Yüzillik müharibələr barışla sona çatsa da...

 

21 Sentyabr Beynəlxalq Sülh Günüdür

 

Təcavüzkar Ermənistan isə 1994-cü ildən bugünədək BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur

 

Azadlıq, bərabərlik və ədalətlə yanaşı, sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin çox arzu etdiyi dəyərlərdəndir. Çox maraqlıdır, bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə yaşadığımız dünyanın qədrini lazımi səviyyədə bilirikmi görəsən? Sabit şəraitdə yaşamalı olan insanlar, çox təəssüf ki, bəzən haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında isə sülhün rolu danılmazdır.

Ən kiçik ailə, məhəlli, regional münaqişələrdən tutmuş yüzillik müharibələrədək hər cür qarşıdurma yalnız sülhlə sona çatıb. Buna görə də sülh bütün vasitələrdən güclüdür. Sülhə nail olmaq isə, təbii ki, tərəflərin həqiqətləri düzgün dəyərləndirmələrindən çox asılıdır.

Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Uşaqlar daim açıq səma altında azad, əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar.

Sülhün carçıları olan göyərçinlərin uşaqlar tərəfindən daha çox sevilməsi də bundan irəli gəlir. Lakin, çox təəssüf ki, hələ də bəşəriyyətin tam təhlükəsizliyi təmin olunmayıb. Ayrı-ayrı regionlarda, ümumilikdə isə dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız insanlar, hətta, uşaqlar və gənclər odsaçan silahların qurbanlarına çevrilməkdədirlər.

Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib.

1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı məsələlər barəsində "Peace one day”i yaratmağa məcbur oldu. Əsas cəhd ondan ibarət idi ki, heç olmasa ildə bir gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısı alınsın, ön cəbhələrdə silahlar sussun - atəşkəsə əməl edilsin.

21 sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Onun əsas məqsədi 10 milyardlarla insanın sülh şəraitində, açıq səma altında təhlükəsiz yaşamasına ciddi ehtiyacı təbliğ etməkdir. Çünki yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülh istəyən hər kəsin yardımına ehtiyac var.

Beynəlxalq Sülh Günü təsis edildiyi vaxtdan hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin qəbul edilməsinin 60-cı ildönümü münasibətilə BMT-nin ozamankı baş katibi Pan Gi Munun müraciətində qeyd edildiyi kimi, hələ də dünyada bir çox insanların hüquqları xüsusilə silahlı münaqişələr zamanı və atəşkəs dövründə pozulmaqda davam edir: "Məhz buna görə də biz çalışmalıyıq ki, bəyannamədə qeyd olunan hüquqlar günümüzün reallığına çevrilsin. 21 Sentyabr Beynəlxalq Sülh Günüdür. Mən ümumdünya liderlərinə və bütün dünya əhalisinə səslənərək, münaqişə, yoxsulluq və aclığa qarşı, hamı üçün insan hüquqlarının təmin olunması istiqamətində qüvvələrin birləşdirilməsinə çağırıram”.

Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, heç də hər yerdə qorunmur, müdafiə edilmir, zorakılıqlar baş alıb gedir, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir.

Azərbaycanın zorla cəlb edildiyi münaqişəyə gəldikdə isə, beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyondan artıq qaçqın və məcburi köçkünlə hər dəfə görüşündə səsləndirdiyi kimi, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləyib. Lakin təcavüzkar Ermənistan tamamilə bunun əksini nümayiş etdirir. 1994-cü ildən münaqişə tərəfləri arasında atəşkəs rejimi elan olunsa da, buna birtərəfli qaydada əməl edilir. Ermənistan nəinki atəşkəsə əməl etmir, üstəlik, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozur! Respublikamızda son illər Beynəlxalq Sülh Günü xüsusi olaraq qeyd edilməkdədir. Bu əlamətdar gün münasibətilə İsveçrə səfirliyinin Bakı Ofisi ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və BMT-nin İctimai İnformasiya Departamenti daim birgə tədbirlər keçirmişlər.

Muzey Mərkəzində "Sülh naminə 1000 qadın” sərgisində nümayiş etdirilən "Yer kürəsinin 1000 sülhpərvər qadını” adlı şəbəkə çərçivəsində sülh mədəniyyətinin yaradılması sahəsində onların apardığı mühüm fəaliyyət barədə məlumat verilmişdir. "Sülh sənin, mənim, hamımız üçün” devizi altında təşkil olunmuş "dəyirmi masa”da isə istər hökumət, istərsə də QHT-lər və koalisiyalar, beynəlxalq təşkilatların təmsilçiləri bir araya gələrək qadınların sülh təhsili və tədqiqatları ilə bağlı qərar qəbul etmişlər.

Bu günün 20 illiyi ilə əlaqədar BMT Baş Məclisi 21 sentyabrı Beynəlxalq Sülh Günü olaraq dəyişməz bir tarix kimi təsdiq etmişdir. Baş Məclis belə qərara gəlmişdir ki, BMT-nin, ona üzv olan dövlətlərin və bütün bəşəriyyətin cəhdlərini mərkəzləşdirərək, sülh ideallarını inkişaf etdirməyə imkan verən və onların hər vəchlə sadiqliyini sübuta yetirən xüsusi bir vaxt təyin olunmalı idi ki, 21 sentyabr da məhz bu nöqteyi-nəzərdən seçilmişdir.

Yeri gəlmişkən onu da xatırladaq ki, bu günlə bağlı hətta beynəlxlaq mükafat da təsis edilib. BMT-nin 60 illik yubileyinə həsr olunmuş "Qızıl Göyərçin” beynəlxalq sülh mükafatı 2008-ci ildən etibarən inteqrasiya, sülh, insan hüquqları bərabərliyi, sosial tərəqqi və azadlıq şəraitində yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxslərə təqdim edilir. Bu ali mükafata dünyanın tanınmış simalarından olan Roma papası XVI Benedikt, Dalay Lama, Nobel mükafatları laureatları Desmond Tutu və Lex Valensa, Çexiyanın sabiq prezidenti Vatslav Havel, Almaniyanın keçmiş dövlət başçısı Roman Hersoq, Bundestaqın spikeri Lammert, təhsil naziri xanım Annete Şavan, həmin ölkənin ailə naziri xanım dr. Kristina Şröder və digər görkəmli şəxsiyyətlər layiq görülmüşlər.

Sülh daima poeziyamızın da əsas mövzusu olub. İnsanları anaların dili ilə bəşəriyyətin xilası olan sülhə səsləyən şair Novruz Gəncəlinin yazdığı, Xalq artisti Zeynəb Xanlarovanın böyük şövqlə oxuduğu kimi:

 

Bəs deyilmi, ey insanlar,

 

Töküldü qan, axdı qan?!

 

Sülhə gəlin, ey insanlar,

 

Yoxsa dünya məhv olar.

 

Silahları yandırın,

 

Ərşə qalxsın tüstüsü.

 

Hər obada, hər eldə

 

Qanad açsın "sülhsözü!

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 21 sentyabr.-  S. 7.