İlk qaliblər rusiyalı
gimnastlar oldular
Azərbaycan bədii gimnastika
üzrə dünya çempionatına uğurla
evsahibliyi edir
Bakıda bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı
davam edir. Dünən turnirin
ikinci günündə
gimnastlar fərdi proqram üzrə halqa və topla
təsnifat mərhələsində,
daha sonra isə finalda güclərini sınayıblar.
Milli Gimnastika
Arenasında əsl bayram ab-havası yaşanır. Mundial dünyanın
61 ölkəsindən Bakıya
gələn media təmsilçiləri,
azarkeşləri arasında
böyük rəğbətlə
qarşılanır, Beynəlxalq
Gimnastika Federasiyasının
qəlbində xoş
hisslər oyadır.
Müxtəlif ölkələrin media orqanları
sayca 37-ci dünya çempionatının təşkilini
və gedişini şərh edir, komandalar və rəhbərlərinin rəyləri
öyrənilir. Ümumi fikir belədir
ki, Bakının evsahibliyi etdiyi dünya çempionatı
ən yüksək səviyyədə təşkil
edilib, möhtəşəm
turnirə evsahibliyi edən Azərbaycan hər cür təqdirəlayiqdir.
Tribunalarda isə iştirakçı
ölkələrdən azarkeşlərin
hər bir gimnastın çıxışını
böyük maraqla və həyəcanla izləmələri, səsləndirdikləri
şüarlar yarışa
əlavə rəng qatırdı. "Azərbaycan,
Azərbaycan” sədaları
isə səngimək
bilmirdi.
Halqa ilə top yarışlarında
qaliblər müəyyənləşdi
Dünya
çempionatının fərdi
proqramında halqa ilə final yarışlarında
Dina Averina (Rusiya), israilli Linoy Aşram, Rusiya təmsilçisi Yekaterina
Seleznyova, Anastasiya Salos, Katerina Halkina (hər ikisi Belarus), İtaliya gimnastı Aleksandra Aqiurqiukulese,
israilli Nikol Zelikman və Boriana Kaleyn (Bolqarıstan) mübarizə
aparıblar. Rusiya gimnastı Yekaterina
Seleznyova 23,500 xalla dünya çempionatının
ilk qızıl medalını
qazanıb. Gümüş medala 23,400 xalla İsrail təmsilçisi
Linoy Aşram, bürünc mükafatına
isə rusiyalı idmançı Dina Averina
(23,350 xal) layiq görülüb.
Mundialın top ilə final yarışlarına
6 ölkədən idmançılar
vəsiqə qazanıblar.
Həlledici mərhələdə
Rusiyanı təmsil edən Dina və Arina Averina bacıları,
bolqarıstanlı Boriana
Kaleyn, Ukrayna gimnastı Vlada Nikolçenko, italiyalı
Milena Baldassarri, Nikol Zelikman, Linoy Aşram (hər ikisi israilli) və ABŞ idmançısı Evita Qriskenas birincilik uğrunda yarışıblar.
Rusiyalı idmançı Dina Averina
23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Onun bacısı Arina
Averina 23,050 xalla gümüş, israilli Linoy Aşram isə 22,400 xalla bürünc medala sahib olublar.
Ümumi sıralamada 10-cu pillədə
Xatırladaq ki, dünya çempionatına ölkəmiz
9 gimnastla qatılıb. Fərdi proqram
üzrə yarışlarda
Zöhrə Ağamirova,
Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini
sınayacaqlar. Qrup hərəkətlərində
isə komandamızın
heyətində Ayşən
Bayramova, Diana Əhmədbəyli,
Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda
çoxnövçülük üzrə ilk 16-lıqda yer
alan gimnastlar
(bir ölkədən
maksimum 2 gimnast olmaqla) "Tokio 2020” Yay Olimpiya Oyunlarına
lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına
gəldikdə isə,
ötən ilin dünya çempionatının
nəticələrinə əsasən,
Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük
xalları üzrə
daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Çempionatın ikinci günündə gimnastlar fərdi proqram üzrə halqa və topla
təsnifat mərhələsində
güclərini sınayıblar. Milli komandamızın
heyətində Zöhrə
Ağamirova və Veronika Qudis xalça üzərinə
çıxıblar. Hər
iki gimnastımızın
çıxış edəcəyi
A qrupunda V.Qudis 1-ci, Z.Ağamirova isə 3-cü nömrə
altında topla proqramlarını təqdim
ediblər.
A qrupunda çıxışında gimnastımız
Zöhrə Ağamirova
fərdi proqram üzrə halqa və topla təsnifat
mərhələsində ikinci
çıxışını uğurla başa vurub. Təmsilçimiz növbəti çıxışını
topla icra edib. Hakimlərdən
19,950 xal alan
gimnastımız ümumi
sıralamada 10-cu pillədə
qərarlaşıb. İki alətin
cəmində gimnastımız
38,950 xal toplayıb.
Komandamızın üzvü Veronika Qudis çempionatda ikinci çıxışını
topla yerinə yetirib. Gimnastımızın çıxışı hakimlər tərəfindən
17,700 xalla qiymətləndirilib.
İki alətin cəmində gimnastımızın hesabında
34,650 xal var.
* * *
Belarus millisi Bakıda
keçirilən bədii
gimnastika üzrə
37-ci dünya çempionatının
fərdi çoxnövçülük
üzrə komanda hesabında üçüncü
pilləyə yüksəlib. 84,300 xal toplayan Belarus komandası Bolqarıstan seçməsini üstələyib.
Bolqarıstanlı gimnastlar iki
alətin cəmində
82,950 xal toplayıblar.
Komanda hesabına
93,950 xalla Rusiya millisi başçılıq
edir. İkinci pillədə 87,650 xalla İsrail komandası yer alıb.
Elçin CƏFƏROV
Azərbaycan.- 2019.- 18 sentyabr.- S. 5.