Şöhrətin
sevinci, yaşın kədəri...
... Qaranlıq yoldan keçir bu işıqlı dünyaya gəlişimiz. Elə o andan da açılır qarşımızda ömrümüzün zülmətdən aydınlığa gedən yolu. Həyatın bəzən hamar, bəzən kələ-kötür cığırları ilə başlayırıq hər gün bu yolu getməyə. Oluruq öz yolumuzun yorulmaz yolçusu...
Əvvəl iməkləyə-iməkləyə, sonra addım-addım irəliləyirik həyat yollarının dolanbaclarında. Bəzən daralır ömür yolları - addım atsan keçməyə, geri qayıtsan çıxmağa yer olmur. Bəzən də ümman qədər geniş üfüqlər açılır qarşımızda...
Bəzən büdrəyib yarı yolda dayanırıq, bəzən qarşımıza qoyduğumuz hədəflərə çatırıq. Bəzən də heç gözləmədiyimiz zirvələrə yüksəlirik...
Bir də onda başımızı qaldırırıq ki, yolun yarıdan çoxunu qət eləmişik. Bax onda başlayırıq geriyə, ötənlərə boylanıb, keçən günlərin xiffətini çəkməyə, özümüzə hesabat verməyə...
O da kənddən açılan cığırla genişlənib, şaxələnən həyat yolunun 60-cı döngəsini keçir. Və ömrün dolaylarına, qazandığı uğurlara, gördüyü işlərə, xidmətlərə nəzər saldıqca bu yolu hədər getmədiyinə bir daha əmin olur. Demək, bu yolda çəkilən bütün əziyyətlərə, çətinliklərə dəyərmiş...
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovun elmə fəda etdiyi həyatını "Ömür səhifələri”ndə vərəqləyəcəyik.
"Koroğlu”
dastanını 5 yaşında oxuyan uşaq...
Həyat öz sərt üzünü hələ o, dünyaya gəlməmişdən öncə göstərmişdi ailəsinə. İkinci Dünya müharibəsində bir qolunu itirib geri qayıtdıqdan 4 il sonra babasını ailəsilə birgə doğma vətəni Vedidən deportasiya edirlər. Əziz kişi "Vedinin yanı dağlar”dan Salyanın ilan mələyən çöllərinə sürülür, oradan da Qazaxın (indiki Ağstafa) Zəlimxan kəndinə pənah gətirir. Burada özünə yeni ev-eşik, iş qurub, başlayır külfətini dolandırmağa, yetkinlik yaşına çatmış balalarına təhsil verməyə. Baxmayaraq ki, özü o vaxt Şura hökumətinin kitabını oxumaqdan imtina etmişdi... Səhv elədiyini gec də olsa anlayan, yeni hökumətin düşmənlərinin qoparağının götürüldüyünü görən Əziz kişi əvvəlki qərarını dəyişib, övladlarını oxumağa məcbur edir. İki oğlu M.C.Bağırov adına Qazax İkiillik Müəllimləri İnstitutunu qurtardıqdan sonra Pedaqoji İnstitutda qiyabi təhsil ala-ala İsmayıllı rayonunun dağ kəndlərində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirlər.
Qazaxda günü-güzəranı nə qədər yaxşı olsa da, elə hey vətən həsrəti çəkərdi Əziz kişi. Hərdən eyvandakı taxtın üstündə oturub Vedidə keçirdiyi günləri, dağları, meşələri, bulaqları yadına salıb, pəsdən nə isə oxuyardı. Ya da həyətdə oturub dağlara tərəf baxar, Vedinin dağlarından, doğma yurdunda keçirdiyi xoş günlərindən danışardı övladlarına, nəvələrinə... Bəlkə də elə onun danışdığı maraqlı əhvalatlardan, nisgilli söhbətlərdən yaranmışdı oğullarının ana dili, ədəbiyyata olan böyük sevgisi. Qulu xüsusilə seçilirdi. Gözəl şeirlər yazırdı... "Koroğlu” dastanını, Molla Pənah Vaqifi, Aşıq Ələsgəri dərindən bilirdi. Kiyevdə əsgərlikdə olanda evə şeirlə məktublar yazardı... Onun bu istedadı və ana dili, ədəbiyyata olan sevgisi də böyük oğluna keçir. Dahi şairimiz Nizami Gəncəvinin şərəfinə adlandırdığı Nizamisinə...
