Neft gəlirləri Azərbaycanın
güclü iqtisadi
bazasının formalaşmasında misilsiz
rol oynadı
1994-cü il sentyabrın 20-də Bakıda Qərbin neft şirkətləri ilə bağlanmış saziş Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı. "Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu kontraktın imzalanması ilə ölkəmiz yeni inkişaf erasına daxil oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən neft strategiyası Azərbaycanı lider ölkələr sırasına yüksəltdi.
"Əsrin müqaviləsi” ölkəmizin yeni neft
strategiyasının əsasını qoymaqla
yanaşı, həm də təsdiqlədi ki,
müstəqil Azərbaycan xalqı suveren
hüquqlara malikdir və
öz sərvətinin sahibidir.
Bu müqavilə Xəzərin Azərbaycan
sektorundakı "Azəri-Çıraq-Günəşli”
(AÇG) yataqlarının tammiqyaslı işlənməsini
əhatə edir. AÇG layihəsi
çərçivəsində ilkin neft 1997-ci il noyabr ayında "Çıraq”
platformasından hasil olunub.
Həmin vaxtdan
2018-ci ilin sonunadək
AÇG blokundan 3,5 milyard barel neft
çıxarılıb.
Azərbaycan Respublikası Dövlət
Neft Fondunun (ARDNF) məlumatına görə,
AÇG yataqları üzrə
əldə olunan ümumi gəlirlər
2001-ci ildən bu il iyulun
31-dək 143 milyard 366 milyon
dollar təşkil edib.
Cari il
yanvarın 1-dən iyulun
31-dək AÇG-dən 5 milyard
160 milyon dollar həcmində
gəlir əldə olunub.
Yeri gəlmişkən qeyd edək ki, ARDNF-nin təsis edilməsi haqqında fərmanı Ümummilli Lider Heydər Əliyev 1999-cu il
dekabrın 29-da imzalayıb.
Bundan yarım il sonra
isə növbəti fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi
qaydaları təsdiq edilib və qurum əməli fəaliyyətə başlayıb.
Bu fondda toplanan,
yəni neft müqavilələrindən əldə
edilən gəlirlər
Azərbaycanın simasını
yaxşı mənada
büsbütün dəyişmişdir.
Prezident
İlham Əliyev cari il mayın 29-da 26-cı Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisinin
açılışındakı nitqində bu barədə demişdir:
"Dövlət Neft
Fondunun yaradılması
və Dövlət Neft Fondunun xətti
ilə ən vacib məsələlərin
həlli - bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur.
Yüzdən çox köçkün
şəhərciyi Dövlət
Neft Fondunun xətti ilə inşa edilmişdir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və
infrastruktur layihələrinə
investisiya qoyuluşu da məhz bu
layihələrlə bağlıdır.
Biz son illər ərzində əsas infrastruktur layihələrimizi
icra etdik və bu istiqamətdə
işlər davam etdirilir. Həm yol tikintisi,
həm qazlaşdırma,
həm də elektrik enerjisi ilə bağlı olan məsələlər
Azərbaycanda uğurla
icra edilir”.
İndiyədək ölkəmizdə 3 mindən
çox məktəb,
600-dən çox tibb
ocağı tikilmiş,
infrastruktur yenilənmiş,
vətəndaşların sosial
rifahına xidmət edən layihələr həyata keçirilmişdir. Neftdən gələn
gəlirlər hesabına
iqtisadiyyatımız şaxələndirilir,
qeyri neft-qaz sektoru inkişaf edir. Dünya Bankının son hesabatında biznes mühitinə görə
Azərbaycan dünya miqyasında 25-ci yerdədir.
Azərbaycanın yaratdığı mükəmməl
neft-qaz infrastrukturu, diversifikasiya edilmiş ixrac marşrutları da məhz "Əsrin müqaviləsi”ndən
qaynaqlanır. Bu gün
ölkəmizdən müxtəlif
istiqamətlərdə ixrac
marşrutları uzanır.
1330 kilometrlik Bakı-Novorossiysk
(Şimal İxrac Boru Kəməri), 833 kilometrlik Bakı-Supsa (Qərb İxrac Boru Kəməri) xətləri, 1768 kilometrlik
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftini ahəngdar və təhlükəsiz şəkildə
dünya bazarlarına
ixrac edir.
