“Əsrin
müqaviləsi”nin 25 illiyi və
Neftçilər Günü münasibətilə
Azərbaycanın neft sənayesi
işçilərinə
Hörmətli neft sənayesi işçiləri!
Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış "Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan "Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.
"Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.
Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək "Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.
Azərbaycan nefti
və qazı bu gün
dünyada sülhün,
təhlükəsizliyin və tərəqqinin amillərindəndir.
Ölkəmizin təşəbbüsü və liderliyi ilə Cənub Qaz
Dəhlizi çərçivəsində gerçəkləşdirilən
işlər Azərbaycanın potensialını nümayiş etdirir.
Respublikamız, eyni zamanda,
aparıcı xarici neft
şirkətləri ilə ötən illərdə uğurlu əməkdaşlıq formatı
reallaşdırmışdır. Tərəfdaşların təşəbbüsü
ilə "Əsrin müqaviləsi”nin yenidən işlənməsi
və sazişin müddətinin 2050-ci ilədək
uzadılması bunun aydın təzahürüdür.
Regional və
qlobal əhəmiyyətli neft,
qaz layihələrində ölkəmizi
layiqincə təmsil edən və dünya
enerji bazarında mövqelərini möhkəmləndirən
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin həyata keçirdiyi investisiya layihələri isə ölkəmizin
iqtisadi qüdrətini təcəssüm
etdirir.
"Əsrin müqaviləsi”nin misilsiz uğurları neftçilərimizin fədakar əməyinin bəhrəsidir. Məhz onların sayəsində Azərbaycan neft sənayesinin geniş infrastrukturuna malik olub, dünyada neft ölkəsi kimi tanınmışdır. Neftlə bağlı ən müxtəlif istiqamətlər üzrə görkəmli alim və mütəxəssislərimiz zəngin neft-qaz sərvətlərinin Vətənimizin yüksəlişi naminə istifadəsi üçün nəhəng işlər görmüş, ölkəmizin neft salnaməsinə parlaq səhifələr yazmışlar.
Azərbaycan neftçilərinin indiki nəsli olaraq siz onların yolunu böyük müvəffəqiyyətlə davam etdirirsiniz. Bu yolda hamınıza yeni nailiyyətlər arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 sentyabr
2019-cu il
.
Azərbaycan.- 2019.- 21 sentyabr.- S. 1.