O vaxt yaşı az olsa da, atasıyla bağlı xatirə ömrün bu çağında belə yaddaşından silinməyib Nizami Cəfərovun: "Atam əlifbanı mənə beş yaşımda öyrətdi. "Koroğlu” kitabının 50-ci illər nəşrini oxuda-oxuda... Əvvəl bir qolun məzmununu danışırdı, şeirləri əzbər deyirdi, sonra həmin qolu oxudurdu. Mən bilirdim ki, bu səhifədən o səhifəyə qədər nə yazılıb, ancaq hərflər tez-tez yadımdan çıxdığına görə konkret olaraq nəyin harada yazıldığını çaşdırırdım... Bir dəfə anam gəldi ki, hələ tikilib qurtarmamış təzə evimizin kölgəsinə kilim sərib atamla oturmuşuq, ağır işdən sonra mən "Koroğlu ilə Kürdoğlunun qolu”nu oxuyuram; o yerdəyik ki, Kürdoğlu Koroğlunu iki dəfə yıxıb, indi ata tanımadığı oğlunu məcbur edir ki, onunla üçüncü dəfə güləşsin... Gözümün yaşı kitabın səhifələrinə tökülürdü, ancaq davam eləyirdim. Anam əlindəki çaydanı yerə qoyub gülə-gülə "Sizə nə olub, niyə ağlaşırsınız?” deyəndə başımı qaldırıb gördüm ki, atam da əməlli-başlı kövrəlib. Və mən məzmundan mətnə, mətndən məzmuna rahat keçməyin inersiyasını "Koroğlu”dan və atamdan öyrəndim”.
Amma atalı bəxtəvər günləri çox çəkmir Nizaminin. 10 yaşı olanda atası haqq dünyasına qovuşur. Və ailənin dörd uşağı həyat yollarında atasız addımlamağa başlayır. Əsl kənd uşağı kimi yetişir: "Kənd uşağı nəinki şəhər, hətta şəhər tipli qəsəbə uşağından da fərqlənir. Ailənin məişəti, əkin əkməkdən mal-heyvan otarmağa qədər - kənd uşağının ayağı bir balaca yer tutanda "müqəddəs vəzifəsinə” çevrilir. Dəcəllik hamıda var. Amma kənd uşaqlarının dəcəlliyi daha məsum və xeyirlidir. Şəhər uşağının dəcəlliyi isə bir az fərqlidir. Şəhər uşağının dəcəlliyi ailə mühitindən kənara çıxır. Kənd uşağının dəcəlliyi isə ailə mühiti daxilində olur. Həm də nəzərə alaq ki, kənd özü də bir bütöv ailədir, hamı hamıyla qohum, dostdur. Və sən o dəcəlliyi ailədə edirsən. O dəcəlliyin çox ciddi hüdudu olur. Hər dəqiqə görünür, təhlil edilir. O dəcəllik qoçaqlıq kimi də qiymətləndirilir, tərbiyəsizlik kimi də! Bu ikisinin də arasında aydın fərq olduğuna görə onları ayırmaq o qədər də çətin deyil. Mən də bir yeniyetmə kənd mühitinin əxlaqi düşüncələri, həyat tərzi daxilində nə edə bilirdisə, edirdim. Məsələn, kənddə kiminsə bağından meyvə oğurlamaq qüsur hesab olunur. Amma sovxoz bağından nə istəyirsən, oğurla - bu, qoçaqlıq sayılır. Bir uşağı tərifləyirdilər ki, sovxozun bağından filan qədər üzüm gətirib, "oğurlayıb” yox ha... Amma həmin şeyi kiminsə bağına tətbiq edə bilməzdin, sənə şərəf gətirməzdi. Sovxozun bağından meyvə gətirə bilməyən yeniyetmə isə qabiliyyətsiz hesab olunurdu. Tutaq ki, qoruqçunu aldada bilməyib, bağa girəndə tutulub, gətirdiyini yolda salıb itirirdisə, demək, onun qabiliyyəti yox idi. Özü də maraqlı cəhət o idi ki, sovxozu idarə edənlər də kəndin adamı idilər. Amma müəyyən həddə qədər göz yumurdular. Hər halda o da kəndin bir xüsusiyyəti idi. Baxmayaraq ki, sovxoz dövlət müəssisəsi idi, oradan dövlətin malını oğurlamaq qəbul olunmuşdu. Çünki dövlət cəmiyyəti, insanları lazımi qədər təmin edə bilmirdi. Yerli idarəçilər də bunu bilirdilər və güzəştə gedirdilər”.
