətirirlər.
Noyabrın 23-də, gecə saat 2-də dahi bəstəkar
"peyğəmbər yaşı”nda gözlərini əbədi
yumur və ölümü ilə ölümsüzlüyə
qovuşur...
M.C.Bağırovun göstərişi ilə
Ü.Hacıbəylinin cənazəsi Azərbaycan Elmlər
Akademiyasının böyük salonunda qoyulur. İnsanlar
dahi bəstəkarla vidalaşmaq üçün
ucu-bucağı görünməyən növbələrə
düzülür. İnsan
axınının ardı-arası kəsilmir. Küçədə iynə atsan, yerə
düşməzdi. Şahidlərin dediyinə
görə, o vaxta qədər belə bir dəfn mərasimi
heç vaxt olmamışdı. Yollar,
binaların damları, artırmalar insanlarla dolu idi. Hönkür-hönkür ağlayan insan
axınının qarşısını almaq heç vəchlə
mümkün deyildi. Atlı polis dəstələri
bu izdihamı nizamlamağa çətinlik çəkirdilər.
Dəfn mərasimində başqa respublikalardan
da çoxlu nümayəndələr iştirak edirdilər.
Üzeyir bəyin tabutunu akademiyanın
binasından Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər
Bağırov və digər dövlət, hökumət
adamları çiyinlərində çıxarır, Fəxri
xiyabana qədər əllər üstündə aparırlar.
Dahi bəstəkar son mənzilə canından
çox sevdiyi Azərbaycan xalqının çiyinlərində
gedir. Məzarının üstünə
400-dən çox əklil qoyulur. Qırx gün isə
orada hüquq mühafizə işçilərindən ibarət
fəxri qaravul dayanır...
Və 63 il öncə yazılmağa başlayan həyat
melodiyasının son notu çalınır. Amma sona yetmir... Bu, elə bir melodiyadır ki, indiyə qədər bəstələnən
və bəstələnəcək bütün musiqilərimizdə
duyulacaq. Bu, elə bir melodiyadır ki,
dünya durduqca var olacaq, kainatı dolaşacaq.
Bu,
Üzeyir melodiyasıdır...
Sonu
olmayan, heç zaman bitməyəcək,
ölümsüzlük melodiyası...
Xəyalə MURADLI
Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 1;
7.