8 ayda 8,6 milyard manat
vəsait
Prezident İlham Əliyevin
iqtisadi islahatları Azərbaycanı yerli və xarici investorlar üçün
əlverişli biznes məkanına çevirib
Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli
inkişafı sahəsində
uzunmüddətli və
sistemli fəaliyyət
həyata keçirilir. Aparılan
davamlı iqtisadi islahatlar nəticəsində
qeyri-neft sektorunun inkişafı təmin edilib və bu sahədə əhəmiyyətli dərəcədə
irəliləyişlərə nail olunub. Məhz bunun nəticəsidir ki, dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında
olan Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində
2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,8 faiz, ticarət dövriyyəsi 20 faizdən
çox, qeyri-neft ixracı 17 faiz artıb.
Dövlət özəl sektorun
inkişafına, yerli
və xarici iş adamlarının fəaliyyətinə hərtərəfli
imkanların yaradılması,
iqtisadi mühitin liberallaşdırılması yolu
ilə əlverişli
biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində
bütün zəruri
tədbirləri görür.
Prezident
İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə
vurğuladığı kimi,
iqtisadi göstəricilər
Azərbaycanın düzgün
istiqamətdə inkişaf
etdiyini bir daha təsdiqləyir:
"Biznes mühitinin
yaxşılaşdırılması istiqamətində aparılan
işlər bunu göstərir ki, bu gün iqtisadi
sahədə Azərbaycan
dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır”.
İqtisadi göstəricilərə nəzər
yetirsək bunu aydın şəkildə
görürük. Ona əsasən
deyə bilərik ki, həqiqətən Azərbaycanda əlverişli
biznes, investisiya mühiti mövcuddur.
Sərmayədarların hüquq
və mənafelərinin
qorunması, mülkiyyətin
toxunulmazlığı, yerli
və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə
edilmiş mənfəətdən
maneəsiz istifadə
olunması ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhz bu tədbirlərin nəticəsidir ki, təkcə ötən il iqtisadiyyata 15,3 milyard dollar investisiya yatırılıb.
Bu məbləğin 8,2
milyard dolları xarici investisiyadır.
Dünyada və regionda sərmayə həcmi azaldığı halda Azərbaycanda bu ilin 8 ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün
maliyyə mənbələrindən
əsas kapitala 8 milyard 627,2 milyon manat vəsait yönəldilib. Vəsaitin
66,7 faizi bilavasitə tikinti-quraşdırma
işlərinin dəyəri
olub. Daxili mənbələrdən isə
əsas kapitala yönəldilmiş vəsait
ümumi sərmayənin
70,7 faizini təşkil edib.
Onu da əlavə edək ki, Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran xarici ölkələr sırasında
Rusiya Federasiyası xüsusilə fərqlənir. Sentyabrın 12-də Bakıda keçirilən
Azərbaycan-Rusiya biznes
forumunda qeyd edilib ki, Azərbaycanın
əsas ticarət tərəfdaşlarından biri
olan Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin
təxminən yarısı
ölkəmizin payına
düşür. Rusiya qeyri-neft
məhsullarımızın ixracı üzrə ilk yerdədir. Azərbaycanda 700-dək Rusiya kapitallı
şirkət fəaliyyət
göstərir. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı
həyata keçirilir.
Rusiya şirkətləri
Azərbaycan iqtisadiyyatına
4,7 milyard dollar sərmayə yatırıb.
Azərbaycanın Rusiya
iqtisadiyyatına investisiyası
1,2 milyard dollar təşkil edir.
Ötən 8 ayda ölkəmizin sənaye müəssisələri
və bu sahədə çalışan
fərdi sahibkarların
fəaliyyətini də
müsbət qiymətləndirmək
olar. Çünki müəssisələr
və iş adamları tərəfindən
30,9 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,2 faiz artıb. Sənaye məhsulunun 25,1 faizi emal
sektorunda istehsal olunub.
Ümumilikdə isə müstəqillik illərində ölkə
iqtisadiyyatına yatırılan
investisiyaların həcmi
263 milyard dollar olub ki, bunun da
50 faizdən çoxu
xarici sərmayələrdir. Ölkənin strateji valyuta ehtiyatları 49 milyard dollara yüksəlib.
