Prezident İlham
Əliyevin yeni islahatlar kursu: Davamlı inkişafın
iqtisadi-sosial hədəfləri
Respublika
Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin
və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə
konfransı
Azərbaycanın qısa zaman kəsiyində böyük inkişaf yolu keçməsi müstəqilliyimizin ən böyük uğurlarından biridir. Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir dövlətimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qüdrətlənir. Düşünülmüş, qətiyyətli və uzaqgörən siyasət nəticəsində ölkəmiz ötən 16 ildə mühüm siyasi, iqtisadi, sosial uğurlara nail olub, qlobal maliyyə böhranlarını qısa müddətdə inkişafla əvəzləyib. Bu gün respublikamız sabit, davamlı və dayanıqlı inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınır. Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövləti məhz Azərbaycandır. Prezident İlham Əliyev isə çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifinə çevrilib.
Respublika Ağsaqqallar Şurasının, "Azərbaycan” qəzetinin və Qəbələ Rayon İcra Hakimiyyətinin Qəbələ şəhərində keçirdikləri "Prezident İlham Əliyevin yeni islahatlar kursu: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri” mövzusunda birgə konfransda da Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs olundu.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edərək gül qoydular, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah HEYDƏROV açdı. Xalqımızın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə qədəm qoyduğunu deyən Fəttah Heydərov bildirdi ki, geriyə boylanarkən böhran və inkişafı, tənəzzül və rifahı, ardıcıl məğlubiyyətlər və davamlı uğurları tariximizin əsas göstəriciləri kimi müşahidə edirik:
- Ötən illərdə yaşadığımız bu faciələrdən qələbələrə, yüksəlişə keçidi tam mahiyyəti ilə təhlil etmək, onun bütün mərhələlərini müəyyənləşdirmək ağsaqqalların vəzifəsi, bunları öyrənmək isə gənclərimizin borcudur. Bugünkü konfransın əsas məqsədi də məhz bu həqiqətlərə bir daha aydınlıq gətirmək, səmərəli müzakirələr təşkil etməkdir. Tədbirimizdə ağsaqqallarla gənclərin yan-yana əyləşməsini görərkən böyük iftixar hissi keçirirəm. Bu mənzərə həm də Azərbaycan dövlətçiliyinin mövcud inkişaf mənzərəsidir. Yəni ənənə ilə müasirlik, irs və varislik prinsipləri milli inkişafımızın əsas zəminidir.
Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Həmin dövrün Azərbaycanından əsər-əlamət qalmayıb. Bugünün Azərbaycanı Cənubi Qafqazın və ümumən Avropanın əsas enerji və iqtisadi-siyasi güc mərkəzlərindən biridir. Tam müstəqil siyasət yürüdən qüdrətli ölkədir. Bu Azərbaycanın qurucusu isə Heydər Əliyev dühasıdır.
Qürur və fəxarətlə deyə biləcəyimiz bir danılmaz həqiqət də var. Ulu Öndərin böyük şücaətlə fəlakətlərdən qoruduğu və davamlı inkişaf yoluna çıxardığı respublikamız son 16 ildə məhz Prezident İlham Əliyevin fitri idarəçilik və liderlik keyfiyyətləri sayəsində özünün parlaq inkişaf mərhələsini yaşayır. Bəli, müasir Azərbaycan ötən illərdə inanılmaz nailiyyətlərə imza atıb. Kənar təzyiqləri inamla dəf edib, müstəqil siyasət yürüdüb. Azərbaycan bu müddətdə qarşıya qoyduğu hədəflərə inamla yetişib.
Müstəqil Azərbaycan bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. İnkişaf və dövlət quruculuğu prosesi üç təməl prinsipinə əsaslanır. Birincisi, "Güclü dövlət-güclü xalq” ideyasıdır. İkincisi, tam müstəqil siyasətdir. Üçüncüsü isə azərbaycançılıq ideyasıdır.
Bu üç təməl prinsipin banisi, yaradıcısı Ulu Öndər Heydər Əliyevdir. Bu irsi uğurla davam etdirən Prezident İlham Əliyev yeni yanaşmalarla bu ideya xəttini daha da təkmilləşdirmiş, müasirləşdirmişdir. Ümumiyyətlə isə inkişafın hər bir sahəsində möhtərəm Prezident yeni bir model yaradıb. Bu baxımdan biz "İnkişafın İlham Əliyev modelini” bütün dünyaya örnək nümunə kimi göstərə bilərik.
Prezident ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Ulu Öndər ideyalarının cazibəsinə toplaya bilib. Ölkə başçısının ötən illərdə yürütdüyü siyasətin real, əməli fəaliyyətə söykəndiyinə hər bir vətəndaş daxilən əmin oldu. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev bu missiyasını da uğurla həyata keçirdi.
Mən möhtərəm Prezidentimizin himayədarlıq fəaliyyəti ilə bağlı yalnız bir fakta nəzər salmaq istərdim. 7 ay öncə Şamaxı və Ağsu rayonlarında təbii fəlakət, zəlzələ baş verdi. Zəlzələdən dərhal sonra Prezident bölgəyə gəldi, zərərçəkənlərlə görüşdü. Onları dinlədi, problemlərini öyrəndi. Bərpa və quruculuq prosesini şəxsi nəzarətinə götürdü. Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərdi. Qısa müddətdə böyük quruculuq işləri görüldü, evlər bərpa edildi. Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yenidən bölgəyə gəldilər, bərpa edilən ilk evlərin açılışını etdilər.
İndi bərpa və quruculuq prosesi davam edir, yüzlərlə ev tikilir, həm də yeni binalar inşa olunur. Dövlət və Heydər Əliyev Fondu daim xalqın yanındadır. Şamaxıda və Ağsuda zəlzələnin nəticələrinin qısa müddətdə aradan qaldırılması Prezidentin sosial siyasətinin əyani təzahürüdür.
Prezidentin rəhbərliyi altında tariximizin yeni mərhələsinə qədəm qoyuruq. Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilir. Bu, həm zamanın tələbidir, həm də Prezidentin daim müasirləşən, dövrün çağırışlarına cavab verən siyasətinin təzahürüdür. Əslində, İlham Əliyevin fəaliyyəti hər zaman islahatlarla müşayiət olunub. Yeni islahatlar kursu isə əvvəlki islahatların daha müasir formada davamıdır.
Yeni islahatlar konsepsiyasının əsas məqsədi Azərbaycanı daha güclü, qüdrətli ölkəyə çevirməkdir. Əsas hədəf isə Azərbaycan vətəndaşının sosial rifahını yüksəltmək, güzəranını daha da yaxşılaşdırmaqdır. Bu məqsədlə dövlət başçısı yalnız elə son 7 ayda iki sosial paket həyata keçirib. Bu sosial paketlərin əhatə dairəsi 4 milyon insanı ötür. Onun icrasına 5,3 milyard manat vəsait ayrılıb. Özünüz görürsünüz ki, cənab İlham Əliyevin son xeyirxahlıq, qayğı siyasəti necə böyük miqyasdadır.
Maaşlar, pensiyalar, sosial müavinətlər, minimum əməkhaqqı artırıldı. Hesab edirəm ki, bu yüksəliş barədə danışarkən rəqəmlərə çox da lüzum yoxdur. Çünki ən böyük fakt hər kəsin güzəranında özünü aydın göstərən rifahdır.
Respublika Ağsaqqallar Şurasının, Qəbələ Rayon İcra Hakimiyyətinin və "Azərbaycan” qəzetinin birgə təşkil etdiyi konfrans da məhz son dövrlərdəki müsbət dəyişikliklərə həsr olunub. Bugünkü tədbirimizdə Prezident İlham Əliyevin yeni islahatlar kursunun mahiyyətindən danışacaq, davamlı inkişafın iqtisadi-sosial hədəflərini müzakirə edəcəyik.
Konfransda bölgələrimizin təmsilçiləri də iştirak edir. Bilirik ki, Prezident İlham Əliyevin son sosial islahatları, maaşların, təqaüdlərin, müavinətlərin artımı bölgələrdə sakinlərin rifahını əsaslı şəkildə yüksəldib. Yerlərdə Prezidentə inam daha da artıb. Son vaxtlar bölgələrdə aqrar sektorda və iqtisadiyyatda inkişaf da geniş miqyas alıb. Kəndlər, bölgələr müasirləşir, zəruri infrastrukturlar yaradılır.
Ən əsası isə ölkədə ciddi ictimai-siyasi sabitlik var. Tədbirimizdə iştirak edən ağsaqqallar bilirlər ki, onların əsas vəzifəsi ölkədəki sabitliyin qorunmasına çalışmaq və uğurlar barədə gəncləri düzgün məlumatlandırmaqdır.
