Azərbaycan ilə Böyük Britaniya arasında bütün sahələrdə münasibətlər yüksək səviyyədədir

 

Sentyabrın 18-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının Baş vitse-prezidenti xanım Şeyla Gevolbun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Valeh Ələsgərov Azərbaycan ilə Böyük Britaniya arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Bu səfər zamanı Azərbaycanda keçirdiyiniz görüşlər bu münasibətlərin daha da inkişafına töhfə verəcək. Diqqətə çatdırılıb ki, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var.

Valeh Ələsgərov bildirib ki, Azərbaycanda qədim dövrlərdən bəri yəhudilər yaşayır. Biz həmişə dostqardaş kimi bir-birimizin sevincinə də, kədərinə də şərik olmuşuq. Azərbaycanda bir sıra yəhudi xeyriyyə təşkilatları, sinaqoqlar, yəhudi dilli məktəblər sərbəst fəaliyyət göstərir. Vaxtilə Azərbaycanda yaşamış və sovet dövründə ölkəmizdən köçüb getmiş yəhudilərlə də bu gün sıx əlaqələrimiz var. İsrail şirkətləri Azərbaycanın müdafiə sənayesinin qurulmasında böyük rol oynayıblar. Bu, bizim üçün çox əhəmiyyətlidir.

Səmimi görüş üçün təşəkkürünü bildirən Britaniyalı Yəhudilərin Nümayəndələr Şurasının Baş vitse-prezidenti xanım Şeyla Gevolb bildirib ki, onların təşkilatı Böyük Britaniyada yeganə yəhudi təşkilatıdır. Qonaq Azərbaycanda antisemitizmin olmamasından məmnunluğunu bildirib, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 5.