Məktəbli
şair, jurnalist
Amma bu dəcəlliklər dərs oxumasına mane olmurdu Nizaminin. Özü də sinfin əlaçılarından idi. Ana dili, ədəbiyyat və tarix isə onun üçün bütün fənlərdən irəli və əziz sayılırdı: "Mənim üçün qalan bütün elmlər bu üç fənnə tabe idi. Başa düşürdüm ki, yaxşı riyaziyyat duyumu olmadan heç bir elmdə, xüsusilə də ədəbiyyat, tarix kimi dağınıq elmlərdə harmoniya yaratmaq mümkün deyil. Bizim mütəxəssislər çox vaxt bundan əziyyət çəkirlər. Çoxlu faktları bilirlər, amma sistem yoxdur. Bunun üçün də riyazi təfəkkür lazımdır... Nə isə, çox yaxşı müəllimlərimiz vardı. Mən heç bilmirdim onlar öz həyatlarını, məişətlərini düşünürlər, ya yox. Yəni belə bir təsəvvür yaranırdı ki, onlar bu dünyaya yalnız müəllim olmaq üçün gəliblər, onların missiyası odur. Hətta bir çoxunu indi də xatırlayıram və yadıma düşür ki, onlar evlərində də, kənddə də müəllim idilər. Yəni işlərinə vəzifə kimi yox, həyat tərzi kimi baxırdılar. Ümumiyyətlə, Qazaxda elmə, təhsilə xüsusi hörmət vardı. Müxtəlif olimpiadalar keçirilirdi. O olimpiadalarda qalib gələnlər rayonda tanınırdılar. Bir də ən böyük "bəlamız” ədəbiyyat, daha doğrusu, poeziya idi. Vaqif Səmədoğlu demiş, Qazaxda şeir yaza bilməyənə birtəhər baxırdılar. Hər halda hesab edirəm ki, yeniyetməliyində şeir yazmayan, şairlik təxəyyülü olmayan adamdan gələcəkdə heç nə çıxmır”.
Elə
ona da bu istedaddan pay düşür. Yeniyetməlik
çağlarında müxtəlif şeirlər yazmağa
başlayır. Amma tək şeirlə
yetinmir. Məqalələr, dram əsərləri
qələmə alır. Hətta tələbəlik
illərində roman yazmağı da fikrindən keçirir.
Lakin sonradan "məndən şair olmaz” deyib bu
yaradıcılıq eşqini içində boğur... Bu
günün özündə də o illərdə
yazdığı şeirləri mümkün qədər
unutmağa çalışır, heç yada salmaq istəmir...
Məktəbin son siniflərində oxuyanda isə həyat
yolunda qarşısına qoyduğu ən böyük hədəf
jurnalist olmaq idi. Amma tale özü müəyyənləşdirəcəkdi
onun həyat yolunu: "İndiyə qədər də
jurnalistika, publisistika mənimlədir. Jurnalistikaya
olan həvəs məndə bədii
yaradıcılığa olan sevgini aradan qaldırdı.
Həmin illərdə jurnalistika hər şey demək
idi. Həm bədii yaradıcı adam,
həm hüquqşünas... O dövrdə demokratik
düşüncənin daşıyıcıları jurnalistlər
idi. Bizim rayona, kəndə jurnalistlər gəlirdilər.
Görürdüm dövlət adamlarından,
bizə dərs deyən müəllimlərdən, adi
insanlardan da demokratik, dərin, miqyaslı
düşünürlər. Həm də
müstəqil idilər. Mənə
xoş gəlirdi ki, jurnalist hansısa məmuru tənqid edə,
qüsurlarını göstərə bilə. Bu, mənə qəhrəmanlıq kimi
görünürdü. Yuxarı siniflərdə
oxuyanda öyrəndim ki, jurnalistika fakültəsinə daxil
olmaq üçün qəzetdə məqalələrin
çap olunmalıdır. Ona görə də
Qazaxın rayon qəzetində, "Azərbaycan pioneri” qəzetində,
"Pioner” jurnalında xeyli məqalələrim
çıxdı. Amma təəssüf
ki, arzum həyata keçmədi. O vaxt jurnalistika
fakültəsinə sənəd qəbulu məktəbdə
dərslər bitməmiş başlayırdı. Mən də Bakıya birinci dəfə onda gəldim.