Gənclərimiz də çox hazırlıqlı, daha vətənpərvərdirlər. Gənclərimizin Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin fəaliyyətinə sədaqət göstərmələrini də mən xüsusi vurğulamaq istərdim. Biz gənclərimizə, onların fəaliyyətinə və uğurlarına nəzər saldıqca əmin oluruq ki, Azərbaycanın sabahı etibarlı əllərdədir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEV bildirdi ki, Prezident İlham Əliyevin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları bu baxımdan mühüm əhəmiyyət kəsb edir:
- Prezident İlham Əliyevin böyük diqqət və qayğısı, müntəzəm nəzarəti ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Qəbələdə də uğurla icra olunmuş və icra olunmaqdadır. 2500 illik qədim tarixə malik Qəbələ indi tərəqqi dövrünü yaşayır.
Hələ 2002-ci ildə Ulu Öndər Heydər Əliyev Qəbələyə səfər edərkən buranın təbiətinə, təbii şəraitinə heyranlığını dilə gətirmiş, rayonun nümunəvi turizm diyarına çevrilməsini arzu etdiyini bildirmişdi. Ümummilli Liderin bu arzusunu yerinə yetirmək üçün cənab İlham Əliyev rayonumuza xüsusi diqqət və qayğı göstərir. Prezident Qəbələyə səfərlərindən birində demişdir: "Qəbələnin gözəl təbiəti burada turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada müvafiq infrastruktur yaradılmasına, dünya standartlarına uyğun mehmanxanalar tikilməsinə, abad yollar salınmasına xüsusi diqqətlə yanaşılmalıdır”. Dövlət başçısının qarşıya qoyduğu bu vəzifələr bu gün layiqincə yerinə yetirilir.
Turizm sənayesinin inkişafı üçün əlverişli coğrafi məkanda yerləşən Qəbələdə bu gün 20-dən çox turizm istirahət kompleksi var. Rayonda 7 beşulduzlu, 2 dördulduzlu, 2 üçulduzlu hotellər gələn qonaq və turistlərə xidmət edir. Ümumiyyətlə, rayondakı mehmanxana və mehmanxana tipli obyektlərin bir gündə 3000 nəfərdən çox turisti qəbul etmək imkanı var. Təkcə bu ilin 6 ayı ərzində Qəbələyə 88786 nəfər turist gəlmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Dağ-xizək idmanının inkişaf etdirilməsi, eləcə də turist cəlbediciliyini artırmaq məqsədilə yaradılan "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi yerli və xarici turistlərin ən çox gəldiyi istirahət mərkəzlərindəndir. Qafqaz regionunda ən gözəl əyləncə mərkəzi kimi tanınan "Qəbələnd” Əyləncə Mərkəzi heyranedici istirahət məkanlarındandır. Qəbələyə gələn hər kəs Qaraçayın hər iki sahilində yerləşən park bulvarın möhtəşəmliyinə, zənginliyinə, əsl istirahət məkanı olmasına heyran qalır.
Turizm obyektlərində turistlərə dünya standartları səviyyəsində xidmət göstərilməsi üçün kadrlar hazırlanması da diqqət mərkəzindədir. Bu məqsədlə rayonda turizm və hotelçilik üzrə peşə tədris mərkəzi fəaliyyət göstərir. Mərkəzi bitirmiş mütəxəssislər Qəbələdə, digər bölgələrdə, həmçinin Bakı şəhərində yerləşən turizm-istirahət obyektlərində müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
Bu gün Qəbələ özünün sosial-iqtisadi gücündən, zəngin mənəvi həyatından, tarixi köklərindən bəhrələnərək daha da müasirləşib, sərhədlərimizdən çox-çox uzaqlarda tanınıb. Rayonumuz beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edir. Son illər dünya siyasətçilərinin iştirakı ilə Qəbələdə keçirilən forumlar, sammitlər, beynəlxalq idman yarışları, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilən və planetin ən məşhur musiqi xadimlərinin iştirakı ilə keçirilən, bütün dünyaya səs salmış beynəlxalq musiqi festivalları, incəsənət sərgiləri və digər tədbirlər ölkənin, o cümlədən Qəbələnin sosial-iqtisadi inkişafının təntənəsi kimi qiymətləndirilə bilər.
Qəbələdə də idmana böyük qayğı göstərilir. Belə ki, Qəbələ şəhərində Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Bundan başqa, müasir tipli stadionlar və Stend Atıcılığı Kompleksi də idmançıların istifadəsindədir və burada beynəlxalq tipli yarışlar keçirilir.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq Qəbələdə bir çox iri sənaye müəssisələri tikilib istifadəyə verilmişdir ki, onların istehsal etdiyi məhsullar təkcə ölkə daxilində deyil, xarici bazarlarda da şöhrət qazanmışdır. Belə ki, rayonda bir saatda 5 ton qabıqlı fındıq və ya 1300 kiloqram təmizlənmiş fındıq ləpəsi emal etmək gücündə olan, birdəfəyə 250 ton qabıqlı fındıq qəbul edən fındıq emalı müəssisəsi fəaliyyət göstərir. Qəbələ şərab zavodunda artıq on beş ildir ki, yüksəkkeyfiyyətli şərablar, konyaklar, tünd içkilər istehsal olunur. Burada istehsal olunan məhsulların 50 faizdən çoxu müxtəlif ölkələrə ixrac olunur. Aspi-"Savalan” üzüm emalı və şərab istehsalı zavodunun şöhrəti də dünyanı gəzir. Bu gün "Savalan” da 18 çeşiddə istehsal olunan məhsullar Çin, Yaponiya, Rusiya, Hollandiya, Almaniya, Fransa, Türkiyə, Ukrayna, Belarus kimi ölkələrə göndərilir.
"Gilan” Qida Şəhərciyindəki meyvə şirələri və sərinləşdirici içkilər istehsalı müəssisəsində hazırlanan məhsulların sorağı ABŞ, Rusiya, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya, Yeni Zelandiya, Malayziya, İsrail, Avstraliya, Türkmənistan, Tacikistan və s. ölkələrdən gəlir.
Rayonda 2003-cü ilin oktyabr ayından 1 iyul 2019-cu ilədək 17697-si daimi olmaqla 19495 yeni iş yerləri açılmışdır. Bu ilin ötən 6 ayı ərzində açılmış 854 iş yerinin hamısı daimidir. 6 ay ərzində Qəbələ Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdan keçmiş 1090 nəfərdən 540 nəfər münasib işlə təmin olunmuşdur. Son illər əhalinin daimi işlə təmin olunması, sosial müdafiəyə ehtiyacı olan ailələrin rifahının yaxşılaşdırılması məqsədilə ölkəmizdə, o cümlədən rayonumuzda özünüməşğulluq proqramının həyata keçirilməsinə başlanılmışdır.
Bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar konsepsiyası ölkənin hər yerində olduğu kimi, Qəbələdə də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Əməkhaqlarının 20-50 faiz arasında qaldırılması, minimum əməkhaqqının bir ildə 2 dəfə qaldırılaraq 250 manata, minimum pensiyanın 200 manata çatdırılması əhalinin rifah halının yüksəlməsini təmin etmişdir. Hazırda minimum əmək haqqı və minimum pensiya məbləği zəruri istehlak ehtiyacını xeyli qabaqlayır. Bütün bu islahatları əhali çox böyük razılıqla qarşılayır. İndi əhalinin rifah halını 15-20 il öncə ilə müqayisə etsək, nə qədər müsbət dönüş olduğunu görərik. Ucqar kəndlərdə iştirak etdiyim görüş-qəbullarda illər öncə əhalinin bir hissəsi maddi yardım, abad yol, qaz və işıq xahiş edirdisə, bu gün çoxzolaqlı internetin daha sürətli olmasını arzulayırlar. Bu yüksək inkişafın, rifahın göstəricisidir.
Sosial sahələrin inkişafı daim diqqət mərkəzindədir. Dövlət başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı sayəsində son illər rayonda 29 ümumtəhsil məktəb binası tikilmiş və təmir olunmuşdur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılmış "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Qəbələdə yeni məktəb binaları, uşaq bağçaları tikilmiş və təmir olunmuşdur. Nic qəsəbə 2 nömrəli, Nohurqışlaq və Daşca kənd tam orta məktəblərinin açılışında möhtərəm prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmiş, bu təhsil ocaqlarına xeyir-dua vermişlər. Keçən dərs ilində Zərgərli kənd ibtidai, Nohurqışlaq kənd ümumi, Laza kənd ümumi, Cığatelli kənd tam orta məktəbləri üçün modul tipli məktəblər istifadəyə verilmişdir. Qaradeyin kənd orta, Şəfili kənd ibtidai məktəbləri üçün modul tipli, Vəndam qəsəbə 2 nömrəli məktəb üçün birtipli layihə əsasında 360 yerlik yeni məktəb binası yaxın günlərdə istifadəyə veriləcəkdir.
