“Xeyriyyəçilik
ənənələrimiz” adlı videoçarx nümayiş
olunub
Xeyirxahlıq ən gözəl, ən ülvi insani keyfiyyətlərdən biridir. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi qarşılanır. Azərbaycan xalqının milli təfəkküründə xeyirxahlıq, mərhəmət, humanizm və nəciblik kimi dəyərlər daim xüsusi yer tutmuşdur. Tarix boyu çətin sınaqlarla üzləşən, milli dövlət qurmaq uğrunda şərəfli mübarizə aparan xalqımız bütün dövrlərdə yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, özünəməxsusluğunu, milli kimliyini qoruyub saxlaya bilmişdir.
Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, xeyirxah işlər görmək xalqımızın malik olduğu zəngin mənəvi dəyərlərdən irəli gəlir. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Tarix özü də heç vaxt xeyirxah əməlləri unutmur. Ən ali əxlaqi vəzifələrdən biri öz qəlbini xeyirxahlığa öyrətmək, başqalarını da yaxşı işlər görməyə təşviq etməkdir. Bugün insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı insanların üzərinə düşür.
Mənəvi Dəyərlərin Təbliği Fondu da xeyirxahlığı, yaxşı işlər görməyi özünün həyatdakı amalına çevirmiş xeyirsevər insanların cəmiyyətə tanıdılması, insanlar arasında yaxşılığın, xeyriyyəçiliyin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir, layihələr icra edir. Belə layihələrdən biri "Yaxşılıq unudulmur” adlanır.
Sentyabrın 17-də Bakı şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə cəmiyyətdə yaxşılığın, xeyriyyəçilik işlərinin yaşadılması və təşviqi məqsədi ilə elan edilmiş "Yaxşılıq unudulmur” adlı layihənin yekununa həsr edilmiş konfrans keçirilib. Konfransda fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Rəfi Qurbanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova, Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsi İctimai fənlər kafedrasının müdiri Elvin Talışinski, mətbuat təmsilçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış "Xeyriyyəçilik ənənələrimiz” adlı videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan xalqı hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri ilə seçilmişdir. Yaxşılıq bu keyfiyyətlərdən biri olmaqla yanaşı, insanlararası münasibətlərin təməlində dayanan prinsiplərdəndir. Keçmişdə olduğu kimi, bu gün də belə dəyərlərin yaşadılması və gələcək nəsillərə çatdırılması öz aktuallığını qoruyub saxlayır. M.İsmayılov "Yaxşılıq unudulmur” layihəsinin keçirilməsinin məqsədi barədə danışarkən vurğulayıb ki, əsas məqsəd yardımlaşma və xeyriyyəçilik ənənələrinin gənclər arasında geniş təbliği, bu dəyərləri yaşadan insanların tanıdılmasıdır. Yaxşılıq əməlləri ilə seçilən insanları bir araya toplamaq, eyni zamanda belə addımların arealının genişləndirilməsi üçün Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən bu qəbildən olan layihələr növbəti illərdə də həyata keçiriləcəkdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov qeyd edib ki, "Yaxşılıq unudulmur” layihəsi yeniliyi və mahiyyəti ilə bir çox layihələrdən seçilir. Layihənin şərtlərinə görə insanlar şahidi olduqları və ya onlara edilən yaxşılıqları, həmçinin bu yaxşılığın müəllifini Mənəvi Dəyərlərin Təbliği Fonduna bildirməklə xeyirsevər insanların tanıdılmasında iştirak edirlər. Nəticədə həm xeyirxah insanlar, həm də onların gördükləri yaxşı işlər cəmiyyətdə təbliğ olunur. R.Həsənov belə bir layihədə komissiya üzvü kimi iştirak etməkdən məmnunluğunu ifadə edib, dəvətə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkür edib və layihənin işinə uğurlar arzulayıb.
Tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova vurğulayıb ki, xeyirxahlıq və mərhəmət bəşər övladını daxilən saflaşdıran, başqalarının gözündə ucaldan, insanlığın ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır. Başqalarına təmənnasız yaxşılıq etməkdən mənəvi rahatlıq tapanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik, mənəvi saflıq kimi ülvi dəyərlər məhz belə kamil şəxsiyyətlərin saf düşüncə və pak əməllərində gerçəyə çevrilir.
Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsi İctimai fənlər kafedrasının müdiri Elvin Talışinski bildirib ki, dinimiz insanlara həmişə bir-birinə qarşı diqqət və sayğı ilə davranmağı, bir kəsin çətinliklərini həll etmək üçün bütün cəmiyyətin səfərbər olmasını, insanlararası münasibətlərdə xeyirxahlıq, dözümlülük və məhəbbət kimi ülvi hisslərin təbliğ və təşviq edilməsini tövsiyə edir.
Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən elan olunmuş "Yaxşılıq unudulmur” layihəsi çərçivəsində Amid Həsənquliyev, Səbinə Məlikova, Sevinc Alızadə, Xalid Musayev, Sevinc Əzimbəyli və Nihad Mehdiyev mükafatlandırılıb.
Xəyalə
MURADLI
Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 3.