Lakin sənədlərimi götürmədilər,
çünki 2 il iş stajı lazım
idi. Dedim bir halda ki, bura götürmürlər, sənədlərimi
verəcəm hüquq fakültəsinə. Alınmadı.
Sonra tarix fakültəsini seçdim. O da
olmadı. Hər yerdə iki il iş
stajı tələb olunurdu. Mən də
universitetin geniş idman zalında yuxarısında
"Filologiya fakültəsi” yazılmış guşəyə
yaxınlaşdım. Sənədlərimi
qəbul elədilər. Qəbul
imtahanalarını da pis vermədim. Birinci
yazılı imtahandan "5” aldım. Qalanlarından
"4”. Təəccüblənirdim ki, əgər
bütün suallara doğru cavab verirəmsə, niyə "əla”
yazmırlar? Sən demə, müəllimlər
"yaxşı” yazırıq deyib, mənim münasibətimi
gözləyəndə etiraz etməli, komissiya sədrinin gəlməsini
tələb etməliymişəm. Universitet
müəllimlərini ömründə birinci dəfə
görən, onların hər birinə dahi kimi baxan kənd
uşağı bunu hardan biləydi axı?”
Kənd uşağının şəhər
həyatı
Beləcə, Azərbaycan Dövlət Universitetinin (indi
BDU) Filologiya fakültəsinə daxil olur. Və kənd
uşağının Bakıda, şəhər mühitində
adət etmədiyi, adət edə biləcəyini də
güman etmədiyi yeni bir həyat yolu başlayır. Əvvəl-əvvəl böyüyüb
boya-başa çatdığı kəndi üçün
darıxır, qəribsəyir, oranın saf mühitinə can
atır. Amma zamanın üzü soyuq
olurmuş. Təhsil aldığı illərdə şəhər
mühitinə elə alışır ki, daha geri
qayıtmağa da yol qalmır...
Birinci il kirayədə qalır. Növbəti il güc-bəla ilə universitetin
yataqxanasında yer ala bilir. Yataqxanada yer almaq əzabı isə
hər il təkrarlanır.
İmtahanları kifayət qədər uğurla verib kəndə
qayıtdıqdan bir az sonra yataqxanada yer ala
bilib-bilməyəcəyini daha çox
düşünürdü. Çünki orderi
birillik verirdilər. Məişət
qayğılarını isə birtəhər yola verir, bu barədə
heç düşünməməyə
çalışırdı. Aclıq da olurdu, maddi, mənəvi
çətinlik də, müəyyən gərginliklər də...
Ancaq oxuduğu romanlardan da bilirdi ki, bütün
bu çətinliklər keçicidir, sadəcə dözmək,
mübarizə aparmaq, həyatda layiq olduğun yeri tutmaq
lazımdır. O da həmin yerə doğru sürətlə
irəliləyirdi... Savadı, bacarığı,
çalışqanlığı ilə...
Universitetin
elə ilk günlərindən adını eşidib,
özünü görmədiyi Abbas Zamanov, Mir Cəlal, Vaqif Vəliyev,
Ağamusa Axundov kimi görkəmli müəllim- professorlardan
dərs almağa başlayır: "Təbii ki, onların
içində Mir Cəlalı daha yaxşı
tanıyırdıq. Onun bədii əsərlərinin
çoxunu, elmi əsərlərinin isə bir hissəsini
oxumuşdum. "Bir gəncin manifesti”ni
bilməyən yox idi. Bizə dərs deyəndə
artıq ahıllaşmışdı, bir cümləni demək
üçün xeyli fikirləşir, ancaq elə cümlə
deyirdi ki, saatlarla fikirləşib o səviyyədə demək
çətin idi. Tələbələrə
kurs işi mövzuları paylamışdı - hər dərsin
birinci, ya ikinci hissəsində bir-iki nəfəri
qaldırıb soruşurdu ki, "sənin əsərinin
mövzusu nədir?” Hamının
üzündə təbəssüm əmələ gəlirdi,
belə böyük yazıçı-ədəbiyyatşünasın
bizim cızmaqaralarımıza "əsər” deməsi, əlbəttə,
qəribə idi. Universitet dilçilərinin
önündə isə yalnız tarixi xidmətlərinə
görə deyil, intellektinə, müəllimliyinə,
milliliyinə görə Muxtar Hüseynzadə gedirdi. Bizim demək olar, bütün dilçi müəllimlərimizin
müəllimi olmuşdu. Mən xoşbəxtəm ki, həm
orta məktəbdə, həm də xüsusilə universitetdə
çox böyük dilçi müəllimlərdən dərs
almışam; onların yalnız bəzilərinin və mənim
üçün doğma olanların adlarını çəkmək
kifayətdir ki, qəziyyə məlum olsun: Muxtar Hüseynzadə,
Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa
Axundov, Yusif Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Abdulla Vəliyev,
Musa Adilov, Samət Əlizadə, Zinyət Əlizadə,
Aydın Məmmədov, Kamil Vəliyev, Firudin Cəlilov... Və bir də ona görə xoşbəxtəm ki,
bu böyük dilçi-müəllimlər nə
yazdılarsa, hamısını oxudum, nə dedilərsə,
hamısını anlamağa çalışdım. Həm universitetdə təhsil aldığım illərdə,
həm də sonralar onların hər birindən qayğı,
kömək, hörmət və müdafiə gördüm”.