Qəbələdə tibb xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması üçün ardıcıl iş aparılır. Bu sahədə xeyli nailiyyət əldə olunub. Ölkə prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, Qəbələ Müalicə Diaqnostika Mərkəzi tikilib istifadəyə verilmiş və hazırda Qəbələ şəhərində tibbin son nailiyyətlərinə cavab verəcək yeni xəstəxana binası tikilir.
Sosial-iqtisadi sahədə sürətlə inkişaf edən Qəbələnin dünyanın bir sıra ölkələrinin ayrı-ayrı şəhərləri ilə dostluq, qardaşlıq əlaqələri də inkişaf edir. Belə ki, indi bizim Ukrayna Respublikasının Rovno, Misir Ərəb Respublikasının Cənubi Sinay vilayəti, Rusiyanın Kislovodsk, Belarusun Qrdono, Koreya Respublikasının Qyonçu, Polşa Respublikasının Qnezno, İsrailin Yokneam, Vyetnamın Quanq Nam əyaləti və Fransa Respublikasının Kann şəhərləri ilə dostluq və əməkdaşlıq əlaqələrimiz var. Bu əlaqələr ildən-ilə möhkəmlənir və genişlənir.
"Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi ki, inkişaf etmək, yüksəlmək tarixən hər bir dövlətin və onun xalqının arzusu olub. Bu gün inkişaf etmiş ölkələrin keçdiyi yola nəzər salsaq, onların indiki səviyyəyə gəlib çatmaları üçün böyük bir yol qət etdiklərini, hansı mərhələlərdən keçdiklərini görərik:
- Azərbaycan da tarixi və iqtisadi qanunuyğunluqlarla özünün inkişaf yolundadır. Amma bizi fərqləndirən cəhət odur ki, qısa müddətdə qazandığımız uğurlar, keçdiyimiz inkişaf yolu bir neçə onilliyə, qərinələrə bərabərdir. Ötən 28 illik müstəqillik tariximizin heç də bütün mərhələlərinin firavan olmadığını nəzərə aldıqda isə uğurlarımızın miqyasının daha böyük olduğunu görərik. Bu mənada gənc respublikamız öz inkişafı ilə dünyada həm də nümunəyə çevrilib.
Bütün bu uğurlar dünya ictimaiyyətinin qəbul etdiyi gerçəklikdir. Bu gerçəkliyin əsası isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, istiqamətləri müəyyən edilib. Ona görə də Azərbaycanın yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ilk olaraq Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu Öndər tərəfindən görülən böyük işlərin, yerinə yetirdiyi tarixi missiyalarının nəticəsidir ki, xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanını əldə edib, xoşbəxt gələcəyi üçün bütün təminatları yaradıb.
Ötən 16 ildə
isə Ulu Öndərin inkişaf yoluna
çıxardığı respublikamız
İlham Əliyev fenomeninin yüksək idarəçilik və liderlik keyfiyyətləri sayəsində özünün yeni inkişaf mərhələlərini yaşayır. Azərbaycan bu dövrdə son dərəcə möhtəşəm nailiyyətlərə imza atıb, müstəqil siyasət yürüdüb, qarşıya qoyduğu hədəflərə inamla yetişib. Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti ilə həyata vəsiqə alması bugünkü nailiyyətlərimizi təmin etməkdədir. Odur ki, ötən 16 il Azərbaycanda cəmiyyət həyatının bütün sahələri üçün onilliklərə bərabər inkişaf dövrüdür desək yanılmarıq.
İlham Əliyev fəaliyyətinin ilk günlərindən ölkənin inkişafı və xalqın sosial rifahının yüksəlişinə xidmət edən cəsarətli və islahatçı addımlar atıb. Bəzi uğurlarımıza nəzər salmaqla biz keçdiyimiz inkişaf yolunun möhtəşəmliyini görərik. İlham Əliyev yeni neft strategiyasını qətiyyətlə davam etdirdi. Bu yolda beynəlxalq təzyiqləri inamla dəf etdi və artıq 15 ilə yaxındır ki, Bakı-Tbilisi-Ceyhan neft xətti ilə neftimiz dünya bazarlarına çıxarılır.
"Neft xalqlara xoşbəxtlik də gətirə bilər, bədbəxtlik də. Mən çalışacam ki, neft Azərbaycan xalqına xoşbəxtlik gətirsin. Çünki Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir” deyən cənab Prezident yürütdüyü düşünülmüş iqtisadi kurs nəticəsində bu dövrdə neftdən əldə olunan gəlirlərlə həm ölkəni sürətli iqtisadi inkişaf yoluna çıxardı, həm də insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm işlər görüldü. Məsələn, 16 ildə iqtisadiyyatımızın 3,2 dəfə artması Prezidentin özünün qeyd etdiyi kimi, rekord göstəricidir. Bu, onu təsdiq edir ki, bu illər ərzində iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur.
Azərbaycanda baş verən inkişafın əsas xüsusiyyətlərindən biri qarşıya qoyulan məqsədlərə çatmaq üçün konkret dövlət proqramlarının qəbulu, dəqiq və aydın hədəflərin müəyyənləşdirilməsidir. Bu illər ərzində Prezident İlham Əliyev hər bir sahə üzrə konkret və ünvanlı proqramı imzalayıb ki, bu da hökumətin öz vəzifələrini dinamizm və ardıcıllıqla həyata keçirməyə imkan verib. Təbii ki, bu sırada regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramlarını xüsusilə qeyd etməliyik. Bütün bunların sayəsində respublikanın bölgələrində inkişaf prosesləri sürətləndi və 2004-cü ildən ötən müddətdə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, kənd təsərrüfatı istehsalı 1,7 dəfə artdı. Dünyada qısa müddətdə belə inkişaf göstəricilərinə nail olmuş dövlət göstərmək yəqin ki, mümkün deyil!
Təbii ki, bu dövrün sosial uğurlarının statistikası da təqdirəlayiqdir. 2 milyon iş yeri açılması, maaşların 7, pensiyaların 9 dəfə artması, işsizliyin 5 faizə düşməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan sosial nailiyyətlərdir. Sosial məsələlərlə bağlı ən mühüm işlərdən biri də çadır şəhərciklərinin ləğvidir. Artıq Azərbaycanda Neft Fondunun vəsaitləri hesabına 105 qaçqın və məcburi köçkün şəhərciyi salınıb. Təbii ki, torpaqlarımız azad edildikdən sonra dövlətimiz həmin insanların doğma yurdlarında özlərinə ev-eşik qurmaları üçün əlindən gələni əsirgəməyəcək. Torpaqlarımızın azad ediləcəyi gün isə uzaqda deyil. Sülh danışıqları dalana dirənəcəyi təqdirdə Azərbaycan istənilən yolla ərazilərini azad etmək hüququnu özündə saxlayır. Artıq dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz istənilən an İlham Əliyevin Ali Baş Komandanlığı ilə öz müqəddəs vəzifəsini yerinə yetirməyə hazırdır.
Bu dövrdə Azərbaycan həm də yüksək gəlir gətirəcək digər nəhəng layihələri - "Cənub qaz dəhlizi”ni, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini çəkib, Türkiyədə "Star” zavodunu inşa edib. Hansı ki, bu layihələr əsrlər boyu xalqımıza xidmət edəcək. O cümlədən yol-nəqliyyat infrastrukturumuz tamamilə yeniləndi. Belə ki, bu illərdə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsində mühüm layihələr həyata keçirildi, 15 min kilometr yeni avtomobil yolu çəkildi, 7 beynəlxalq hava limanı tikildi. Artıq ölkədə qazlaşdırma 96 faizə çatıb. Bu sırada diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, 70 ildə sovet hökumətinin qazlaşdırmadığı, yolu olmayan ucqar dağ kəndlərinə təbii qaz verildi, yol çəkildi. 16 ilin başqa bir mühüm uğuru Azərbaycanın kosmos dövlətinə çevrilməsidir. 31 yeni elektrik stansiyasının inşası, 4 su anbarının salınması isə bu gün ölkədə gedən inkişaf proseslərinə mühüm təkan verib.
Azərbaycanın inkişafını
bütün bölgələrimizin, o cümlədən Qəbələ
rayonunun timsalında görmək mümkündür. Sovet
dövründə Qəbələ perspektivsiz rayonlardan hesab
edilirdi. Kənd təsərrüfatı rayonu
olsa da, bəzi sahələr inkişafdan geri qalırdı.
Amma bu gün Qəbələ nəinki Azərbaycanda və Cənubi
Qafqazda, dünyada tanınan bir diyara çevrilib. Ən müxtəlif ölkələrdən
hər il buraya on minlərlə turist gəlir. Hər il
Qəbələdə tanınmış
ifaçıların iştirakı ilə beynəlxalq musiqi
festivalı keçirilir. Yeni istifadəyə
verilmiş istehsal və turizm-kurort müəssisələrində
rayon sakinləri işlə təmin olunurlar. Xarici ölkələrdə səfərdə olarkən
bəzən bizi hansısa müasir standartlarla təəccübləndirmək
istəyirlər. Amma biz onlara deyirik ki,
bundan da yaxşısı Qəbələdə var. Beləliklə,
Qəbələ inkişaf edən Azərbaycanın ən
gözəl nümunələrindən biri kimi fərqlənir
və bütövlükdə ölkəmizdə gedən
inkişaf proseslərinə layiqli töhfələr verir.
