Mariya Stadnik ikinci dəfə dünya çempionu olub

 

Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatının finalında qalib gələrək qızıl medala sahib olub.

AZƏRTAC xəbər verir ki, güləşçimiz finalda Rumıniya təmsilçisi Emiliya Alina Vuka 13:0 hesabı ilə qalib gələrək on illik fasilədən sonra ikinci dəfə dünya çempionu adını qazanıb.

Xatırladaq ki, çempionata onaltıdabir finaldan başlayan Mariya Stadnik (50 kq) Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi, səkkizdəbir finalda hindistanlı Seemu Seemunu məğlub edib. Dörddəbir finalda Rusiya idmançısı Yekaterina Poleşuka qalib gələn idmançımız yarımfinala yüksəlməklə "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Güləşçimiz yarımfinalda çinli Yanan Sunu 6:4 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

M.Stadnik çempionatın yarımfinalına yüksəlməklə Tokio Olimpiadasına vəsiqəni təmin etmişdi.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.

 

Azərbaycan.- 2019.- 19 sentyabr.- S. 8.