Minnətdarlıqla xatırladığı müəllimlər
arasında Tofiq Hacıyevlə Əlövsət Abdullayevin
adını xüsusi hörmətlə çəkir Nizami Cəfərov. Universiteti fərqlənmə
diplomu ilə başa vursa da, aspiranturaya qəbul
üçün 2 illik iş stajı tələb
olunduğundan rektor sənədinə qol çəkmir, 2 ildən
sonra gəlməyi tövsiyə edir. İlk
baxışdan xırda məsələdir. Amma bu 2 illik zaman itkisi elmi tədqiqat
şövqü ilə alışan istedadlı bir gəncin
bütün həyatını, taleyini dəyişə bilərdi.
Və rektorluqdan kor-peşman Filologiya fakültəsinə
qayıdanda dəhlizdə təsadüfən Əlövsət
Abdullayevlə qarşılaşır: "Professor məyusluğumu
görüb vəziyyəti öyrənəndə "hələ
bir dayan görək. Arxamca gəl”,
- deyib qabağa düşdü. Bir tələbənin
gələcək karyerası qarşısında dağ kimi
dayanmış imza problemini şəxsi nüfuzunun
gücü ilə ikicə dəqiqəyə həll edərək,
yolumu açdı. Tərcümeyi-halımı
vərəqlədikcə görürəm ki, çox adama
borcluyam. Amma bəlkə də ən
çox Əlövsət Abdullayevə borcluyam ki, hara gedəcəyimi
bilmədiyim bir vaxtda qabağa düşdü. Mənə "arxamca gəl!” dedi. Ən müstəqil həyat yolçusunun da
hansısa məqamda belə sözə və hərəkətə
ehtiyacı olur. Bir müddətdən sonra
yenə dəhlizdə rastlaşdıq. Dedi, "bizim
kafedraya bir aspirant yeri veriblər, ancaq qiyabidir. Tofiq
Hacıyev xahiş elədi ki, onu sənin üçün
saxlayaq, yazdan payıza keçirək”. Çox
sevindim. Minnətdarlığımı
bildirdim. Və mən aspiranturaya girdim.
İndi qalırdı qiyabidən əyaniyə
keçmək. Bunun üçünsə
Əlövsət müəllim kafedra müdiri kimi
arayış verməli idi ki, aspiranturanı qurtardıqdan
sonra məni dərslə təmin etmək imkanı olacaq.
İmkan isə yox idi. Ancaq o, belə bir
arayışı verdi. Mən
isə söz verdim ki, gələcəkdə ondan dərs istəməyəcəm.
Azərbaycan dilçiliyi kafedrasının əyani
aspirantı olduqdan sonra işlərim qaydaya düşdü”.
