Görkəmli şərqşünas
alim Aida İmanquliyevanın xatirəsi anılıb
Sentyabrın
19-u görkəmli şərqşünas alim, pedaqoq, filologiya
elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə
günüdür.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunun kollektivi II Fəxri xiyabanda görkəmli şərqşünas
alim Aida İmanquliyevanın məzarını ziyarət edib,
xatirəsini dərin ehtiramla anıb, məzarı önünə
əklil və gül dəstələri qoyublar.
Şərqşünaslıq
İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 27
il əvvəl dünyasını dəyişmiş
böyük alimin keçdiyi həyat yolundan, çoxşaxəli
elmi fəaliyyətindən bəhs edib. O, Aida xanımın
dünya şərqşünaslıq elminə böyük
töhfələr verdiyini və Azərbaycan qadınına
örnək bir ömür yaşadığını
bildirib.
Gövhər
Baxşəliyeva böyük alimin qoyduğu zəngin elmi irslə
yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi
xidmətlərdən söz açıb, onun Şərqşünaslıq
İnstitutuna rəhbərlik etdiyi dövrdə
bacarıqlı təşkilatçı kimi özünü
göstərdiyini, Aida İmanquliyevanın itkisinin
bütövlükdə Azərbaycan elminin böyük itkisi
olduğunu vurğulayıb.
Bildirilib
ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslığında
yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı
və bu sahədə ilk qadın professor, elmlər doktoru olub.
Professor Aida İmanquliyevanın çoxsaylı elmi əsərlərində
Qərb və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii
üslubun təşəkkül tapması tədqiq olunur ki,
bu da nəinki ərəb ədəbiyyatının, həmçinin
bütün yeni Şərq ədəbiyyatlarının həmin
aspektdə tədqiqi üçün mühüm zəmin
yaradır. Bir alim kimi Aida İmanquliyevanın maraq dairəsi
geniş və çoxşaxəli idi. Amma onun
çoxsaylı elmi araşdırmalarının əsas tədqiqat
obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida
İmanquliyeva ərəb məhcər ədəbiyyatının
beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı
idi. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları,
hətta Avropa şərqşünasları belə etiraf edirlər.
Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər
birliyi”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatı
korifeyləri”) və 70-dən çox elmi məqalənin
müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində
yazılmış bir çox elmi əsərlərin redaktoru
idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda
fəaliyyət göstərən "Asiya və Afrika ölkələri
xalqları ədəbiyyatları” ixtisası üzrə
müdafiə şurasının sədri olub. Azərbaycan
şərqşünaslıq elmini keçmiş SSRİ məkanında
və onun hüdudlarından kənarda layiqincə təmsil
edib.
Ümumittifaq
Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin,
Şərq ədəbiyyatlarının tədqiqi üzrə
Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida
İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət
göstərib, Azərbaycan Dövlət Universitetində ərəb
filologiyası fənnindən mühazirələr oxuyub.
Gövhər
Baxşəliyeva deyib: "Bütün gözəl
xüsusiyyətləri özündə təcəssüm
etdirən, yüksək intellektual potensiala malik Aida
İmanquliyeva əsl Azərbaycan xanımı idi. Əhatəli
elmi fəaliyyəti ilə yanaşı, Aida xanımın
gözəl, nümunəvi ailəsi olub və o, cəmiyyət
üçün ləyaqətli övladlar tərbiyə edib.
Onun xatirəsi ürəklərdə əbədi
yaşayır”.
Şərqşünaslıq
İnstitutunun Ərəb filologiyası şöbəsinin
müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov
Aida İmanquliyevanın vəfatının Şərqşünaslıq
İnstitutu üçün böyük itki olduğunu
söyləyib. Bildirib ki, Aida xanım keçmiş SSRİ məkanında
şərqşünaslar arasında böyük nüfuza
malik idi. Onun sayəsində bir sıra tanınmış ərəbşünas
alimlər ölkəmizə gəlib, Azərbaycan ərəbşünaslığı,
Şərqşünaslıq İnstitutunun fəaliyyəti ilə
yaxından tanış olublar.
Vilayət
Cəfərov uzun illər birgə
çalışdığı Aida xanımla bağlı
xatirələrini bölüşüb, məşhur alimlərin
onun haqqında söylədikləri dəyərli fikirləri
xatırladıb.
Aida
İmanquliyevanı "Azərbaycan şərqşünaslığının
parlaq ulduzu” adlandıran institutun Mərkəzi Asiya ölkələri
şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər
doktoru Dünyamalı Vəliyev deyib: "Aida xanımla uzun
müddət çalışmaq xoşbəxtliyi mənə
nəsib olub. Sovet dövründə Şərqşünaslıq
İnstitutunun formalaşmasında Aida xanımın
mühüm xidmətləri olub. İnstitutun direktoru işlədiyi
illərdə o, elmin bu sahəsinin inkişaf etdirilməsi
üçün çox böyük işlər
görüb. Şərqşünaslıq elminə
böyük töhfələr verən Aida İmanquliyeva hər
zaman yüksəkixtisaslı ərəbşünas kadrlar
hazırlanmasına böyük diqqət yetirib”.
Gənc
nəsillər Aida İmanquliyevanın əsərlərinə
daim müraciət edir, görkəmli şərqşünas
alimin əsərləri, elmi monoqrafiyaları bu gün də
aktuallığını qoruyub saxlayır. Alimin əsərləri
dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə
olunur, yenidən işıq üzü görür.
Azərbaycan.- 2019.- 20 sentyabr.- S. 5.