Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi”
dövlət müstəqilliyimizin mühüm
təminatına çevrildi
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov "Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar "Twitter” səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Baş Nazirin paylaşımında deyilir: "Əsrin müqaviləsi” müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir.
İyirmi beş il əvvəl müstəqil Azərbaycan Respublikası ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi” adını alıb.
Bu tarixi hadisənin baş tutmasında ulu öndər Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. O, müstəqil Azərbaycanın strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandıra bildi. Eyni zamanda, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək üçün gənc ölkəmizə böyük imkanlar qazandırdı. Bu müqavilə ilə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu.
Hesab edirəm ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Müqavilənin təşəbbüskarı olan müstəqil Azərbaycan beynəlxalq əməkdaşlıq və regional təhlükəsizliyə də öz töhfəsini vermiş oldu.
İyirmi beş illik
uğurlu əməkdaşlıq bir daha onu
göstərdi ki, 100 il
əvvəl Şərqdə ilk demokratik cümhuriyyəti quran,
qadınlara ilk dəfə səsvermə hüququ verən, təkrarolunmaz mədəniyyət
nümunələri yaradan Azərbaycan
xalqı etibarlı tərəfdaşdır və qlobal əhəmiyyətli bu layihənin tərəfdaşlarla birgə
icrasını davam etdirmək zəruridir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin uzaqgörən
siyasəti sayəsində ölkəmizə misilsiz
uğur qazandıran bu
müqavilənin müddəti XXI əsrin ortalarına qədər
uzadıldı.
"Əsrin
müqaviləsi”nin imzalanmasından ötən 25 ildə Azərbaycan
Respublikası və onun neft-qaz sənayesi əsrə bərabər
bir inkişaf yolu keçib. Əminəm ki,
müstəqil ölkəmiz bu yolda şərəflə addımlamağa davam edəcək”.
Azərbaycan.- 2019.- 21 sentyabr.- S. 3.