Azərbaycanın
Müdafiə naziri Belarus
Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Azərbaycan
Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov
ölkəmizdə səfərdə olan Belarus Respublikası
Təhlükəsizlik Şurasının dövlət katibi
Stanislav Zasın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu və dövlətlərimizin başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətlərin müzakirəsi zamanı dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın olduğunu deyən Müdafiə naziri görüşün önəmini vurğulayaraq, bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
Münasibətlərin inkişafından məmnunluğunu ifadə edən S.Zas Belarusun Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətraflı
müzakirə olunub.
Azərbaycan.- 2019.- 22 sentyabr.- S. 2.