Bir məsələyə də toxunmaq istəyirəm. Məlumdur ki,
dünyanın bir sıra yerlərində özünü
göstərən ziddiyyətlər aradan qalxmaq əvəzinə
daha da dərinləşir. Hər ötən
gün müxtəlif ölkələrdə davam edən
daxili siyasi və hərbi çəkişmələrlə
yadda qalır. Azərbaycanda isə vəziyyət
tamamilə fərqlidir. Cənab Prezidentin də
qeyd etdiyi kimi, ölkəmizdə təhlükəsizlik,
ictimai-siyasi sabitlik tam təmin olunub. Məhz
bu sabitlik və sarsılmaz xalq-iqtidar birliyi Azərbaycanın
inkişafını şərtləndirən mühüm
uğurlarımızın sırasında yer alır. Əldə olunan bütün uğurların təməlində
ölkəmizdəki sabitlik dayanır.
Ağsaqqallarla
gənclərin bir araya gələrək fikir mübadiləsi
aparmalarının vacib olduğunu bildirən Milli Məclisin Səhiyyə
komitəsinin sədri, Respublika Ağsaqqallar
Şurasının sədr müavini, akademik Əhliman
ƏMİRASLANOVun sözlərinə görə,
konfransın müzakirə etdiyi mövzu olduqca aktualdır:
- Bu
gün Azərbaycan Ağsaqqallar Şurası, "Azərbaycan”
qəzeti və Qəbələ Rayon İcra Hakimiyyətinin
birgə təşkil etdiyi konfrans ölkəmiz,
xalqımız üçün son dərəcə vacib olan məsələlərə
- iqtisadi inkişafa, xüsusilə də sosial məsələlərə
həsr olunub və ilk dəfə olaraq yeni bir formatda
keçirilir. Ölkənin avanqard qüvvəsinin
bu toplantıda iştirakı və gənclərin
sosial-iqtisadi məsələlərlə bağlı fikir
söyləmələri bizim üçün çox
vacibdir.
Azərbaycanda sosial sahə Ulu Öndər Heydər
Əliyev siyasətinin ana xəttini təşkil edib. İstər
Azərbaycana rəhbərliyinin birinci dövründə, istərsə
də 1993-cü ildə xalqın təkidli tələbi ilə
yenidən hakimiyyətə qayıtdıqdan sonra dahi lider bu
sahəyə son dərəcə diqqət və qayğı
göstərib. Ölkə əhalisinin
sosial rifah halının yaxşılaşdırılması
Heydər Əliyev siyasətinin prioriteti olub. Bu gözəl ənənə hazırda Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xüsusilə cənab Prezidentin ilin əvvəlindən
başlayaraq böyük sosial paketi çərçivəsində
imzaladığı fərman və sərəncamlar bunu bir
daha təsdiqləyir. Azərbaycanın
dövlət büdcəsi hər zaman sosialyönümlü olub.
Dünyada az sayda ölkələr
tapılar ki, büdcəsinin 34 faizdən artıq hissəsi
sosial sahələrə yönəlmiş olsun. Hesab edirəm ki, bu rəqəm gələn ilin
dövlət büdcəsində daha yüksək olacaq.
Əgər
10-12 il öncəki tarixi xatırlasaq, Azərbaycan
səhiyyə sistemində baş verən yeni dəyişikliklərin,
reallaşan uğurların şahidi olarıq. Ancaq
onu da vurğulamalıyıq ki, böyük nailiyyətlər
qazansaq da, bu gün səhiyyə sahəsində problemlərimiz
mövcuddur və hələ görüləcək işlər
var. Bunu Prezident İlham Əliyev də öz
çıxışlarında dəfələrlə qeyd
edib.
Əvvəllər ölkəmizdə bir çox
insanın həyatı üçün təhlükə təşkil
edən xəstəliklərin müalicəsi mümkün
deyildi. Bunun üçün nə maddi-texniki bazamız, nə
də kadr potensialımız var idi. Ancaq
son illərdə məhz maddi-texniki bazanın möhkəmləndirilməsi,
yeni xəstəxanaların, diaqnostik mərkəzlərin
istifadəyə verilməsi, eləcə də yüksəkixtisaslı
kadr potensialının hazırlanması sahəsində
böyük işlər görülüb. Bu sahənin
mütəxəssisi kimi onu deyə bilərəm ki, bu gün
diaqnostikası və müalicəsi mümkün olmayan bir xəstəlik
yoxdur ki, bunu Azərbaycanda həyata keçirmək
mümkün olmasın! Yəni ölkəmizdə müalicəsi
mümkün olmayan xəstəlik yoxdur!
Prezident İlham Əliyevin diqqət və
qayğısı sayəsində ölkəmizdə 700-ə
yaxın xəstəxana, diaqnostik mərkəz tikilib, yaxud
yenidən qurulub. Bu səhiyyə ocaqlarının hər
biri ən müasir tibbi avadanlıqlarla təchiz olunaraq əhalinin
istifadəsinə verilib.
Biz onunla da razılaşırıq ki, həmin müalicə,
diaqnostika mərkəzləri hər bir insan üçün əlçatan
deyil.
Bütün bunları nəzərə alan
dövlət başçısı gələn ildən
ölkədə icbari-tibbi sığortanın tətbiqinə
başlanılması ilə bağlı sərəncam
imzalayıb. Bu sistemin tətbiqi mövcud problemlərin
aradan qaldırılması ilə nəticələnəcək.
Yəni icbari-tibbi sığortanın həyata
keçirilməsi ilə insanları narahat edən istənilən
xəstəliyin müalicəsi, əməliyyatı
sığorta hesabına həyata keçiriləcək.
Bu siyahı çox böyükdür və
200-dən çox xəstəlik növləri öz əksini
tapıb ki, insanlarımız icbari-tibbi sığortanın tətbiqi
ilə sağlıq problemlərini həll edə bələcəklər.
Bəzi qonşu ölkələrin təcrübəsi
göstərdi ki, yüksək səviyyəli maddi-texniki
bazası olmayan, kadr potensialı, həkim ordusu olmayan bir
ölkədə tələsik icbari-tibbi sığortaya
keçmək gözlənilən nəticəni vermir. Ona görə
də ölkəmizdə bu gün çox geniş imkanlara malik
xəstəxanaların, diaqnostik mərkəzlərin, yüksək
peşəkar kadr potensialının mövcudluğu onu deməyə
əsas yaradır ki, Azərbaycanda bu sistemin tətbiqi
uğurla reallaşacaq.
Xüsusi olaraq vurğulayım ki, Mingəçevir
şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihələr
də həyata keçirilib. Bu ərazilərdə
icbari-tibbi sığortanın tətbiqi nəticəsində əhali
arasında ölüm faizi çox ciddi şəkildə
aşağı düşüb, ən mürəkkəb
diaqnostik üsullara müraciət edən xəstələrin
sayı artdı və insanlar heç bir vəsait ödəmədən
müayinə və müalicə olunmağa başladılar.
Əvvəllər insanların çoxu ölkədə
açıq ürək əməliyyatı
aparılmadığından rəhmətə gedirdi. Çox
cüzi hissəsi xərc çəkib xaricdə əməliyyat
olunurdu. Ancaq bu gün ölkədə minlərlə
insan əməliyyat olunaraq sağlam həyat yaşayır.
Milli Məclisin Səhiyyə komitəsinin rəhbəri
kimi dəfələrlə həmin ərazilərə səfər
edib görülən işlərlə maraqlanmışam,
insanlarla söhbət etmişəm. Hər kəs
razılıq edir və əhali bu sistemin tətbiqini çox
yüksək dəyərləndirir.
Bu, cənab İlham Əliyevin sosial siyasətinin,
xüsusilə səhiyyə sahəsində
apardığı islahatların uğurlarıdır və
getdikcə daha böyük nailiyyətlər əldə ediləcək. Çünki
ölkədə icbari-tibbi sığortanın tətbiqi ilə
ən ciddi xəstəliklərin müalicəsi belə
mümkün olacaq. Əhaliyə göstəriləcək
tibbi yardımın kəmiyyəti və keyfiyyəti yüksələcək.