32 yaşlı filologiya elmləri
doktoru
Vaxtından əvvəl namizədlik dissertasiyası
müdafiə edib, aspiranturanı bitirəndən sonra gənc
alimə universitetdə işləmək üçün yer
tapılmır. Ona görə də elmi rəhbəri
professor Tofiq Hacıyevin məsləhəti və köməyi
ilə Elmlər Akademiyasının Dilçilik İnstitutunda
kiçik elmi işçi kimi müvəqqəti işə
düzəlir. Sonra ailə qurur. Və "Ədəbiyyat və incəsənət”
qəzeti ilə tələbəlik illərində
başladığı, aspirantlıq dövründə isə
davam etdirdiyi əməkdaşlığı akademiyada
çalışdığı ilk aylardan daha da genişləndirir:
"Qəzetin ovaxtkı baş redaktoru, böyük şair Nəriman
Həsənzadənin bir çoxları kimi, mənə də
hüdudsuz qayğıkeşliyi olmasaydı, yəqin ki, bu əməkdaşlıqdan
söhbət belə gedə bilməzdi. O məni tələbəlikdən
tanıyırdı. Əsasən şeir
kitablarına yazdığım resenziyaları məmnuniyyətlə
dərc edir, hələ o qədər də mükəmməl
olmayan mülahizələrimi tərifləyirdi.
Adımın altında yazılan "ADU-nun tələbəsi”,
"ADU-nun aspirantı”, "filologiya elmləri namizədi”
ifadələri bir-birini əvəzlədikcə Nəriman
müəllim nə qədər ürəkdən sevinirdisə,
yazılarıma tələbkarlığı da bir o qədər
artırdı. Mən də bu tələbkarlığın
səviyyəsinə qalxmaq, qayğıya layiq olmaq istəyirdim.
Xüsusi qayğının bir təzahürü
də onda idi ki, Nəriman müəllim mənim maddi vəziyyətimi
nəzərə alıb məqalələrimi əlyazmasında
qəbul edirdi. 1987-ci ilin yayında Qazaxda kəndimizdə
oturub akademiyadakı işimin artıq bir-iki aya bitəcəyi,
harada nə iş tapacağım barədə
düşünürdüm ki, Nəriman Həsənzadədən
teleqram gəldi. Məni qəzetin tənqid və
ədəbiyyatşünaslıq şöbəsinə
müdir təyin edirdi. Kənddən necə
çıxdığım, Bakıya necə gəldiyim
yadımda deyil, onda gördüm ki, redaksiyada, baş redaktorun
kabinetindəyəm. Və dərhal işə
başladım. Sonralar öyrəndim ki, mənim bu təyinatım
Nəriman müəllimə o qədər də asan başa gəlməyibmiş...
Qəzetdə işlədiyim 1987- 1991-ci illəri böyük
bir məktəb hesab edirəm: qaynar yaradıcılıq
mühiti, ədəbi mübahisələr, yerli-yersiz çəkişmələr...
və bütün bunların Azərbaycan tarixinin çox
mürəkkəb bir dövründə baş verməsi izsiz
qala bilməzdi. Baş redaktor hər cür
şərait yaratmışdı ki, qəzetdə milli mənlik,
azadlıq, müstəqillik təbliğatı
aparılsın, ölkənin Şimalı ilə Cənubu
arasında əlaqələr genişlənsin. Elə ona görə də qəzetin bir neçə
səhifəsi ərəb əlifbası ilə
çıxırdı ki, Cənubda da yayıla bilsin. Türk dünyasının birliyi,
türkçülük ideyaları əsas mövzulardan idi.
Erməni məkri barədə ilk sanballı yazılar dərc
olunmuşdu... Nəriman Həsənzadə baş redaktorluqdan
çıxdıqdan sonra onun yaratdığı sağlam
işgüzar mühit yerində qalsa da, bir az
qəribsədim. Və yeni baş redaktor,
ilhamlı şair Cabir Novruzun təkidinə baxmayaraq, qəzetdən
ayrıldım”.
Elə həmin ilin dekabrında Nizami Cəfərov doktorluq
dissertasiyanı müdafiə edir. Və 32 yaşında
filologiya elmləri doktoru dərəcəsi əldə
etmiş ən gənc alimlərdən olur. İllərdir arzusunda olduğu peşəyə yiyələnir
- bitirdiyi universitetin Türkologiya kafedrasında müəllimliyə
başlayır. 2 il sonra həmin kafedranın
professoru seçilir. Sonra Filologiya fakültəsinin
dekanı, Ümumi Dilçilik kafedrasının müdiri
olur. Dekan işlədiyi 7 ildə fakültənin
elmi-tədris səviyyəsinin yüksəlməsinə, mənəvi
mühitin daha da sağlamlaşmasına, demokratik ovqat
yaranmasına çalışır.
