Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd olunub

 

Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər il olduğu kimi, bu ildahi bəstəkarın doğum gününün ölkəmizdə geniş şəkildə qeyd edildiyini söyləyib. "Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur. Azərbaycan musiqisi beynəlxalq aləmdə çox yüksək qarşılanır. Mən inanıram ki, Azərbaycan xalqı yenə də dünyaya böyük sənətkarlar bəxş edəcəkdir”, - deyə nazir vurğulayıb.

Nazir bu musiqi bayramının tezliklə dahi bəstəkarın doğulduğu Şuşada keçiriləcəyinə əminliyini ifadə edib. Ə.Qarayev dahi bəstəkarın adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını diqqətə çatdırıb: "Bu gündən start götürən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli 2021-ci ildə rəhbəri olduğu təhsil ocağının 100 illiyinin qeyd olunacağına diqqət çəkərək söyləyib ki, istər Azərbaycan musiqisi, istərsə də bu ali təhsil ocağı Üzeyir bəyin adı ilə bağlıdır: "Mən cavanlara müraciət edirəm ki, bizim mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə isə Üzeyir Hacıbəylinin təkcə Azərbaycanın yox, bütün Şərqin günəşi olduğunu diqqətə çatdırıb: "Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun” operasını yazdıqdan sonra bizdə peşəkar bəstəkarlıq məktəbi yaradılıb. Biz bunu unutmamalı və hər zaman təbliğ etməliyik”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələrdən danışıb.

Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıblar.

Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

 

Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 6.