Respublikanın
müxtəlif bölgələrindən olan dəyərli
ağsaqqalların, ziyalıların iştirak etdiyi
konfransın əhəmiyyətini qeyd edən Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
Ağsaqqallar Şurasının sədr müavini, tibb elmləri
doktoru Sudeyif İMAMVERDİYEV dedi:
-
Ümumi düşüncə istiqaməti hamıda eynidir: azərbaycançılıq
və vətənpərvərlik. Vətənpərvərlik
birinci növbədə insanın öz ölkəsinə
olan sevgisidir. Azərbaycançılıq
ruhu isə bu hissdən başlanır. Hesab
edirəm ki, Azərbaycanın sürətli inkişafında
hər birimiz öz mövqeyimizi ortaya qoymalı, xidmət etmək
düşüncəsi ilə yaşamalıyıq. Bütün hallarda biz ağsaqqallar hansı dövrdən
hara gəlib çıxdığımızı yaddaşda
saxlamaqla gənclərə də xatırlatmalıyıq.
Heç birimiz 1990-cı illərdə Azərbaycanın
başının üzərini qara buludların
aldığı dövrü unutmamalıyıq. Deyim ki, daxili
sabitliyin təmin olunmadığı bir cəmiyyətdə
güclü dövlət qurmaq, qanunun aliliyini təmin etmək
mümkün deyildir. Müdrik
xalqımız o zaman qəti hərəkət edərək
yeganə düzgün addımı atdı. Dünyanın böyük siyasət adamını
hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın
xarici və daxili düşmənlərinin oxu daşa dəydi,
bədxahlarımızın arzuları gözlərində
qaldı.
1993-cü
ildə Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə Azərbaycanın qurtuluşunda
həlledici dönüş baş verdi. Bütün xalqımız məkrli düşmənlərin
hazırladığı fəlakət uçurumuna
yuvarlanmadı, qurtuluş savaşında qələbəyə
doğru dönüş başlandı. Xalqımız
çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən
yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə
malik dahi Heydər Əliyev azad edə bilərdi. Çünki Ümummilli Liderin uzun illər ərzində
qazandığı siyasi təcrübə, idarəçilik
bacarığı və doğma vətəninə olan məhəbbəti
onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən
şərəflə gələcəyinə heç kimdə
şübhə doğurmurdu.
Heç zaman seçimində yanılmayan
xalqımız həmin dövrdə çox düzgün
seçim etdi.
Bu olmasa idi, Allah bilir hansı günlərə
düçar olardıq. Ölkədə mövcud olan
problemlər tədricən həllini tapdı, iqtisadi və
siyasi sabitlik təmin olundu və beləliklə, iqtisadi
inkişafın sürətləndirilməsi, ölkəmizin
beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan
həqiqətlərinin bütün dünyaya
çatdırılması və s. istiqamətlərdə
konkret proqram və layihələrin işlənib
hazırlanmasına başlanıldı. Sabitliyin
təmin olunması ilə Azərbaycan stabil inkişaf
üçün real zəmin əldə etdi.
Ümummilli
Lider Heydər Əliyevin təşəbbüsü ilə
bağlanmış "Əsrin müqaviləsi” isə Azərbaycan
xalqının rifah halının
yaxşılaşdırılmasında yeni dövrün əsasını
qoydu. Vurğulayaq ki, bu da yüksək siyasi iradənin
və qətiyyətin təntənəsi idi. Saziş Azərbaycanın qapılarını
bütün dünyanın üzünə açdı, bu
sahədə yeni müqavilələrin imzalanmasını və
ölkəyə investisiya qoyuluşunu təşviq etdi.
Bütün dünya gördü ki, Azərbaycan
yüksək iradə, inam, ağıl və sistemliliklə
çətinliklərdən çıxıb,
inkişafın zirvəsinə qalxır.
Son 16 ildir isə xalq gələcəyini
düşünərək ölkədə davamlı
sabitliyin və sürətli inkişafın təminatçısı,
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
Prezident İlham Əliyevə etimad göstərməkdədir. Regionlarda sənaye,
emal, xidmət, turizm və digər sahələr inkişaf
edib. Xüsusilə də xaricdən gələn
qonaqlar Azərbaycanın bölgələrinin
inkişafını əyani şəkildə görürlər.
Bu gün, eyni zamanda, Azərbaycanın güclü ordusu
var. Ordu quruculuğu prosesinin müasir standartlara uyğun həyata
keçirilməsi ölkə ictimaiyyəti tərəfindən
razılıqla qarşılanır. Çünki ordu məsələlərinə
yüksək diqqət yetirilərək onun gücləndirilməsi
Ermənistanla aparılan danışıqların ölkəmiz
üçün ədalətli şəkildə
yekunlaşmayacağı təqdirdə, işğal
altında olan ərazilərin azad edilməsi üçün
Azərbaycanın üstünlüyünü təmin edir.
Ermənistanda bunu yaxşı bilir və
haqlı olaraq narahatlıq keçirirlər.
Sonda qeyd etmək istərdim ki, bu gün Azərbaycan beynəlxalq
aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi
inkişafını və etibarlı siyasi sabitliyini təmin
etmiş müstəqil bir dövlətdir. Artıq
dövlətimiz mötəbər kürsülərdən
öz sözünü deməyə, öz haqlı
mövqeyini bildirməyə və qorumağa qadir, zəngin
iqtisadi potensiala malik bir dövlətdir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr
müavini, "Gəncəli” İstehsal-Kommersiya şirkətinin
rəhbəri Bayram YUSİFOV bildirdi ki, Azərbaycanda sosial və
iqtisadi inkişaf baxımından əhəmiyyətli
addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyevin
uğurlu siyasətinin əsas mahiyyətini məhz insan
faktoru, vətəndaşların mənafeyi, onların rifah
halının yüksəldilməsi təşkil edir:
-
Hazırda bir çox sahələrlə yanaşı, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi üzrə də
ciddi tədbirlər görülür. Əməkhaqlarının
artırılması, pensiya təminatının təkmilləşdirilməsi
sahəsində aparılan səmərəli islahatlar,
qaçqın və məcburi köçkünlərin həyat
şəraitinin daha da yaxşılaşdırılması
üçün reallaşdırılan geniş proqramlar,
şəhid ailələrinə göstərilən
qayğı, sosial sahəyə dair qəbul olunan və həyata
keçirilən bir çox qanunlar xalqımızın rifah
halının yaxşılaşdırılmasına istiqamətlənmiş
tədbirlərdir. Şübhəsiz ki, bu sosial
islahatlar və inkişaf məsələləri uğurlu
dövlət siyasətinin prioritetləri hesab edilirlər.
Regionlarımızın sosial-iqtisadi inkişafına dair
dövlət proqramlarının icrası sayəsində
bölgələrdə də müxtəlif sahələrdə
böyük uğurlar qazanılıb. İnkişaf
etmiş dövlətlərin təcrübəsi göstərir
ki, iqtisadiyyatın sabitliyini qorumaq üçün regional
inkişafda tarazlılığın saxlanılması vacib
şərtlərdəndir. Son illərdə
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında hökumətin iqtisadi siyasətində regional
inkişaf məsələlərinə xüsusi diqqətin
yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş
dövlət proqramlarının, fərman və sərəncamların
yüksək dinamizmlə həyata keçirilməsi məhz
bu reallığa əsaslanır. Bu həm
də onunla şərtlənir ki, milli iqtisadiyyatın daha da
inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin
yerinə yetirilməsi regionların inkişafının
sürətləndirilməsini, habelə sosial-iqtisadi problemlərin
həllində sahibkarlığın rolunun
artırılmasını, regionlarda müasir infrastrukturun yaradılmasını
tələb edir. Məhz regionların
sosial-iqtisadi inkişafına göstərilən yüksək
diqqət və qayğının nəticəsi olaraq
respublikamız ictimai həyatın bütün sahələrində
çoxşaxəli islahatlar aparan və investisiya cəlbediciliyini
qoruyan ölkələrdən biri kimi tanınır.
Birinci
vitse-prezident kimi hər bir sahədə Prezidentimiz cənab
İlham Əliyevin həyata keçirdiyi siyasi kursun,
sosial-iqtisadi islahatların dəstəklənməsinə və
uğur qazanmasına layiqli töhfələr verən Mehriban
xanım Əliyevanın bu çərçivədə
gördüyü işləri təhlil etdikdə şahidi
oluruq ki, onun çoxşaxəli və geniş əhatəli
fəaliyyəti Azərbaycanın bugünkü
inkişafı içərisində çox böyük
çəkiyə malikdir. Son illərdə
görülən işlərin yekunları da bir daha göstərir
ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva daima öz uğurlu fəaliyyəti ilə möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi
sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr
verir.
Ölkəmiz inkişaf etdikcə, yüksəldikcə
bizi sevməyən bəzi dairələr Azərbaycana qarşı
müxtəlif qarayaxma kampaniyalarına başlayırlar. Onlar bu prosesdə
daxildəki radikal müxalifətdən bir vasitə kimi istifadə
edirlər.