Hazırda Azərbaycanın təşəbbüsü
və liderliyi ilə gerçəkləşən
"Cənub qaz dəhlizi” layihəsi sona çatmaqdadır. Üç birinci seqmenti fəaliyyətdə olan layihənin dördüncü,
yəni sonuncu hissəsinin - Transadriatik Qaz Boru Kəmərinin
(TAP) çəkilişi də
yekunlaşır. 3500 kilometrlik
dəhlizlə Azərbaycan
qazı gələn il Avropaya
çatdırılacaq. Bu nəhəng layihənin həyata keçirilməsini
Prezident İlham Əliyevin qətiyyətli,
milli maraqlara əsaslanan düşünülmüş
və prinsipial siyasəti təmin etmişdir.
"Cənub qaz
dəhlizi” qarşıdan
gələn 100 il ərzində Azərbaycan
xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm
faktor olacaq bir layihədir. O, ölkəmizin
regionda və Avropada əhəmiyyətinin
artmasını, Azərbaycanla
Qərb arasında münasibətlərin daha
yüksək pilləyə
qalxmasını şərtləndirəcək.
Nəticədə Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql
edən tranzit ölkə kimi əhəmiyyəti artacaq.
Bu dəhliz, eləcə
də Avropanın enerji təchizatının
şaxələndirilməsində ciddi amilə çevriləcək və
region ölkələrinin öz
enerji resurslarını
dünya bazarına çıxarmaq üçün
yeni mənbə rolunu oynayacaq. Regionun və
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində böyük
əhəmiyyətə malik
olan layihə həm də dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın,
işgüzar əlaqələrin
inkişafına töhfə
verəcək, regionda
təhlükəsizliyin və
sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.
Layihədə iştirak
edən bütün ölkələr, şirkətlər
mənfəət əldə
edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının
yüksəlməsinə pozitiv
təsir göstərəcək.
"Əsrin müqaviləsi”nin
uzaqgörənliklə seçilmiş
bir strategiyanın başlanğıcı olduğunu
təsdiqləyən faktlardan
biri də odur ki, bu
kontraktdan sonra Azərbaycan 19 ölkəni
təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalayıb.
Ötən illər ərzində
AÇG-nin yeni potensialı da üzə çıxıb. Belə
ki, ilkin hesablamalara görə,
"Azəri”, "Çıraq”
yataqlarından və
"Günəşli” yatağının
dərinlikdə yerləşən
hissəsindən çıxarıla
bilən neft ehtiyatı 511 milyon ton idi. Sonralar yeni qiymətləndirmələrə
əsasən, neft ehtiyatının 1,072 milyard
ton həcmində olduğu
müəyyən edildi.
2017-ci ilin sentyabrında
AÇG üzrə yeni
sazişin imzalanması,
yəni "Əsrin müqaviləsi”nin 2050-ci ilin əvvəlinədək
uzadılması da buna əsaslanıb. Həmin vaxtadək AÇG-yə
40 milyard dollardan çox sərmayə qoyulması nəzərdə
tutulub. Xarici investorlar ARDNF-yə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər.
2018-ci ilin əvvəlində
450 milyon dollardan ibarət ilk bonus artıq həyata keçirilib.
Prezident İlham Əliyevin dediyi kimi, bu
layihələrin icrası
və ümumiyyətlə,
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş neft strategiyası tamamilə yeni bir vəziyyət
yaratmış və ölkəmiz sürətlə
inkişaf etmişdir. "Əsrin müqaviləsi” Ümummilli Liderin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Xatırladaq
ki, Ulu Öndərin
26 avqust 2001-ci il tarixli fərmanı ilə sentyabrın 20-si Azərbaycanda
hər il Neftçilər Günü
kimi də qeyd edilir. Odur ki, Azərbaycan neftçiləri
"Əsrin müqaviləsi”nin
şanlı yubileyi ilə yanaşı, özlərinin peşə
bayramlarını da qeyd edirlər.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 21 sentyabr.- S. 4.