Naxçıvanda
ilk milli hərbi hissənin yaradılmasının 27-ci
ildönümü münasibətilə silsilə tədbirlər
keçirilib
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib. Tədbirlərdə ordu quruculuğu prosesində fəal iştirak etmiş, hazırda ehtiyatda olan müharibə və Silahlı Qüvvələr veteranları da iştirak ediblər.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbriklərini şəxsi heyətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə Milli Ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlanılıb. 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi formalaşdırıldı, bir il sonra sentyabrın 15-də Müdafiə Komitəsinin bazasında 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada yaradıldı və oktyabrın 9-da Naxçıvanda ilk dəfə hərbi parad keçirildi. 1995-ci il mayın 21-də həmin briqada motoatıcı diviziyaya, 1998-ci il dekabrın 8-də Ordu Korpusuna, 2013-cü il dekabrın 18-də isə Əlahiddə Ümumqoşun Orduya çevrildi.
General-leytenant Kərəm Mustafayev bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Ölkəmizdə ordu quruculuğu
istiqamətində görülən işlər
Naxçıvan Muxtar Respublikasında da uğurla davam
etdirilir. Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi
hissələrin yaradılması, mövcud hərbi hissələrdə
infrastrukturun müasirləşdirilməsi istiqamətində
mühüm işlər görülür, böyük əhəmiyyətə
malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən
keçərək formalaşmış Əlahiddə
Ümumqoşun Ordu bu gün ən çətin
döyüş tapşırıqlarını yerinə yetirməyə
qadirdir. Məhz 2018-ci ilin may ayında Günnüt əməliyyatının
uğurla nəticələnməsi bunun bariz nümunəsidir.
Qazanılan nailiyyətlərin əsasında, ilk növbədə,
vətənpərvərlik hissləri dayanır. İyunun 7-dən
11-dək Naxçıvanda keçirilmiş "Sarsılmaz
qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə
döyüş atışlı taktiki təlimində
qarşıya qoyulmuş məqsədlərə nail
olunmasında şəxsi heyətin döyüş ruhu və
peşəkarlığı əsas rol oynayıb.
Təbrik
oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda
medallar, vaxtından əvvəl və növbəti hərbi
rütbələr, fəxri fərman, pul mükafatı və
qiymətli hədiyyələr təqdim edilib. Ordu
quruculuğu prosesində fəal iştirak etmiş, hazırda
isə ehtiyatda olan müharibə və Silahlı Qüvvələr
veteranları da qiymətli hədiyyələrlə
mükafatlandırılıblar.
Əlahiddə
Ümumqoşun Ordunun bütün birləşmə və
hissələrində keçirilən silsilə tədbirlərdə
təbriklər oxunub, hərbi qulluqçular təltif edilib,
veteranlar mükafatlandırılıblar. Tədbirlər mədəniyyət
və bədii özfəaliyyət kollektivlərinin konsert
proqramları ilə davam edib.
Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 4.