Hər bir ölkədə sağlam müxalifətin
olması yaxşı bir haldır. Lakin çox təəssüflər
olsun ki, Azərbaycanda özlərini müxalifət
adlandıranların bir qismi radikal əhvali-ruhiyyəli və
şər-böhtançı xislətlidirlər. Onlar heç zaman dövlətə, xalqa xidmət
etmək, Azərbaycanın inkişafına töhfə vermək
istəmirlər. Bu radikal müxalifətin
hakimiyyət dövrünün də şahidi olmuşuq.
Onların hakimiyyəti dövründə
ölkədəki xaosu, vətəndaş
qarşıdurmasını, sosial-iqtisadi tənəzzülü,
torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən
məğlubiyyətləri də xatırlayırıq.
Radikal müxalifətçilər bəzi xarici
təşkilatların, eyni zamanda erməni lobbisinin vəsaiti
hesabına ölkəni yenidən anarxiyaya, xaosa aparmaq istəyirlər.
Lakin dövlətimiz və xalqımız buna heç
zaman imkan verməyəcəkdir. Ölkəmizdə
sabitlik, əmin-amanlıq hökm sürür. Vətəndaşlarımız
Azərbaycanın inkişafından, həyata keçirilən
sosial-iqtisadi islahatlardan çox razıdırlar və dövlət
başçısı cənab
İlham Əliyevin siyasətini birmənalı şəkildə
dəstəkləyirlər. Ölkəmizdə
qarşıdurma, xaos yaratmaq istəyənlər nəhayət
dərk etməlidirlər ki, Azərbaycanda sabitlik, inkişaf,
vətəndaş və dövlət həmrəyliyi möhkəm
əsaslar üzərində qurulub və bunu heç bir
qüvvə sarsıda bilməz.
Azərbaycanın gələcək uğurlarının
təntənəsinə, Vətənimizin çiçəklənməsinə
çalışan respublika ağsaqqallarının da məqsədi
cəmiyyətimizin, xüsusilə də gənclərimizin
doğru yola istiqamətləndirilməsi, onların ədalət,
düzgünlük, vətənpərvərlik, milli-mənəvi
dəyərlərə bağlılıq, böyüklərə
hörmət və əməksevərlik ruhunda tərbiyə
edilməsidir.
Ulu Öndər Heydər Əliyev tərəfindən milli-mənəvi
dəyərlərimizin qızıl fondu adlandırılan
ağsaqqallar ordusu gənc nəslin yüksək vətənpərvərlik
ruhunda böyüməsi, ölkədə əmin-amanlığın
qorunması, möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin uğurlu daxili və xarici siyasətinin dəstəklənməsi
üçün üzərlərinə düşən vəzifələri
bundan sonra da böyük səylə həyata keçirəcəklər.
Ağsu rayon
Ağsaqqallar Şurasının sədri Seyfəddin ABDULLAYEV
dedi ki, dayanıqlı inkişaf yolu ilə inamla addımlayan
Azərbaycan çox qüdrətli dövlətə
çevrilib. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə
söylədyi "gün gələcək Azərbaycan
dünyaya günəş kimi doğacaq” fikri
bugünümüzün reallığıdır. Həqiqətən
də Prezident İlham Əliyevin həyata keçirdiyi
müstəqil siyasətlə Azərbaycan Cənubi
Qafqazın lider dövləti, dünya birliyində isə
söz sahibinə çevrilib:
- Bu
gün Azərbaycan reallıqları göz önündədir.
Ölkənin sürətli iqtisadi
inkişafı, xalqın sosial rifahının
günü-gündən yaxşılaşdırılması
və Azərbaycanın dünya dövlətləri
sırasındakı yüksələn mövqeyi cənab
İlham Əliyevin müstəqil siyasətinin real təzahürüdür.
Ancaq etiraf etməliyik ki, bu uğurlar heç də
asan əldə edilməyib. Məhz Azərbaycan
Prezidentinin prinsipiallığı, qətiyyəti sayəsində
ölkəmiz bu nailiyyətlərə imza atıb.
Əlbəttə ki, bu uğurlar bəzilərində
qıcıq yaradır. Həmin qüvvələr Azərbaycanın qısa
müddət ərzində nail olduğu bu yüksəlişi
həzm edə bilmirlər. Çirkin əməllərlə
bu uğurlara kölgə salmaq, ölkəmizə qara yaxmaq
üçün hər vasitəyə əl atırlar. Ancaq nə qədər pislik etsələr də, bu əməlləri,
xislətləri Azərbaycanı, xüsusən də
xalqı ruhdan salmayacaq, əksinə, daha da mütəşəkkil
olmağa sövq edəcəkdir.
Bu gün Azərbaycanın bölgələrinin durumu da
ölkənin uğurlu inkişafının göstəricisidir. Hər bir
bölgədə aparılan quruculuq işləri bölgələrin
simasını büsbütün dəyişib. Digər rayonlarımız kimi, Ağsu rayonunun da
sosial-iqtisadi inkişafı istiqamətində böyük
işlər görülür. Rayonda
qazlaşdırma prosesi artıq 99 faizə çatıb.
Aqrar sahədə də uğurlu göstəricilər var.
Pambıqçılıq, baramaçılıq yüksəlişdədir,
bu il zəmilərdən 115 min ton taxıl
biçilib.
Bütün bunlar, əlbəttə ki, Prezident İlham
Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının uğurlu
göstəriciləridir. Regionların
inkişafını daim diqqət mərkəzində saxlayan cənab
Prezident əhalinin sosial rifah halının
yaxşılaşdırılması istiqamətində
çox böyük işlər görür. Biz ağsaqqallar da dövlət
başçısının bu siyasətinə dəstək
verərək hər zaman onun yanında olduğumuzu bəyan
etmişik. Biz əminik ki, Ulu Öndər
Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab
İlham Əliyev Azərbaycanı daha böyük zirvələrə
yüksəldəcəkdir.
Zaqatala
Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz
ƏLİYEVin sözlərinə görə, hər bir gənc
qürur hissi duyur ki, onun dünyada inkişaf etmiş,
güclü, qüdrətli dövləti, Azərbaycan adlanan
vətəni var. Fəxr edirik ki, biz Azərbaycanın vətəndaşıyıq:
- Bu
gün Azərbaycan dünyanın ən inkişaf etmiş bir
dövlətinə çevrilmiş və inkişaf etmiş
dövlətlər arasında öz yerini inamla qoruyub
saxlayır. Azərbaycan dünyada həm də
inkişaf etmiş idman dövləti kimi də tanınır.
Bu inkişaf heç də öz-özünə
və asan baş verməmişdir. Bu
inkişaf Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyev Azərbaycanı
yenidən qurub yaratdı. Onun
apardığı siyasət və özünü dövlətə
həsr etməsi bizim qızıl tariximizdir. Heydər Əliyevin layiqli davamçısı,
Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi
isə Azərbaycanı daha surətli inkişaf yoluna
çıxarıb. İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın sevgisi,
inamı və birliyi ilə həyata keçirdikləri gərgin
fəaliyyətin nəticəsidir ki, Azərbaycan
dünyanın nüfuzlu dövlətlərindən birinə
çevrilmişdir.
Cənab İlham Əliyevin Azərbaycan gənclərinə
göstərdiyi diqqət və qayğı göz
qarşısındadır. Dünyanın elə
bir ölkəsi tapılmaz ki, dövlət öz gənclərinə
Azərbaycan dövləti qədər qayğı göstərsin.
Buna misal Prezident İlham Əliyevin həyata
keçirdiyi layihələr, ölkəmizdə təşkil
olunan dünya səviyyəli tədbirlər və gənclərə
yaradılan şəraitdir. Elə bir
Avropa ölkəsi yoxdur ki, orada Azərbaycandakı kimi Olimpiya
İdman kompleksləri, Gənclər evləri, təhsil
ocaqları və s. olsun. Bütün bunlar
Azərbaycan gənclərinin sağlam böyüməsinə,
savadlı olmasına xidmət edir. Bunların
nəticəsidir ki, gənclərimiz dünyada keçirilən
tədbirlərdə və idman yarışlarında
çoxlu uğurlar və qələbələr əldə
edərək vətənimizin üçrəngli
bayrağını ucalara qaldırırlar.
Zaqatala rayonunda da gənclərə göstərilən
diqqət və qayğı, rayon rəhbərliyinin
yaratdığı şərait ölkə
başçısının siyasətinin ardıcıl
davamıdır. Rayonumuzun gəncləri ölkədə
və dünyada keçirilən tədbirlərdə fəal
iştirak edir, uğurlar qazanaraq ölkəmizin adını
ucaldırlar.