"Müəllimlik tək istedad yox, həm də
çox böyük zəhmət tələb edir. O ada layiq olmaq
üçün də o zəhməti çəkmək
lazımdır” deyən Nizami Cəfərov istedadı olan hər
kəsə kömək edir. Bir vaxtlar
özünün də qarşılaşdığı
çətinliklərlə üzləşən onlarla gəncə
"Arxamca gəl” deyib qabağa düşən həyat bələdçisi
olur. Bu gənclərin yollarındakı
maneələri şəxsi nüfuzunun gücü ilə
aradan qaldırır, onları gələcəyə doğru
uğurlayır. İndiyə kimi onun elmi rəhbərliyi
altında 50-yə qədər elmlər namizədi, elmlər
doktoru yetişib. Ən sevindirici hal isə
odur ki, özü atasının yolunu davam etdirdiyi kimi,
qızı Aysel də onun yolunu davam etdirir. AMEA-nın Dilçilik İnstitutunda işləyir,
filologiya üzrə fəlsəfə doktorudur. Onun da elmi rəhbəri atasının elmi rəhbəri
olmuş Tofiq Hacıyev idi. Oğlu Altay isə
Milli Məclisdə təmir-tikinti sektorunda işləyir,
dövlət müşaviridir.
"Elmi sən seçirsən, amma
deputatlığa səni seçirlər”
Nizami Cəfərov 19 ildir həm də Milli Məclisin
deputatıdır. Əslində parlamentdə təmsil
olunmaq heç ağlına da gəlməzdi. Amma 2000-ci il seçkilərində Yeni Azərbaycan
Partiyası tərəfindən Ağstafadan onun da adı namizədlər
siyahısına salınır: "O vaxt Xalq
yazıçısı Anar Milli Məclisdə Mədəniyyət
Komissiyasının sədri idi. Məni
yanına çağırdı və təklif etdi ki, "Azərbaycan
dilinin qorunması haqqında” qanun layihəsi hazırlayaq,
işçi qrupunun başçısı da sən ol. İş elə gətirdi ki, layihənin müzakirəsi
başa çatmamış mən də Ağstafadan
YAP-ın namizədi kimi parlamentə seçildim. İşçi qrupunun rəhbəri olaraq
başladığım bu işi millət vəkili olaraq
başa çatdırdım. Düzdür,
onda millət vəkili kimi tam təcrübəsiz idim. Amma müstəqilliyin ilk illərindən
başlayaraq Azərbaycanın bütün ziyalıları bir
siyasi məktəb keçmişdilər. Həm
dövrün hadisələrini təhlil edir, həm
çıxış yolları axtarırdıq. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən
sonra elə bir şərait yaradıldı ki, az-çox
xalqın taleyilə maraqlanan, ictimai-siyasi proseslərdən
başı çıxan, intellekti olan insanlar dövlət
işlərinə cəlb olundu. Adi müqayisə
aparım: 90-cı illərin əvvəllərindəki
seçkilərdə parlamentə çox vaxt sadəcə
ictimai siyasi prosesdə, "Meydan hərəkatı”nda ad
qazananlar seçilirdilər. Mən onların
istedadına, şəxsiyyətinə şübhə ilə
yanaşmıram. Sadəcə
tipologiyanı deyirəm. Amma Heydər
Əliyev hakimiyyətə gələndən sonra Milli Məclisdə
karyerasını sosial proseslərdə təsadüflərlə,
yaxud hansısa vəzifələrdə qazanmış insanlar
yox, daha çox elm, mədəniyyət sahibləri təmsil
olundu. Məni də o yerə elm adamı
kimi məsləhət bildilər. O vaxtdan bəri
parlamentdəyəm. Amma indi millət vəkili
olmaq əvvəlki dövrdəkindən daha asandı. Çünki Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində dövlət inkişaf edib,
dövlət idarəçiliyi möhkəmdir, qanunçuluq
güclüdür. Deputatın vəkillik
etməsi üçün hər cür şərait var. Amma əvvəlki
illərdə müəyyən dağınıqlıq
vardı. İndi mənim üçün
ən çox maraq doğuran şey ölkənin vətəndaşının
özünü ikinci, üçüncü dərəcəli
hiss etməməsidir. Prezident
var-gücü ilə çalışdı ki, bütün səviyyələrdə
sosial-psixoloji kompleks aradan qalxsın və qalxdı.
Dünyanın az mədəniyyət mərkəzləri
var ki, orda olmayım. Mən xaricdə
mövqeyimizin nə qədər güclü olduğunu
görürəm. Bu, inqilabi nailiyyətdir”.