Bu gün Azərbaycanda
həyata keçirilən
strateji islahatlar davamlı və inklüziv iqtisadi inkişafı şərtləndirən
əsas amillərdəndir. Son illərdə institusional, insan kapitalı və sosial rifah, biznes mühiti,
infrastruktur, kapital əlyetərliliyi və ərtaf mühitin mühafizəsinə yönəlmiş
sistemli və kompleks islahatlar daha intensiv olaraq
həyata keçirilir.
Biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması,
biznesə yeni dəstək mexanizmlərinin
tətbiqi və digər istiqamətlərdə
mühüm tədbirlər
reallaşır, sahibkarlığa
dövlət dəstəyinin
sferası və coğrafiyası genişləndirilir.
Bununla yanaşı, lisenziyalaşdırmanın sadələşdirilməsi,
sahibkarlıq sahəsində
yoxlamaların dayandırılması,
investisiyaların və
ixracın təşviqi
mexanizmlərinin tətbiqi,
güzəştli kreditləşmə
faizinin aşağı
salınması, kiçik
və orta sahibkarlığın inkişafı
tədbirləri, elektron
xidmətlər şəbəkəsinin
genişləndirilməsi, vergi,
gömrük, sosial ödənişlər sisteminin
təkmilləşdirilməsi özəl sektorun iqtisadiyyatda payını daha da artırıb.
Bu ilin ötən dövründə ümumi
dəyəri 404,8 milyon manat olan
investisiya layihələrinin
maliyyələşdirilməsinə 103 milyon manat güzəştli
kredit verilib və həmin investisiya layihələrinin
reallaşdırılması 3500-dək yeni iş yerinin
açılmasına imkan
yaradıb. İlin sonunadək sahibkarlara
daha 120 milyon manat kreditin verilməsi planlaşdırılır.
Prezident İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir
kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumundakı
çıxışı zamanı
dünyanın aparıcı
şirkətlərini işbirliyinə
dəvət edərək
bildirmişdi ki, Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqcıl
biznes mühitlərindən
biridir. Ölkəmizdə
infrastrukturun inkişafına
çox əlverişli
biznes mühitinin yaradılması ilə dəstək verilir:
"Bu gün Azərbaycandakı
biznes mühiti dünyada olan ən qabaqcıl biznes mühitlərindən
biridir. Dünya Bankının ən son
"Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir
və bir il ərzində biz mövqeyimizi əsaslı
şəkildə yaxşılaşdırmışıq.
İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”.
Beynəlxalq təşkilatların hesabatlarına
nəzər yetirdikdə
deyilənlər bir daha təsdiqini tapır. Ümumdünya İqtisadi
Forumu (Davos Forumu), Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil
Dövlətlər Birliyinin
Statistika Komitəsi və digər qurumların hesabatlarında
Azərbaycanda investisiyalar
üçün münasib
biznes mühitinin yaradılması, əcnəbi
sərmayəçilər üçün hökumət
tərəfindən əlverişli
sərmayə imkanlarının
təmin edilməsi, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapıb.
Təkcə bir fakta nəzər
yetirək. Hazırda Azərbaycanda fəaliyyət
göstərən 5 sənaye
parkında investorlar, yəni rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı
tədbirlər tətbiq
edilir. Belə ki, sənaye parklarının rezidentləri
qeydiyyata alındıqları
tarixdən 7 il
müddətinə əmlak,
torpaq, gəlir və ya mənfəət
vergilərindən, istehsal
məqsədilə idxal
etdikləri texnikanın,
texnoloji avadanlıqların
və qurğuların
idxalı zamanı
ƏDV-dən və gömrük rüsumlarından
azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət
vəsaitləri hesabına
müasir infrastruktur yaradılır, sahibkarların
vəsaitlərini investisiya
qoyuluşuna yönəltmələri
stimullaşdırılır.
Avropa İttifaqının ötən
ildəki "Azərbaycan
investisiya məkanı
kimi” sorğusunda iştirak etmiş şirkətlərin 66 faizi
"Azərbaycana yenidən
investisiya qoyardınızmı?”
sualına müsbət
cavab verib, ölkəmizdəki təhlükəsizliyi,
siyasi və sosial sabitliyi yüksək qiymətləndiriblər.
Dünya
Bankının "Doing Business” proqramı çərçivəsində
Azərbaycanın 10 ən
islahatçı ölkə
kimi tanınması və 32 pillə irəliləyərək 25-ci yerdə
qərarlaşması, əlbəttə
ki, Azərbaycandakı
investisiya mühiti ilə bağlı söylənən fikirləri
bir daha təsdiqləyir.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 22 sentyabr.- S. 1; 3.