Şamaxı
Rayon Ağsaqqallar Şurasının sədri, tarix elmləri
üzrə fəlsəfə doktoru Mayıl ALICANOV dedi ki,
ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin
edilməsi Prezident İlham Əliyevin müvəffəqiyyətlə
həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir:
- Prezident
İlham Əliyev tərəfindən respublikada sənaye ilə
yanaşı, qeyri-neft sektoruna böyük sərmayələrin
yatırılması, beləliklə də, ölkə
iqtisadiyyatının müxtəlif sahələrinin
davamlı şəkildə inkişaf etdirilməsi
başlıca hədəf kimi götürülür. Bu baxımdan bilavasitə dövlət
başçısının təşəbbüsü və
rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi
inkişafının təmin edilməsi ilə bağlı
hazırlanan və müvəffəqiyyətlə həyata
keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.
Məlum olduğu kimi, bu il fevralın 5-də
Ağsu, İsmayıllı və Şamaxı ərazisində
baş verən zəlzələlər nəticəsində
onlarla fərdi yaşayış evləri uçmuş və
qəzalı vəziyyətə düşmüş, sosial və
infrastruktur obyektlərinə xeyli ziyan dəymişdir. Zəlzələdən
dərhal sonra Prezident bölgəyə gəldi, yerli sakinlərlə
görüşdü, zəlzələnin törətdiyi fəsadlarla
yerindəcə tanış oldu, quruculuq və
bərpa prosesini şəxsi nəzarətinə
götürdü. Bunun nəticəsidir ki, təbii
fəlakətdən dərhal sonra rayonda mühəndis-kommunikasiya
sistemləri bərpa olundu, zəlzələdən zərər
çəkmiş əhaliyə ilkin yardım göstərildi.
İlham Əliyevin baş vermiş təbii fəlakətin
nəticələrinin aradan qaldırılması haqqında sərəncamı,
yerli sakinlərlə görüşü, onlara maddi və mənəvi
dayaq durması onun hər bir azərbaycanlının Prezidenti
olduğunu bir daha əyani surətdə təsdiq etmiş
oldu. Zəlzələnin fəsadlarının aradan
qaldırılması haqqında sərəncamla kifayətlənməyən
Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım
Əliyeva ilə birlikdə yenidən Şamaxıya gəldilər,
vətəndaşlarla şəxsən görüşdülər,
yeni tikilmiş və istifadəyə verilmiş evlərin
sakinləri ilə həmsöhbət oldular.
Təbii fəlakətdən keçən dövrdə
vətəndaşların müraciəti əsasında 6251
evə baxış keçirilib. Bu evlərdən 375-i
qəzalı hesab edilib və artıq onlardan 90 evin
inşası başa çatdırılaraq sakinlərin
istifadəsinə verilib. Fövqəladə
Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən
1442 evin bərpaya, 2501 evin təmirə ehtiyacı olduğu
bildirilib. Hazırda 105 evdə tikinti işləri
aparılır, bərpaya ehtiyacı olan evlərdən 181-də
işlər başa çatıb, 670-də işlər
görülür, həmçinin 320 evdə təmir işləri
bitib, 85 evdə isə işlər davam etdirilməkdədir.
Zəlzələdən evlərinə ziyan dəymiş
vətəndaşların sosial vəziyyətini nəzərə
alaraq Heydər Əliyev Fondu rayon üzrə daha 44 evin
tikintisini həyata keçirəcəkdir. Artıq 31 ev
tikilir, 12 evdə isə təmir-bərpa işləri
görülür. Hazırda aparılan işlərlə
bərabər evlərin smeta sənədlərinin
hazırlanması və işlərin layihələndirilməsi,
eyni zamanda vətəndaşların müraciətləri əsasında
evlərə baxış prosesi davam edir.
Zəlzələnin fəsadlarının aradan
qaldırılması ilə yanaşı, Şamaxıda təhsil,
səhiyyə və mədəniyyət sahələrində
də infrastrukturun yenilənməsi istiqamətində işlər
görülür. Həmçinin şəxsən Mehriban
Əliyevanın rəhbərliyi ilə rayonda 10 sosial obyektin
tikintisi aparılır. Belə ki, şəhər 2
saylı və Meysəri kənd körpələr evi-uşaq
bağçaları, Məlikçobanlı kənd tam orta məktəbi,
həmçinin Həmyəli, Birinci Quşçu, Mərzəndiyə,
Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri
tikilir. Ölkə Prezidentinin 27 avqust 2018-ci il
tarixli sərəncamına əsasən, Şamaxı şəhərində
istismar müddəti başa çatmış çoxmənzilli
binaların sakinlərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə 48 mənzilli
yaşayış binasının tikintisi davam etdirilir.
Ağdaş Rayon Gənclər və İdman İdarəsinin
rəisi Azad GÖZƏLOV diqqətə çatdırdı
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
bütün istiqamətlər üzrə durmadan inkişaf
edir.
Respublikamız dünyəvi və demokratik dövlət olaraq
dünyada öz mövqeyini və maraqlarını layiqincə
təmin etməkdədir:
- Ölkəmizdə
bütün sahələri əhatə edən sürətli
inkişaf gənclər və idman sahəsində də bir
sıra uğur və nailiyyətlərin qazanılmasına təkan
vermişdir. Dövlət
başçısı İlham Əliyevin bu sahəyə olan
diqqət və qayğısı nəticəsində gənclər
və idman siyasəti dövlətin əsas prioritetlərindən
birinə çevrilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər
Fondunun təsis edilməsi, 2015-2025-ci illəri əhatə edəcək
"Azərbaycan Gənclərinin İnkişafı
Strategiyası”nın qəbul olunması, "2017-2021-ci illərdə
Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın təsdiq
olunması yuxarıda qeyd olunan fikirlərin əyani təzahürüdür. Böyüməkdə
olan gənc nəslin fiziki cəhətdən sağlam, əqli
cəhətdən möhkəm olması üçün
ölkəmizdə geniş meydanlar
açılmışdır. 40-a yaxın
Gənclər mərkəzləri, 44 Olimpiya idman kompleksi, idman
zalları tikilərək yeniyetmə və gənclərin
istifadəsinə verilmişdir.
Bu gün
rayonumuzda gənclər idmanın sərbəst güləş,
yunan-Roma güləşi, boks, taekvondo,
karate, gimnastika, futbol, voleybol, şahmat-dama, budo
döyüş növləri ilə məşğul olurlar. Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi
idmana marağın artmasına səbəb olmuş və
yeniyetmə gənclərimizin sağlamlıqlarının
möhkəmliyinə xidmət edir.
Ölkədə əmin-amanlıq şəraitinin
yaxşılaşdırılması, ictimai asayişin
yüksək səviyyədə qorunması, maaşların,
təqaüdlərin, müavinətlərin
artırılması, sakinlərin rifah halının yüksəldilməsi
bir daha onu deməyə əsas verir ki, Prezident İlham
Əliyev hər bir azərbaycanlının Prezidentidir. Bu, daim əməli
işlərlə sübut olunur.
Biz ağdaşlı gənclər bundan sonra da dövlətimizin
qorunması, çiçəklənməsi, daim inkişaf
etməsi üçün Heydər Əliyev siyasi kursuna sadiq
qalacağıq, bu kursun layiqli davamçısı Prezident
İlham Əliyevin ətrafında daha da sıx birləşəcəyik.
Qəbələ
rayon Həmzəli kənd orta məktəbinin müəllimi
Fəxrənisə DADAŞOVA dedi ki, bir millətin
mövcudluğu üçün onun sağlam gəncliyinin
olması vacib şərtdir:
-
Çünki hər bir ölkədə dövlətçiliyin,
müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin
etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən, onların
aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə
iş sahəsində görülən tədbirlər Azərbaycan
gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük rol
oynamışdır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsidir ki, bu gün gənclərimiz bütün sahələrdə
özlərini doğruldurlar. Azərbaycan gəncliyi
ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti
ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm rol oynayır.
Ulu
Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə
müraciətini xatırlamaq istəyirəm: "Siz Azərbaycanın
bugünü və gələcəyisiniz. Sizin
üzərinizə böyük vəzifə düşür,
bu vəzifələr gələcəkdə daha da
böyük olacaqdır, siz müstəqil Azərbaycanın
XXI əsrdə yaradanlarısınız,
quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə
sizə etibar edəcəyik, sizə
tapşıracağıq”. Bu sözlərlə
gəncliyə olan etimadının, diqqətinin sonsuz
olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin
üzərinə böyük vəzifələr qoydu. Mən də bütün yaşıdlarım kimi
çalışıram ki, öz fəaliyyətimlə bu vəzifələrin
öhdəsindən gəlim. Bir müəllim
kimi məqsədimiz həm də şagirdləri azərbaycançılıq
məfkurəsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik
ruhunda tərbiyə etmək, doğma vətəninə,
xalqına, tarixinə sadiq gənclər kimi yetişdirməkdir.
Biz sevinirik ki, gündən-günə
abadlaşan, gözəlləşən Qəbələmizdə
belə gənclərin sayı çoxdur.