Nizami müəllim deyir ki, deputatlıq, alimlik, müəllimlik
artıq onun üçün bir-birindən ayrılmaz sahələrdir. Amma bir məsələni həmişə
nəzərə almaq lazımdır - elmi sən seçirsən,
deputatlığa isə səni seçirlər:
"Açıq deyək ki, əgər mən parlamentdə
təmsil olunmasaydım, miqyasım bu qədər olmazdı. Çünki mən texniki yox, humanitar elmlə məşğulam.
Dilçilik, ədəbiyyatşünaslıq
elə bir sahədir ki, mütləq cəmiyyətlə bir
yerdə olmalı, onu hiss eləməli, görməlisən.
Cəmiyyətin nə
düşündüyü barədə səndə aydın
təsəvvür olmalıdır. Ona
görə də millət vəkilliyi mənə əksinə,
normal mütəxəssis olmağa kömək etdi. Amma ola bilər səni heç deputat seçməsinlər.
Bunun üçün də qətiyyən gərginləşmək
lazım deyil. Sadəcə elmdən
aldığın və deputatlıqdan
götürdüyün miqyası davam etdirmək
lazımdır. Çünki onların hər
ikisindən də yuxarıda sənin xalqının
maraqları dayanır. Mən 30-40
yaşına qədər "xalqın maraqlarına xidmət
edirəm” missiyasını öz üzərimə
götürə bilməzdim, böyük çıxardı.
Amma artıq yaş 60-ı keçir,
böyük təcrübə var. İndi də xalqın
maraqlarına xidmət etməməyi boynundan atmaq məsuliyyətsizlik
olardı”.
60 ilin yolçusu
Saat taxmağı sevmir Nizami Cəfərov. Bəlkə də
zamanın necə ötüb getdiyini görmək istəmir...
Bəlkə də ömrümüzdən qopan
hər ana, hər dəqiqəyə şahidlik etmək istəmir.
Bəlkə də... Amma zamanın necə keçdiyini
saatsız da hiss edir: "Zaman, vaxt mənim üçün
çox önəmlidir. Çalışıram
hər saatımın qədrini bilim, dəqiqələrim hədər
getməsin. Bəzən fikirləşirəm
niyə bunu çatdırdım, onu yox. Niyə
bunu elədim, o qaldı. Bəlkə də daha çox
işlər görə bilərdim... Hər
halda həyat yolumda taleyin də rolu var. Sənə taleyin
üzü az-çox gülməsə, heç nə edə
bilməzsən. Ona görə taleyə də
minnətdar olmaq lazımdır”.
60 ildir yol gəlir Nizami Cəfərov. Çətinliklərin,
sınaqların, uğurların bir-birini izlədiyi dolanbac həyat
yolunu... Özü geriyə boylanıb keçdiyi o
cığırlara, yollara baxanda 60 illik ömrünü Nəriman
Həsənzadənin bircə bəndinə sığdırır:
İllər
zirvələrmiş bizdən ötəri,
Yollara gah isti, gah şaxta düşür.
Şöhrətin
sevinci, yaşın kədəri
Tərs kimi, ikisi bir vaxta düşür.
"Hesab edirəm ki, normal yaşanmış həyat
adama lazım olan şöhrəti gətirir. Bu,
şöhrətpərəstlik deyil. Necə ola bilər 60-70 il yaşayasan, bir hörmətin,
şöhrətin olmaya! Onda o nə
yaşamaqdı, kimə lazımdı? Amma
şöhrət qazanmaqla yanaşı, yaş da gedir.
Yaşın da getməyi odur ki, insan çox şeyləri
itirir - cavanlığını, şuxluğunu, gənclik
enerjisini... Görünür, həyat da budur - nəyisə
qazanmaqdan ötrü nəyisə itirməli, sərf etməlisən.
Ona təəssüf edərsən ki, itirə-itirə gələsən,
amma heç nəyi qazanmayasan... Əsas odur,
yaşadığın ömür hədər getməsin...”
O da illərini
fövtə verməyib. Həyat yolunda qarşısına
qoyduğu məqsədlərə, hədəflərə
doğru inamla irəliləyib... 60 ildir yolçusu olduğu
bu yolun sonu isə görünmür... Qarşıda hələ
keçilməmiş, qət edilməmiş uzun, incə bir
yol var...
Xəyalə
MURADLI
Azərbaycan.- 2019.- 21 sentyabr.- S. 6.