Prezident
İlham Əliyev gənclərə olan münasibətini belə
ifadə etmişdir: "Mənim gənclərə xüsusi
münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana
bilərsiniz. Mən də sizə
arxalanıram”. Biz qəbələli gənclər
də hansı sahədə fəaliyyət göstəririksə
göstərək öz Prezidentimizə, onun siyasətinə
arxalanırıq. Bu gün hər bir gənc
Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində
daim rəhbər tutmalı, Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın müstəqilliyinin əbədi
yaşaması üçün yumruğunu bir hədəfə
vurmalıdır.
Savadlı gənc mütəxəssislərin
hazırlanması orta məktəbdən başlayır. Dövlətimiz
bu məsələyə də xüsusi diqqət yetirir.
Son illər yüzlərlə məktəb
tikilib istifadəyə verilib. Bütövlükdə
təhsil infrastrukturu yenilənir. İldən-ilə ali məktəblərə qəbul olan məzunlarımızın
sayı artır. Yetirmələrimiz müxtəlif
müsabiqə və yarışlarda mükafatlar
qazanırlar. Mən də Azərbaycanın
gənc vətəndaşı olaraq xoşbəxtəm ki, belə
bir ölkədə yaşayıram. Dövlətimizlə,
gənclərimizlə, Prezidentimizlə qürur duyuram. Gənc müəllimə olaraq gələcəyimiz
olan şagirdlərə hər zaman bu dövlətə, bu vətənə
layiqli övlad olmalarını aşılamışam və
aşılayacağam. Biz böyüklərimizdən,
ağsaqqal və ağbirçəklərimizdən vətənə
sədaqət, böyüyə hörmət
görmüşük və bu ənənələri davam
etdirərək gələcək nəslə
çatdırmaq borcumuzdur.
Qobustan
Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala
BAYRAMOV bildirdi ki, gündən-günə çiçəklənən
Azərbaycanımız öz tarixinin ən böyük
intibahını yaşamaqdadır:
- Bu
böyük uğuru yalnız el dilində desək, mənəviyyatı
mayıf olanlar görməyə və dərk etməyə
bilər. Ölkənin hər bölgəsində
uğurla həyata keçirilən möhtəşəm
inkişaf bizdən də yan keçmir. Bütün
uğurlarımızın cənab Prezidentin
yaratdığı sabitlik, əmin-amanlıq və
işgüzar şəraitin məntiqi nəticəsi
olduğunu hər kəs anlayır, minnətdarlıq edir.
Çünki bu xarüqələr cənab Prezidentin
işgüzarlığı və təşəbbüsləri
ilə layihələndirilir, sərəncamı ilə maliyyələşdirilir,
yaradılması müntəzəm olaraq nəzarətdə
saxlanılır, yekunu açılışlarla xalqa təqdim
olunur. Bu həqiqətləri duymaq, dəyərləndirmək
özü də bir mənəvi saflıq tələb edir.
İqtisadiyyatın
bütün sahələrindəki
sıçrayışlı inkişaf, yeni iş yerlərinin
yaradılması, xalqın bütün zümrələrinin
qayğı ilə əhatə olunması cənab İlham
Əliyevin hər kəsin Prezidenti olduğunun bariz nümunəsidir.
Ucar Ağsaqqallar Şurasının sədri Mirzalı
AĞAMALIYEV bildirdi ki, Prezident İlham Əliyev xalqın
etimadını əməli fəaliyyəti, xeyirli və gərəkli
işləri ilə daim doğruldub. Bunu ötən 16 ildə Azərbaycanın
inkişafı, insanların həyat səviyyəsinin
yaxşılaşdırılması sübut edir:
- Bu siyasət
indi də davam edir və daha yüksək sürətlə və
əzmkarlıqla. Azərbaycan Prezidenti İlham
Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi
ki, qarşıdan gələn dövrdə əhalinin sosial
rifah halının daha da yüksəldilməsi əsas məsələ
olacaq. Ölkə Prezidentinin verdiyi vədlər
yüksək səviyyədə yerinə yetirilir. Dövlət başçısı 2019-cu ilin birinci
yarısında iki böyük sosial islahatlar paketi təsdiqləyib.
Bu sosial təşəbbüslər 4 milyondan
çox insanı əhatə edir.
Regionların inkişafı ilə bağlı qəbul
edilən müvafiq dövlət proqramları çərçivəsində
görülən işlər bütün sahələrdə
yüksəlişə geniş imkanlar
açmışdır. Regionlarda sahibkarlığın ardıcıl
şəkildə dəstəklənməsi, güzəştli
kreditlərin verilməsi, subsidiyaların həcminin
artırılması, müasir təsərrüfatların
yaradılması, qabaqcıl təcrübənin tətbiqi,
texnika ilə təminatın gücləndirilməsi sayəsində
2019-cu ilin birinci yarısında da uğurlu göstəricilər
əldə olunmuşdur. Rayonumuzda da əldə
olunan nəticələr ürəkaçandır.
Ümumiyyətlə isə, respublikanın bütün
regionları kimi, ötən 16 ildə Ucar rayonu da müasirləşmiş
və zəruri infrastruktur layihələri həyata
keçirilmişdir. Rayonun 30 yaşayış məntəqəsindən
29-u qazla təmin edilmiş, 15 kənddə su təmizləyici
qurğu quraşdırılmış, 13 kəndə
Ağsu-Ucar içməli su xəttindən su verilmişdir.
Rayon ərazisində son illər istifadəyə verilən
broyler quşçuluq kompleksi fəaliyyət göstərməklə,
ötən il rayon ərazisində müasir
tipli Ucar Pambıq Emalı Zavodu tikilib istifadəyə
verilmişdir. Ölkə Prezidentinin sərəncamı
ilə kənd yollarının asfaltlanması ilə əlaqədar
son illərdə üç layihə həyata
keçirilmişdir.
İftixarla demək olar ki, Heydər Əliyev siyasəti
ölkə Prezidenti tərəfindən uğurla davam
etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə ictimai-siyasi sabitlik, əmin-amanlıq ən
yüksək səviyyədə təmin edilmişdir. Biz ağsaqqalların əsas vəzifəsi ölkədəki
sabitliyin qorunmasına çalışmaq, gənclərə
düzgün yol göstərməkdir.
Respublika
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
komissiya sədri Fəttah HEYDƏROV konfransa yekun vuraraq dedi:
- Olduqca
maraqlı, məzmunlu, əhatəli müzakirələr
apardıq. Çıxışlarda səslənən
birmənalı rəy budur ki, Prezident İlham Əliyevin yeni
islahatlar kursu əhali tərəfindən tam dəstəklənir.
Həmçinin son sosial paketlər əhalinin
rifahını əsaslı şəkildə yüksəldib.
Xalq öz rəhbərinə minnətdardır, onun
siyasi kursuna sadiqdir. Hamımız bilirik ki, cənab İlham
Əliyevin lider kimi ən böyük uğurlarından biri
ölkəmizin maraqlarını qətiyyətlə müdafiə
edə bilməsindədir. Möhtərəm
Prezidentimizin arxasında qüdrətli və güclü
dövlət, yumruq kimi birləşən xalq dayanıb.
Məhz bu mənəvi birlik sayəsində
ölkə başçısı Azərbaycanın ən
qüdrətli dövrünün möhtəşəm
tarixini yaradıb.
Azərbaycanı çoxəsrlik dövlətçilik
tarixinin ən möhtəşəm dövrünə
çatdıran lider məhz İlham Əliyevdir. Əbədiyaşar
şəxsiyyət Heydər Əliyevin irəli
sürdüyü "Güclü dövlət-müstəqil
siyasət” tezisi məhz İlham Əliyevin prezidentliyi
dövründə tam mahiyyəti ilə reallaşıb.
Prezident İlham Əliyevin əldə etdiyi böyük
uğurların əsas səbəblərindən biri də
onun qətiyyətli və prinsipial rəhbər
olmasıdır. Prezident daim Azərbaycan dövlətçiliyini
hər cür qəsddən qorumağa qadir siya-sətçi
olduğunu göstərib. Milli maraqlar naminə
cəsarətli qərarlar qəbul etmək
bacarığını nümayiş etdirib.
Yeni sosial-iqtisadi islahatlar konsepsiyası Prezident İlham
Əliyevin hər bir azərbaycanlının Prezidenti
olduğunu növbəti dəfə təsdiqlədi. İslahatların növbəti
mərhələsinin nəticələrinin dövlətimiz və
xalqımız üçün daha uğurlu olacağına
böyük əminlik var. Əgər hansısa işin,
prosesin müəllifi möhtərəm İlham Əliyevdirsə,
demək, o iş yüksək uğurla gedəcək.
Müstəqil Azərbaycan Heydər Əliyev yolu ilə
inamla addımlayır. Hər birimiz tam əminik ki, Prezident
İlham Əliyevin müdrik siyasəti nəticəsində
bu yol əbədiyyətə qədər davam edəcəkdir.
Azərbaycan.- 2019.- 22 sentyabr.- S. 1; 4-5.